XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 20:22

Dadlı limon, qeyri-adi qayğanaq– Ordubaddan REPORTAJ (FOTOLAR)

limon

"Azərbaycanın incisi" Ordubad… Bu diyar fərqli təbiəti, iqlimi, abidələri, milli-memarlıq nümunələri ilə tanınır. Şəhərin memarlıq quruluşu 17-ci əsrdə necə idisə, indi də həmin qədimliyini saxlayır. Ordubadı səciyyələndirən həm də onun köhnə məhəllələridir: Sərşəhər, Ambaras, Mingis… Hər məhəllənin öz meydanı, məscidi, çarhovuzu, çeşməsi, hamamı var.

Ağız büzməyən limon

Ordubadı tanıdan təkcə qədim memarlığı deyil. İqlimi qeyri-adi olduğu üçün buranın meyvələri də dadlı olur. Yəqin ki, çoxları Ordubadın quru meyvələrinin dadına baxıb və ləzzətini bilir. Onların arasında Ordubad limonunu xüsusi qeyd etmək lazımdır, çünki onun bir çox özəllikləri var. Bu limonu hətta qabığı ilə yesəniz, nə ağız büzər, nə də arterial təzyiqə ciddi təsir edər.

Ordubadda, demək olar, hər həyətdə limon yetişdirilir. Aşağı Nəmiş kənd icra nümayəndəsi Hikmət Nəsirov deyir ki, Ordubad limonu çox qədim zamanlardan ev şəraitində yetişdirilir. Limon ağacı dibçəklərdə əkilir. Dibçəklər nə çox işıqlı, nə də çox kölgəli yerdə olmalıdır. Limon ağacı yayda hər gün, qışda isə həftədə bir dəfə sulanmalıdır. Qış vaxtı onu açıq havada saxlamaq mümkün deyil. Odur ki, ya evlərin zirzəmilərində, ya da xüsusi istixanalarda saxlanılır. Bu yerlərin işıqlanması da, istiliyə də normal səviyyədə olmalıdır, yoxsa, ağac yarpaqlarını tökə bilər.

Limon ağacı adətən bir metr yarımdan hündür olur. Yaxşı qulluq etdikdə, bir ağac 15-30 ədəd limon verir. Bir limonun qiyməti bazarda təxminən 5 manatdan başlayır, böyük limonlar hətta 15 manata satılır. Ordubad limonunu dadandan sonra ona verilən pula görə hələ ki heyfsilənən olmayıb.

Ordubad qayğanağı

Ordubad mətbəxinin nümunələrini də başqa heç yerdə dadmaq mümkün deyil. Onları hazırlamağın reseptini yalnız burada öyrənmək olar. Amma həmin dadı əldə etmək üçün ustalıq lazımdır. Məsələn, Ordubad qayğanağı adından sadə görünsə də, hazırlanması çox çətindir. Çünki bu, öyrəşdiyimiz adi qayğanaq deyil, xeyli vaxt və zəhmət bahasına başa gəlir. Təsəvvür edin: onun hazırlanmasına nə az, nə çox, düz 2 kiloqram kərə yağı, 18 yumurta və 1 stəkan baldan hazırlanmış şirə lazımdır. Ordubadın məşhur aşpazlarından olan Asiman Tağıyev deyir ki, bu qayğanaqdan səhər bir dilim yedinsə, axşamadək aclıq hiss etmirsən.

Ordubad hər baxımdan görməli yerdir. Orta əsr şəhəri görmək, qeyri-adi təamları dadmaq, təbiət qoynunda dincəlmək istəyən Ordubada gələ bilər. Qədim məhəllələr insanda çox böyük təəssürat yaradır. Qədim evlərin qalıqları, köhnə qapılar… İndi də görəni təəccübləndirən taqqılbablara yalnız burada rast gəlmək olar. Odur ki, həm gəzib görmək və dincəlmək, həm də ağız dadını dəyişmək üçün Ordubad ən gözəl seçimdir.

 

Azərtac