Macarıstan “dünyanın ən yaxşıları” silsiləsindən olan siyahıya daha bir xal əlavə edib. “World Bread Awards” müsabiqəsinin builki nominasiyasında “əsl çörək” kateqoriyası üzrə mükafata macar çörəkbişirən İştvan Nadxazinin “Fransız xəmiri” layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “World Bread Awards” müsabiqəsi 2013-cü ildən bəri Londondan keçirilir və Böyük Britaniyanın bütün çörəkbişirənləri (hətta həvəskarlar) üçün açıqdır. Müsabiqədə uşaqlar da iştirak edə bilərlər. Builki mükafatın laureatı İştvan Nadxazi yeddi il əvvəl ailəsi ilə birlikdə Britaniyaya köçüb və “Gail” çörəkxanasında işləməyə başlayıb. Sonra “Ms Bakery” adlı ailə biznesi yaradan macar çörəkbişirən öz məhsulunu müsabiqənin münsiflər heyətinin qarşısına çıxarmağa qərar verib.
Son onillikdə çörəkçi fenomeni daha geniş yayılıb. “World Bread Awards” müsabiqəsinin əsas məqsədi də çörəkbişirmə üzrə peşəkarlığın təkmilləşdirilməsi üçün ustalara dəstək verilməsi, onların təcrübəsinin gələcək nəsillərə çatdırılmasıdır.