Piyada gəzməyin nə qədər faydalı olduğunu bilməyən insan yoxdur. İstər yavaş, istərsə də sürətli yeriş olsun, hər ikisinin insan orqanizminin sağlamlığının qorunub saxlanmasında faydalı olması ilə bağlı kifayət qədər deyilib və yazılıb.
Mütəxəssislər hesab edir ki, üzgüçülüklə məşğul olmaq piyada gəzməkdən daha çox faydalıdı. Hətta üzməyin faydasının saymaqla bitməyəcəyini deyənlər də var. Bu isti yay günlərində həm sağlamlığa xidmət edən, həm sərinləşdirici vasitə və həm də ən yaxşı əyləncələrdən olan üzməyin faydalarından bəzilərinə diqqət edək:
Fiziki təsiri
üzmək başdan-ayağa bütün orqanizmi çalışdırır. Bu prosesdə orqanizmin bütün üzvləri iştirak etdiyi üçün, insan orqanizminin hər bir üzvü kalori itirir. üzməyin növündən asılı olmayaraq, üzən zaman orqanizmdə olan bütün əzələlər çalışır. üzərkən boyun, çiyin, qol, qıç və bel hərəkətli olduğu üçün elastikliyini qoruyub saxlayır. Eyni vaxtda orqanizmin bir neçə üzvünün hərəkətə gətirilməsi sonucunda, bu prosesdə beyin də iştirak edər, nəticədə orqanizm arasında koordinasiya meydana gələr.
Mənəvi təsiri
Az öncə dediyimiz kimi, üzgüçülük zamanı orqanizmin ayrı-ayrı hissələri eyni zamanda çalışmalı olduğu üçün, bu prosesdə beyin də fəal iştirak edər. Mənfi enerji ilə yüklənmiş və özünü çox qəmgin hiss edən insan bir neçə dəqiqə üzərsə, əhvalında müsbətə doğru dəyişikliyin olduğunu hiss edəcək. üzmək depressiyanı və əsəbi də aradan qaldıra biləcək ən yaxşı vasitədi. Bundan başqa, dünyaya gələcək uşağın daha sağlam olması üçün hamilə qadınlara məsləhət oluna biləcək ən yaxşı üsul üzməklə məşğul olmaqdır. üzgüçülük təkcə fiziki deyil, həm də ruhi-mənəvi sağlamlığın təmin olunması üçün əvəzsiz vasitədir.
Sağlamlığa təsiri
Mütəxəssislər ürəyin sağlamlığını qoruyub saxlamaq üçün də ən yaxşı vasitənin üzgüçülük olduğunu qeyd edirlər. Müntəzəm məşğul olunarsa, üzgüçülük infarkt riskini aradan qaldıra biləcək ən yaxşı üsuldur. Araşdırmalar göstərir ki, üzgüçülük insan ömrünün uzanmasına səbəb olur. Aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, ayrı-ayrı idman növləri ilə məşğul olan orta yaşlı insanlar arasında ən az ölüm ehtimalı olanlar məhz üzgüçülüklə məşğul olanlardır. üzgüçülük yaş artıqca yarana biləcək sümük xəstəliklərinin yaranmasına imkan vermir, ağciyərlərin funksiyalarını artırır, xolestrinin yaranmasının qarşısını alır, qan təzyiqini normada saxlamağa ciddi kömək edir. Müntəzəm üzgüçülüklə məşğul olan adamlarda oynaq xəstəliklərinin meydana gəlməsi ehtimalı çox aşağı olur. Eyni zamanda bu xəstəliyə tutulmuş insanın üzgüçülüklə məşğul olması, ağrıların azalmasına və xəstəliyin tədricən aradan qaldırılmasına faydalı təsir göstərir.
Mənfi təsiri də ola bilər:
üzməklə məşğul olmaq bütün hallarda faydalıdır. Lakin bu zaman sərt və çox tələsik hərəkət etmək olmaz. Hər bir davranışda olduğu kimi, üzmə zamanı da ehtiyatlı olmağın faydası var.
Namiq
Strateq.az