XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Aprel 2018 - 01:47

“Misir padşahı”na bu il oruc tutmamaq icazəsi verildi –FOTO/VİDEO

Misirin baş müftisi Şeyx Allam futbol üzrə milli komandanın üzvlərinə Dünya Çempionatının final mərhələsinə hazırlıq zamanı orucu ertələməyə icazə verib.

Dünya Çempionatı iyunun 15-dən iyulun 14-dək Rusiyada keçiriləcək.

Misir hazırda İngiltərənin “Liverpool” komandasında oynayan Muhəmməd Salah və onun milli komandadakı yoldaşlarına böyük ümidlər bəsləyir.

Muhəmməd Salahı artıq Messi, Ronaldo kimi superulduzlarla müqayisə etməyə başlayıblar.

İngiltərə mətbuatı ona “Misir padşahı” adı qoyub. O, bu mövsümdə 47 oyunda 43 top vurub və “Qızıl top”a əsas namizədlərdən sayılır.

“Liverpool” Çempionlar Liqasının yarımfinalında ilk qarşılaşmada İtaliyanın “Roma” klubunu 5-2 məğlub edib və finala çıxmaq şansı böyükdür.

Ramazan mayın 15-də başlayıb iyunun 14-ə qədər davam edəcək.

Əgər “Liverpool” Çempionlar Liqasının finalına çıxsa, komandanın 3 müsəlman futbolçusu Muhəmməd Salah, Sadio Mane və Emre Can dilemma qarşısında qalacaqlar.

Final mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Müsəlman futbolçular final ərəfəsində oruc tutsalar, bu, onların performansına təsir edə bilər.

Salah 2014-cü ildə İngiltərənin “Çelsi” komandasında çıxış edərkən etiraf etmişdi ki, orucla mövsümqabağı hazırlığı uzlaşdırmaq çətindir: “Sən gündə iki dəfə məşq edirsənsə, ikinci məşq ərəfəsində enerjin çox azalır. Amma oruc mənim üçün xüsusi əhəmiyyətə malikdir. Özümü yaxşı hiss edirəm”.

“Liverpool”un baş məşqçisi Jürgen Klopp mediaya deyib ki, Salah, Mane və Can peşəkar futbolçunun öhdəsinə düşənləri etməklə yanaşı həm də öz inanclarına xas ayinləri icra edirlər: “Salah müsəlmandır və müsəlmanların etdiklərini o da edir. Yəni oyundan əvvəl dəstəmaz alır və s. Komanda soyunub-geyinmə otağına 1-2 dəqiqə tez gəlir ki, onlar oyuna rahat hazırlaşa bilsinlər”.

Muhəmməd Salahın ərəb dünyasında nə dərəcədə məşhur olduğunu deməyə ehtiyac yoxdur.

Səudiyyə Ərəbistanının mətbuatı yazır ki, yüksək vəzifəli məmurlardan biri Salaha mükafat da vəd edib. Əgər FİFA-nın “İlin oyunçusu” adını qazansa, ona müqəddəs Məkkə şəhərində torpaq sahəsi təklif ediləcək.

Son 2 ildə bu mükafatı “Real”dan Kristiano Ronaldo alıb.

Azadlıq Radiosu