Türkiyənin dünyaca məşhur tarixi yerlərindən biri də İstanbulun Topqapı Sarayıdır. Bu möhtəşəm tikilinin təməli Fatih Sultan Mehmet tərəfindən İstanbul fəth olunduqdan sonra 1460-cı ildə qoyulub. Sarayın inşası 18 il davam edib və 1478-ci ildə tamamlanıb.
İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən bu tikili 700 min kvadratmetrlik ərazidə inşa edilib. Topqapı Sarayının tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə edilib.
Topqapı Sarayı 624 illik Osmanlı tarixinin 400 ilini imperatorluğun olduqca vacib bir yeri olaraq fəaliyyət göstərib. Fatih Sultan Mehmetin hakimiyyəti illərindən başlayaraq Sultan Abdülmecidə qədər dörd yüz il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi olub.
Türkiyə Respublikası elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey olaraq fəaliyyətə başlayan bu tarixi məkan “Cümhuriyyətin ilk muzeyi” adını qazanıb. Topqapı Sarayı, eyni zamanda, dünyanın ən böyük saray-muzey kompleksidir.
Muzeydə Osmanlı imperatorluğuna aid memarlıq abidələri, əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır.
“Bab-ı Hümayun”, “Babüsselam” və “Babüssaade” adlı üç əsas qapısı olan Topqapı Sarayı bağçalar və meydanlarla əhatə olunub. Saray bir-birinin içindən keçilən dörd həyətdən ibarətdir.
Sarayın ilk həyəti Osmanlı imperatorluğu dövründə hərbi vəsaitin saxlanıldığı yer olub. Burada, eyni zamanda, 330-cu illərdə inşa edilən “Aya İrini Kilsəsi” kimi binalar da yerləşir.
Sarayın ikinci həyəti isə dövlət idarəçiliyi binalarından ibarətdir. Tarixboyu bir çox rəsmi mərasimlərə şahid olan bu həyətdə imperatorluğun xəzinəsi də yer alır. Rəsmi mərasimlərin keçirildiyi əsas binanın arxasında isə sultanın ədalətinin rəmzi olan “Ədalət Qülləsi” yerləşir.
Sarayın hərəm hissəsinin girişi isə qüllənin yanındadır. Buradan tikilinin üçüncü həyətinə də keçmək olur. Sultanların ailə fərdlərinə aid olan bu həyətdə Sultan II Muradın zamanında inşa edilən saray məktəbi də yer alır.
Sultanlar tərəfindən yığıncaqların keçirildiyi, yerli və xarici elçilərin qəbul olunduğu “Ərz Otağı”, “Enderun” xəzinəsi, “Fatih Köşkü” kimi tikililər də məhz bu həyətdədir. Burada, eyni zamanda, “Seferli”, “Xəzinəli”, “Böyük” və “Kiçik” otaq adlandırılan saray məktəbinin hissələri də yerləşir.
Buradan xüsusi bağçalar və padşaha aid köşklərin yerləşdiyi dördüncü həyətə keçmək mümkündür. Osmanlı İmperiyasının klassik memarlıq mədəniyyətinin ən əsas əsərlərindən olan “Bağdat” və “Revan” köşkləri, “İftariye” və “Sofa” məscidləri, “Qara Mustafa Paşa Köşkü”, “Həkim Başı Qülləsi” kimi tanınan tikililər də məhz bu həyətdə yer alır.
Tarixi boyu bir çox hadisələrə şahid olan sarayın bir hissəsi 1574-cü ildə baş vermiş yanğın zamanı ciddi zərər görür. Bu səbəbdən Sultan II Səlimin əmri ilə tikilinin mətbəx, hərəm və ərz otaqları o zamanın tanınmış şəxsiyyətlərindən olan Memar Sinan tərəfindən bərpa işləri aparılıb.
Hazırda hər gün minlərlə insanın ziyarət etdiyi bu məkan İstanbulun ən çox turist qəbul edən yerlərindən biridir. Tarixi xüsusiyyətləri, memarlıq üslubu ilə yanaşı, gözəlliyi ilə də istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib(azərtac).