Bitkilərin insanlar və heyvanlar kimi yuxuya ehtiyacı ola bilər. Bunu yeni elmi araşdırma iddia edir.
"The Telegraph" qəzeti yazır ki, Birləşmiş Ştatlarda aparılmış elmi təcrübə beyinsiz canlıların da yatmasına dair dəlillər aşkar edib. Bu, alimləri belə bir nəticəyə gətirib çıxarıb ki, yatmaq və ola bilsin yuxu təkcə heyvanlara yox, ümumilikdə həyata aid təməl vərdişlərdən biridir. Təcrübə bütün həyatını başayaq vəziyyətdə okeanın dibində keçirən və arabir titrəyən onurğasız meduza üzərində aparılıb. California Texnoloji İnsititutunun alimlər qrupu meduzaların Cassiopea növünü diqqətlə müşahidə edirdi. Alimlər bu canlıların gecənin müəyyən vaxtlarında nisbətən fəaliyyətsiz hala düşdüyünə diqqət yetiriblər.
Başayaq meduza gün ərzində 58 döyüntü nümayiş etdirsə də, gecə saatlarında döyüntülərin sayı 39-a enirdi. Bu qədim orqanizmin də yuxuya ehtiyacı olması göstərir ki, yatmaq vərdişi təkamülün indiyə qədər düşünüldüyündən daha erkən vaxtlarında yaranıb. Bu faktı ümumiləşdirən alimlər belə bir nəzəriyyə irəli sürüblər ki, yatmaq vərdişi bütün canlı aləmə xas cəhətdir: "Əslində meduzanın yatması niyə qəribə görünməlidir ki? Məməlilər və hətta qurdlar və meyvə bitləri kimi onurğasızlar da yatırlar. Lakin meduzalar təkamül baxımından yatan heyvanların ən qədimidir", deyə təcrübəni aparan alim Ravi Nat bildirib.
Bu tapıntı belə bir mülahizəyə gətirib çıxarır: Yuxu neyronlara aid bir şeydirmi? Bu mülahizə cəsarətli bir sual da doğurur: Elə isə bitkilər də yatırlarmı? Orqanizmin yuxuda olmasını göstərən onun nisbi fəaliyyətsizliyi, bir də kənar təsirlərə zəifləmiş reaksiyası ola bilər. Və nəhayət orqanizm yatmağa ən çox yuxudan məhrum edildikdə can atır.
"Biz insanlar yatanda qeyri-fəalıq və bəzən səs-küylü şəraitdə də yuxuya gedə bilirik. Digər tərəfdən əgər gecə kifayət qədər yatmamışıqsa, gündüz də yuxuya gedə bilirik. Biz meduzadan tamamilə fərqlənə bilərik, amma ikimizin də yatmağa ehtiyacımız var", deyə bu təcrübədə iştirak edən başqa bir alim Cler Bedbruk vurğulayıb.
Bu ilin əvvəllərində bir meşəçi iddia etmişdi ki, Britaniya şəhərlərinin küçələrindəki ağaclar elektrik işığında gecə-gündüz tsiklindən və ya "yuxudan" məhrum edildiklərinə görə erkən quruyurlar. Peter Volleben demişdi ki, məhz buna görə də eyni növdən olan ağaclar kənd yerlərində şəhərdəkindən daha uzun ömür yaşayır. (BBC)