Çinin “Baidu” şirkəti Pekindən 100 kilometr məsafədə yerləşəcək “gələcəyin şəhərini” qurmağı planlaşdırır.
Azərtac hi-news.ru saytına istinadla xəbər verir ki, şəhərin tikintisi, ilk növbədə, süni intellekt texnologiyaları ilə bağlı sınaqların keçirilməsi üçün test meydançası kimi nəzərdə tutulan “Xiongan New Area” yeni iqtisadi zonası çərçivəsində həyata keçiriləcək. Genişmiqyaslı şəhərsalma layihəsi sıx məskunlaşmış Pekin şəhərinin boşaldılması, “ekoloji təmiz və texnologiya baxımından inkişaf etmiş şəhər”in yaradılması məqsədlərinə xidmət edir. Öncə şəhərin sahəsi 100 kvadratkilometr təşkil edəcək, sonra isə 2 min kvadratkilometrə qədər genişləndiriləcək. Bu ərazidə 2-2,5 milyona qədər insan yerləşdirilə bilər.
Yeni şəhərdə müasir infrastruktur nəzərdə tutulub. Şəhərin bir çox obyektləri və kommunikasiya sistemi süni intellekt imkanlarına malik xüsusi neyroşəbəkə vasitəsilə idarə olunacaq.