Koç bir ailədir. Amma bir ildə qazandıqları Azərbaycanın 4-5 illik büdcəsi qədərdir. Üstəlik, bizim kimi neftləri, qazları da yoxdur. Əksinə, holdinqin təməllərini atan Əhməd Vəhbi Koç işə baqqallıqdan başlayıb. Adi bir baqqaldan dünyanın ən zənginlərindən birinə çevrilməyi, sözsüz ki, iqtisadi xariqə saymaq olar.
Bəs, Koç ailəsinin bu qədər sərvətə sahib olmalarının sirrini öyrənmək istəyirsinizmi?
Gəlin, o zaman məsələyə dünən rəhmətə gedən Mustafa Koçun nəzərləriylə baxaq. Rəhmətlik müsahibələrinin birində jurnalistin "deyəsən, sizin prinsiplərinizdən biri də gəlin və kürəkənləri işlə təmin etməməkdir. Bu fikir nə qədər doğrudur?" sualına belə cavab verirdi:
"Mümkün olduğu qədər daha çox professionalların işin başında olmasını istəyirik; ən uyğun mövqeyə ən yaxşı idarəçini gətirmək. Məqsədimiz şirkət dəyərini ən yüksək səviyyədə tutmaqdır. Bir işin içinə ailə fərdləri girincə, onu ən yaxşı şəkildə icra etməyin çətin olduğu qənaətinə gəldik. Onlar istəyirlərsə, öz işlərini qurarlar, amma şirkət içində çalışmamaları kimi ortaq bir prinsipimiz var".