XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 May 2018 - 02:00

Əfqanıstanda da ipəkdən “Quran” hazırlandı –38 kalliqraf və rəssam bu iş üzərində 2 il işləyib

Əfqanıstanda ipək materialdan nadir “Quran” hazırlanıb.

Bu əsərin ölkənin əsrlərlə yaşı olan xəttatlıq (kalliqrafiya) ənənəsini qoruyub saxlayacağı güman edilir.

“Frans Pres” agentliyi yazır ki, müqəddəs kitabın 610 səhifəsi əllə hazırlanıb. Ağır zəhmət tələb edən işi iki ilə yaxın müddət ərzində miniatür sənəti üzrə ixtisaslaşmış 38 kalliqraf və rəssam həyata keçirib.

Cildi keçi dərisindən hazırlanmış “Quran”ın çəkisi 8,6 kiloqramdır. Müqəddəs kitabı Britaniyanın Kabildəki “Turquoise Mountain” fondunda təlim keçmiş əfqan sənətkarlar ərsəyə gətirib.

Niyyətimiz xəttatlığın bu ölkədə ölmədiyini təmin etmək idi – yazı mədəniyyətimizin bir hissəsidir”, – 66 yaşlı xəttat Xuvaja Qamaruddin Çişti agentliyə deyib.

“İncəsənətə qiymət qoya bilmərik. Allah bizə bu işi etibar edib… bu, bizdən ötrü maliyyədən çox şey deməkdir”, – Çişti deyib.

Çişti və həmkarları iki gün ərzində “Quran”ın surələrini bir kağıza köçürüblər, səhv edəndə təzədən başlamalı olublar.

Onlar islamın yarandığı ilk dövrlərə aid nəsx qrafikasından istifadə ediblər, çünki bu, oxumağa və yazmağa daha asandır. Yazının ətrafındakı dekorasiya daha çox vaxt alıb, hər səhifəni bitirməyə həftədən də çox vaxt sərf ediblər.

Sənətkarlar təbii materiallardan alınmış rənglərdən istifadə ediblər.

Britaniyanın “Turquoise Mountain” fondu Kabildə 2006-cı ildən işləyir, məqsədi qədim əfqan sənət növlərini, keramikanı, xalçaçılığı, kalliqrafiyanı qorumaqdır.

Fond ümid edir ki, ipək “Quran” əlyazma dini mətnlərinə tələb yaradacaq və bu da sənətkarları işlə təmin edəcək.

“Quranın ipək üzərinə köçürülməsi çox nadir hadisədir”, – fondun ölkə direktoru Nathan Stroup “Frans Pres”ə deyib.

İndilik, bu müqəddəs kitab qoz ağacından hazırlanmış qutuda saxlanacaq.

“Əgər Səudiyyə şahzadəsi, yaxud Londonda kitab kolleksiyaçısı maraq göstərsə, 100 min – 200 min dollar arası qiymət haqda düşünə bilərik”, – Stroup deyib.

azadliq.org