XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 16:38

“Instagram” – ın rəhbərləri istefa verdi – "Facebook"-da nələr baş verir?

“Instagram” şəbəkəsinin qurucuları Kevin Systrom və Mayk Krieger istefa veriblər. Onlar uyğun olaraq sosial şəbəkənin rəhbəri (CEO) və baş texniki rəhbəri vəzifəsini tuturdular. “Reuters” yazır ki, sosial şəbəkə bu addımın səbəbini düz-əməlli izah da etməyib.

“Instagram” “Facebook”-un gəlirləri sürətlə artan xidmətidir. Bir neçə ay öncə isə “Facebook”-a məxsus “WhatsApp” mesajlaşma əlavəsinin yaradıcılarından Jan Koum da vəzifəsindən gedib.

Bu arada “Facebook”-un əsas platforması müştərilərin məlumatlarının qorunması məsələsindən dolayı təzyiq altındadır. Sosial şəbəkə saxta informasiyanın yayılmamasını önləməyə çalışır. Gənc istifadəçilər isə ailə üzvləri və dostları ilə əlaqə saxlamaqdan ötrü alternativ kanallara üz tuturlar.

Systrom bazar ertəsi bloqunda yazıb ki, Krieger ilə birlikdə fasilə götürməyi, “maraq və kreativliyimizi tədqiq etməyi” planlaşdırırlar.

“Bloomberg”-in yazmasına görə, bundan öncə Facebook rəhbəri Mark Zuckerberglə “Instagram”-ın idarəçiliyi üzrə vaxtaşırı toqquşmalar yaşanıb. Zuckerberg bəyanatında bu iki şəxsi qeyri-adi məhsul liderləri adlandırıb.

“Son altı ildə onlarla birlikdə işləməkdən çox şey öyrənmişəm və bundan doğrudan zövq almışam. Onlara uğurlar arzulayır, bundan sonra nə quracaqlarını səbirsizliklə gözləyirəm”– Zuckerberg deyib.

Koum “WhatsApp”-dan mayda gedib, ondan öncə isə həmtəsisçi Brian Akton istefa verib.

“Reuters” yazır ki, sonucda “Facebook” rəhbərliyində yerdəyişmələr baş verir və Zuckerberg getdikcə gündəlik əməliyyatlara daha çox təsir göstərir. Zuckerbergin dostu, “Facebook”-da proqram məhsulları üzrə menecer Kris Kox “WhatsApp” və “Instagram”-a nəzarəti ələ alıb. Axı, “Facebook” bu xidmətləri alanda onlara müstəqillik verilmişdi.

“Facebook”-da xəbər lentinə cavabdeh, on il Zuckerberglə yaxından işləmiş Adam Mosseri “Instagram”-da proqram məhsullarının başına keçib.

“Instagram” və “Facebook” indiyədək müstəqil işləyib, bir-birinə dəyib-dolaşmayıblar. Amma “Facebook”-a təzyiq artdıqca Zuckerberg və digər liderlər əsas platformadan kənar xidmətlərə də nəzarət etməli olublar. Söhbət fərdi gizliliyin qorunmasından, sosial mediadan asılılıqla mübarizədən, dezinformasiya və saxta xəbərlərin önlənməsindən gedir.

“Facebook” “Instagram”-ı 2012-ci ildə 1 milyard dollara alıb. Bu foto-paylaşım əlavəsinin hazırda ayda 1 milyardddan çox aktiv istifadəçisi var.

Bu il “Instagram”-ın gəlirlərinin 8 milyard dolları keçəcəyi gözlənir. Bunu “EMarketer” reklam konsultasiya şirkətinin məlumatına əsasən demək olar.

(Azadlıq radiosu)