Cənubi Koreyada “canlı cənazə” adlı maraqlı terapiya keçirilir: minlərlə insan həyatın dəyərini anlamaq üçün tabutun içərisinə girir.
Yeddi il müddətində bu terapiyaya 25 min koreyalı qatılıb. Reuters agentliyinin xəbərində bildirilir ki, iştirakçılar bu xalqın cənazə geyimində 10 dəqiqə tabutun içərisində qalırlar.
Qeyd olunur ki, paytaxt Seulda keçirilən seanslarda yetkinlik yaşına çatmışlardan tutmuş ahıllara qədər hər yaş qrupundan olan insanlar iştirak edirlər. Çoi Cin-kyu adlı tələbə bildirib ki, seanslardan sonra həyata başqa gözlə baxmağa başlayıb. Onun sözlərinə görə, əvvəllər ətrafdakı insanlara bir dost olaraq deyil, öhdəsindən gəlinməsi lazım olan rəqib kimi baxırmış, tabutun içərisinə girdikdən sonra isə bunun mənasız olduğunu başa düşüb. Ço Cae-hi adlı 75 yaşlı qadın isə deyib ki, yaxşı bir həyat üçün hər dəqiqə ölümə hazır olmaq gərək olduğunu anlayıb. O əlavə edib ki, ölümün real olduğunu dərk etdikdən sonra dünyaya baxışınızda yeni mövqe yaranır və seans həyatdan ayrılmaq üçün ən yaxşı yolu göstərir.
Seansda iştirak edənlər tabutların yanında vəsiyyətlərini və matəm mərasimində götürüləcək fotoşəkillərini də qoyurlar. Terapiya keçirən mərkəzin rəhbəri Yonq-mun qeyd edib ki, pulsuz olan bu seanslar insanlara həyatın qədrini bilməyə, günahları üçün əfv diləməyə və ətrafdakı insanlarla daha mehriban olmağa kömək edir. Onun sözlərinə görə, hamımız matım mərasimində ailə üzvlərinin hər şeyi unudub bir-biri ilə barışdığını görürük, lakin onların bu səmimiyyətinin belə gec baş verməsi təəssüf doğurur. “Seanslar insanların incitdiyi yaxınlarından dərhal üzr istəməsi və həyatının qalan hissəsini onlara mehribanlıq şəraitində keçirmələri baxımından bu təcrübə çox mühümdür”,- deyə o əlavə edib.
Dünyanın ən böyük 11 iqtisadiyyatından birinə malik olan Cənubi Koreyada son məlumatlara görə, son illərdə intiharların sayı iki dəfə artıb. Bunun əsas səbəbinin insanların stress vəziyyətində olduğu bildirilir(azərtac).