Rusiyanın dünya şöhrətli "Kalaşnikov" avtomat silahlarının istehsalçısı olan "Kalaşnikov" konserni Moskva vilayətində keçirilən "Ordu-2016" Forumunda ilk dəfə olaraq yeni nəsil snayper tüfənglərini – SVK (CBK) və VSV-338 (BCB-338) silahlarını nümayiş etdirib.
Rusiya xüsusi təyinatlılarının snayperlərinin arzusu nəzərə alınaraq işlənib hazırlanan kompakt özüdoldurulan snayper tüfəngi – SVK iki cür patron atır. Bu tüfəng həm yerli istehsal olan 7.62×54R gülləsi ilə, həm də dünyada ən çox yayılan tüfəng patronu olan 7.62×51 NАТО patronu ilə işləyir.
Hal-hazırda snayper tüfənginin prototipləri zavod yoxlanışından keçirilir. Perspektivdə SVK snayper tüfəngi model xəttində olan SVD-ni əvəz etməlidir.
VSV-338 snayper tüfəngi isə “338 Lapua Magnum” patronu işlədir. Bu tüfəng ordu və polis snayperlərinin hər cür hava şəraitində 1,5 kilometrə qədər uzaqlıqda istifadəsi üçün nəzərdə tutulub. (APA)