XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 10:08

Yaşlı insanların qayğısına qalan robot hazırlanıb- Çində

Çinin robot istehsalı üzrə qabaqcıl şirkətlərindən olan “Siasun” yaşlı insanlara xidmət edəcək robot hazırlayıb.

Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bir metrə yaxın boyu olan robot evdə yalnız qalan yaşlı insanın fotoşəkillərini övladlarının və yaxınlarının monitoruna göndərəcək. Beləliklə, övladlar valideynlərinin hərəkətlərini, xüsusən də sağlamlıq vəziyyətlərini nəzarətdə saxlaya biləcəklər.

Şenyan şəhərində keçirilən yaşlı insanlar üçün xidmət sərgisində ictimaiyyətə təqdim olunan robot səslə idarə olunur.

Şirkətin baş meneceri Dun Cuan bildirib ki, bulud kompyuter texnologiyası əsasında çalışan robot istifadəçilərə, xüsusən xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı və tənha insanlara xidmət üçün nəzərdə tutulub.

Bildirilir ki, robotun məhz Şenyandakı şirkətlərin hazırlaması yaşı 60-dan yuxarı olan insanların şəhər əhalisinin 23 faizini təşkil etməsi və beləliklə, bu cür texnologiyalara tələbatın böyük olması ilə bağlıdır. “Siasun” mütəxəssisləri şirkətin sənaye robotları, “ağıllı” istehsal avadanlığı və xidmət robotları buraxılışı sayının bu il 20 minə çatacağını güman edirlər.