“Qlobal Emosiyalar Hesabatı 2018” açıqlanıb. “Gallup” sorğu institutu ötən il 145-dən artıq ölkədə 154 min müsahibə aparıb, adamların gündəlik müsbət və mənfi emosiyalarını öyrənib.
Dünyada müsbət emosiyaların azaldığı üzə çıxıb.
147 ölkədə yetkin yaşlılardan soruşublar ki, sorğudan bir gün öncə beş müsbət emosiyanı yaşayıblarmı. Rəyi soruşulanların azı 70 faizi deyib ki, yaxşıca əyləniblər, bolluca gülüblər, ya da gülümsəyiblər, yaxşı dincəliblər və başqalarının onlara sayqı ilə yanaşdığını hiss edirlər.
Adamlar adətən bir gün öncə nəsə öyrəndiklərini, yaxud maraqlı bir iş gördüklərini az hallarda dilə gətirirlər. Ötən il 46 faiz belə deyib.
“Gallup” bayaqkı suallara “bəli” cavablarını toplayaraq hər bir ölkə üçün Müsbət Yaşantı İndeksini tərtib edir. Dünya üzrə ortalama göstərici artıq ikinci ildir düşür, 69-dur.
Ən müsbət emosiyalı ölkə Paraqvay, mənfi isə Əfqanıstan imiş. Paraqvay 2015, 2016-cı illərdə də liderlik edib.
Ötən il dünyada mənfi emosiyaların çəkisinin isə artdığı üzə çıxıb. 146 ölkədə hər üç adamdan azı biri deyib ki, xeyli narahat olublar (38%), stress keçiriblər (37%). Hər 10 nəfərdən üçü isə böyük fiziki ağrı yaşayıb (31%). Hər beş nəfərdən azı biri kədərlənib (23%), yaxud qəzəblənib (20%).
Ümumilikdə götürəndə, bir il öncəylə müqayisədə narahatlıq və stress səviyyəsinin iki faiz, kədər və fiziki ağrının isə hərəyə bir vahid yüksəldiyi görünür. Qəzəblənmək səviyyəsi dəyişməz qalıb.
Bu sadalanan suallara cavablar əsasında tərtib olunan Mənfi Yaşantı İndeksi ötən il yeni həddə – 30-a yüksəlib. Ən yüksək indeks Mərkəzi Afrika Respublikasındadır – 61. Ən aşağı neqativ emosiya indeksi (16) Qırğızıstan və Tayvanda qeydə alınıb.
Azərbaycan da neqativ emosiyaların aşağı səviyyədə olduğu ölkələr içində yer alıb. Özbəkistanla birlikdə indeksi 19-dur. Estoniyanın indeksi 18, Qazaxıstanınkı 17-dir.