XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 15:21

Səfəvilərin Azərbaycan dövləti olduğunu sübut edən alimin ömür yoluna qısa baxış –Oqtay Əfəndiyev kimdir?

sahin-fazil-2

Şahin Fazil,

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor

 

Şərqşünas tarixçi və coğrafiyaşünas Əbdülkərim Yusif oğlu Əfəndiyevin oğlu olan şərqşünas tarixçi Oqtay Əfəndiyev haqqında yazmaq mənim üçün çox xoşdur. O, 90 il bundan əvvəl, bahar fəslinin ilk günlərinin birində, dəqiq desək, 26 mart 1926-cı ildə Bakı şəhərində dünyaya gəlmiş, cocuqluq dövrünü burada arxada qoymuş, orta məktəbi müharibənin bitən ilində bitirmiş və Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. Oqtay müəllimin Azərbaycandakı təhsilinin başlanğıcı uzun sürməmiş və o, Moskva Şərq İnstitutunun tələbəsi olmuşdur.

Diqqət yetirdinizmi? Ata və balanın hər ikisinin təhsil istiqaməti şərqşünaslığa doğru yönəlmiş, Əbdülkərim Yusif oğlu Bakıda, Oqtay Əbdülkərim oğlu Moskvada Şərq dillərinə, konkret desək fars dilinə mükəmməl yiyələnmişlər. Görkəmli rus şərqşünaslarından dərs alan Oqtay müəllim onlardan əxz etdiyi elmi dəqiqlik vərdişinə həmişə sadiq qalmış və həmin vərdişi öz tələbə və aspirantlarına, o cümlədən bu sətirlər müəllifinə də təqdim etmişdir.

1951-ci ildə Moskva təhsilini bitirən, lakin yenə də orada qalan Oqtay Əbdülkərim oğlunu heç vəchlə təhsildən ayırmaq mümkün olmamış və təhsildə bərk inadkarlığı olan bu gənc oğlan SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuş, 1955-ci ildə Moskvada öz namizədlik dissertasiyasını müdafiə etmişdir. Elə həmin il qəriblikdən doğma Bakıya qayıdan Oqtay müəllim Azərbaycan EA Tarix İnstitutunda əvvəlcə kiçik (1956), kiçiklikdən başçılığa keçmiş və tezliklə özünün kiçik elmi dərəcəsini baş elmi dərəcə ilə əvəz etmiş, elmlər doktoru olmuşdur (1969). Mən onu şəxsən elə o vaxtdan tanıyıram.

1975-ci ildən başlayaraq Azərbaycan EA Tarix İnstitutunda «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinə rəhbərlik edən Oqtay müəllim 2001-ci ildən Azərbaycan EA-nın müxbir üzvü olmuşdur.

Oqtay müəllimin atasından və özündən bir qədər danışdıq, amma anasını da xatırlatmamaq olmaz. Görkəmli şairimiz (xalq şairimiz!) Rəsul Rzanın bacısı Kübra xanım Oqtay müəllimin anasıdır. Bəli, Tiflisdə «Müqəddəs Nina» məktəbində oxuyan, Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsinin tələbəsi olan, sonradan Azərbaycan Tibb İnstitutunun Müalicə fakültəsini bitirən və müalicə ilə məşğul olan Kübra xanım! Müharibə illərində cəbhə yerlərində hərbi həkim işləyən, neçə-neçə yaralı əsgəri amansız ölümün caynağından xilas edən Kübra xanım! Stalinqrada ezam olunan, oradakı hərbi xəstəxananın yaradılmasında iştirak edən və mayor olan Kübra xanım! Müharibədən sonra Respublika Səhiyyə Nazirliyində mühüm vəzifələr tutan, uzun illər «Ana və Uşaq müalicəsi» idarəsinə rəhbərlik edən, nazirlik kollegiyasının üzvü və əməkdar həkim olan Kübra xanım! Ən nəhayət, I saylı Klinik Uşaq xəstəxanasında, digər orta əsr istilahı ilə desək «həkimbaşı», müasir terminlə söyləsək baş həkim işləyən Kübra xanım!

Bəli, Əbdülkərim müəllim kimi ata, Kübra xanım kimi ana övladı olan Oqtay müəllim o iki ziyalı insana layiq bir övlad kimi, təhsil və tərbiyə aldı və orta əsrlər Azərbaycan tarixinin aparıcı alimlərindən biri oldu.

Oqtay müəllim bir neçə Şərq və Avropa dilini mükəmməl bilirdi. Amma açıq deməliyəm ki, onun mükəmməl bildiyi başqa bir dil də vardı: Məhəbbət dili! O, öz tələbə və aspirantlarına böyük məhəbbətlə yanaşmış, həmin məhəbbət işığı onun öz yolunu işıqlandırdığı kimi, tələbə və aspirantlarının da yollarını işıqlandırmışdır. Bu məhəbbətşünas insan hamının mənimsəyə bilmədiyi məhəbbət elmini güclü mənimsəmişdir.

Oqtay müəllimin müvəfəqiyyətləri ümumiyyətlə çoxdur. İngiltərə və Amerikaya səfərlər edən, dəfələrlə Türkiyə və İranda olan, Sovetlər İttifaqının bir çox ölkəsində məruzə və mühazirələr oxuyan Oqtay müəllimin Azərbaycan tarix elmi sahəsində ən böyük xidməti onun Səfəvilər dövlətinin yalnız İrana məxsus olması barədə uzun müddət hökm sürən fikrin əsassızlığını sübut etmək olmuşdur. Nəticədə, XVI əsrin əvvəlindən başlayaraq 200 ildən çox öz milli hakimiyyətini davam etdirən Azərbaycan Səfəvilər Dövləti! Bu dövlətin yaranma və inkişafında Azərbaycan xalqının tarixi rolu məhz Oqtay müəllim tərəfindən əsaslı şəkildə müəyyənləşdirilmişdir. Oqtay müəllim sübut etmişdir ki, Azərbaycan Səfəvilər dövlətinin hakimiyyətdə olduğu dövr Azərbaycan mədəniyyətinin intibah (renessans) dövrü olmuşdur.

Böyük Şah İsmayılın yaratdığı vahid milli dövlət Azərbaycan torpaqlarını birləşdirmək, həm də ölkənin sosial iqtisadi, siyasi və mədəni inkişafı baxımından olduqca mütərəqqi rol oynamışdır. Azərbaycan mədəniyyətinin Füzuli, Həbibi, Xətai, Sultan Məhəmməd və digər görkəmli nümayəndələri məhz bu dövrdə yetişmişlər. Oqtay müəllim müxtəlif dillərdəki ədəbiyyatı, orta əsr mənbələrini diqqətlə araşdıraraq, Azərbaycanın o zamankı ictimai-siyasi vəziyyəti, dövrün təzadlı xüsusiyyətləri, tarixi hadisələrin gedişi barədə zəngin təsəvvür yaratmağa nail olmuşdur. Müəllif öz əsərlərində məlum burjua konsepsiyalarına ətraflı cavab vermiş, Səfəvilər sülaləsinin fars, yaxud kürd olmasını sübut etməyə çalışan tarixçilərin yanlış iddialarını elmi əsaslarla təkzib etmişdir. Şah İsmayıl ordusuna qızılbaş tayfalarının Kiçik Asiyadan gəldiyi haqda müasir Türkiyə tarixçilərinin iddialarının yanlış olduğunu bildirən Oqtay müəllim elmi dəlillərlə sübuta yetirir ki, Səfəvi ordusunu təşkil edən əsas etnik qruplar məhz Azərbaycan mühitində yaşamış və fəaliyyət göstərmişlər. Müəllif  böyük rus şərqşünasları V.V.Bartoldun və İ.P.Petruşevskinin belə bir fikrini daha dərindən əsaslandırmışdır ki, səfəvilərin ana dili azərbaycan türkcəsi olmuşdur.

Oqtay müəllim düzgün qeyd edir ki, Şah İsmayıl təkcə Azərbaycanı birləşdirməklə kifayətlənə bilməzdi, onun xarici siyasətinin mərkəzində Şərqdə Məhəmməd Şeybani xanın özbək dövləti, Qərbdə osmanlı Türkiyəsi ilə münasibətlərin qaydaya salınması, Şirvan və Şəkinin tamamilə Səfəvilərə qoşulması kimi ciddi siyasi məsələlərin həlli dayanırdı. Sonuncu məsələnin olduqca böyük sosial-siyasi əhəmiyyəti vardı. XVI əsrin əvvəllərində Şirvan torpaqlarında baş verən feodal hərc-mərcliyi, dövlət aparatının zəifliyi daxili ara müharibələrinin baş verməsinə şərait yaradırdı ki, bu da Azərbaycanın ümumi inkişafına mənfi təsir göstərirdi. Şirvan və Şəkinin Səfəvilər dövlətinə qatılması Azərbaycanın bütövlükdə müdafiəsini xeyli asanlaşdırmış, onun siyasi, iqtisadi və mədəni yüksəlişinə güclü təkan vermişdi ki, bu işi onun oğlu I Təhmasib yerinə yetirdi. Ümumiyyətlə, İsmayılşünas Oqtay müəllim tarixi faktlara əsaslanaraq Şah İsmayılın tarixə, dövlətlərarası münasibətlərə real baxışını yüksək elmi-nəzəri mövqedən şərh etmişdir.

İkinci Səfəvi hökmdarı Şah Təhmasib də Oqtay müəllimin diqqətini özünə cəlb etmiş, bu şahın diplomatik fəaliyyəti tamamilə yeni baxımdan qabardılmışdır. Və Oqtay müəllim sübut etmişdir ki, Şah Təhmasib heç də əvvəllər deyildiyi kimi, süst və zəif bir padşah olmamışdır, əksinə məhz onun uzaqgörən hərbi məharəti sayəsində Azərbaycan torpaqları 4 osmanlı və bir neçə özbək basqınından  xilas olmuşdur.

I Təhmasib dövrünün siyasi hadisələrini təsvir edən Oqtay müəllim Səfəvilərin Gürcüstanla, şimal-şərqdə yerləşən böyük Moğol dövləti ilə münasibətlərindən də danışmağı unutmamış, Səfəvi dövlətinin Avropa ölkələri ilə siyasi əlaqələrindən söhbət açmış, beynəlxalq münasibətlər tarixində Azərbaycan dövlətinin dövlətçilikdə dərin iz qoyduğunu zəngin faktlarla göstərmişdir.

Oqtay müəllim Azərbaycan – Rusiya münasibətlərinə də diqqət yetirmiş, Böyük Moskva knyazlığı və Avropa ölkələri ilə Səfəvi dövlətinin əlaqələri barədə gətirdiyi tamamilə yeni fakt və mülahizələri diplomatiya tariximizi öyrənmək üçün ciddi maraq doğurmaqdadır.

Oqtay müəllim İsmayıl və Təhmasib bəhslərindən sonra başqa bir İsmayılın (II Şah İsmayılın) və Məhəmməd Xudabəndənin dövründə Azərbaycan dövlətinin iqtisadi tənəzzülündən istifadə edən Osmanlı Türkiyəsinin 1578-ci ildən etibarən yeritdiyi yeni işğalçılıq siyasəti barədə də danışmış, Səfəvi-Osmanlı müharibələrinin acı nəticələrini elmi şəkildə qabartmışdır. Bu məsələlərin elmi izahında Oqtay müəllim haqlı olaraq qeyd edir ki, Osmanlı türklərinin az-çox uğurlarına səbəb olan amillərdən biri də Səfəvi  dövlətində  Azərbaycan əmirləri və İran ünsürləri, habelə qızılbaş əyanları arasında gedən daxili siyasi mübarizə olmuşdur. Məhz belə bir mübarizə nəticəsində Azərbaycan bütünlüklə (Talış və Ərdəbil istisna olmaq şərtilə) Osmanlılar tərəfindən işğal oluna bildi.

Azərbaycan Səfəvilər dövlətinin varlığı dövründə ölkə təsərrüfat həyatının müxtəlif sahələrini öyrənmək üçün O.Əfəndiyev ciddi tədqiqat işi aparmışdır. Mənbələrdəki məlumatın azlığına baxmayaraq, müəllif o dövrün mülkiyyət formaları, feodallar sinfi, kəndlilərin və şəhər əhalisinin vəziyyəti, vergi və mükəlləfiyyətlər, Azərbaycan şəhərləri, onların sosial strukturu, dövlət quruluşu məsələləri barədə tarixi gerçəkliyin real mənzərəsini yaratmağa müvəffəq olmuşdur.

Səfəvişünas alim öz tədqiqatlarını yalnız iki monoqrafiya ilə («XVI əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin yaranması»«Azərbaycan Səfəvilər dövləti XVI əsrdə») yekunlaşdırmamış, akademik Ziya Bünyadovla birlikdə XV əsrin Ağqoyunlular dövrü qaynağı olan «Tarixi-aləmarayi-Əmini» (Fəzlullah Ruzbehan Xunəci İsfahani) əsərini çapa hazırlamış, məşhur Azərbaycan diplomatı və aşiqi Oruc bəy Bayat-Don Juanın məlum tarix kitabını ilk dəfə geniş giriş və şərhlərlə  tərcümə və nəşr etmişdir (Akif Fərzəliyevlə birlikdə).

Bunlardır Oqtay müəllimin çoxillik və uğurlu elmi fəaliyyətinin səmərəli nəticəsi!

İftixarla qeyd etməyi özümə borc bilirəm ki, onun ilk aspirantı mən olmuşam. Elə bilirəm ki, bir şagird kimi, ustadımın ümidlərini doğrulda bilmişəm, onunla uzun illər həmkarlıq etmişəm, müştərək yazdığımız məqalələr Əfqanıstanda və başqa ölkələrdə çap olunmuş, məruzələrimiz dinlənilmişdir. Akad. Ziya Bünyadov və prof. Süleyman Məmmədovla birlikdə Oqtay müəllim haqqında xüsusi məqalələr də yazmışıq.

Mən müəllimim barədə kiçik bir məqalə deyil, böyük bir kitab yazmaq əzmindəyəm. Amma elə bilirəm ki, bu məhsuldar alim haqqında onun 70 yaşında yazdığım «Oqtay Əfəndinin əsərlərində» adlı şerim bu tədqiqatçının yaradıcılığını hərtərəfli işıqlandırır. Mən o şeri «İkinci Divan» adlı kitabıma da daxil etmişəm. Şeri sizlərə təqdim edirəm:

 

Nə vaxt süqut edib Ağqoyunlular?

Səfəvi dövləti yaranıb haçan?

Görən, neçə məşhur Ağqoyunlu var?

Qızılbaşdan olub neçə hökmran?

 

Dövlətdən dövlətə söz aparan kim?    

Əmir Div Sultanın nə olub adı?

Durmuş xan kim idi, Tozqoparan kim?

Təhmasib gücünü harda sınadı?

 

Ağzıvar Sultanın ağzı yoxdumu?

Qudurmuş sultanı nəydi qudurdan?

Öldürən çoxdumu, ölən çoxdumu?

Görən, su ucuzdu, yoxsa qızıl qan?

 

Nəqbəçi nə təhər lağım atırdı?

Qoyub mancanağa atan daşı kim?

Şah Abbas nə üçün qızılbaş qırdı?

Təvaçi kim idi, qorçibaşı kim?

 

Neçin lələ oldu Hüseyn bəy Lələ?

Məqamın bir başqa pilləsi yoxdu?

Harda öldürüldü Abdal bəy Dədə?

Neçin vuruşmağa gülləsi yoxdu?

 

Neçin ordubazar hərəmlə dolu?

Dürsədəf adında pəri kim idi?

Şahın nəyi idi Halvaçıoğlu?

Pərixan xanımın əri kim idi?

 

Rumlular kim idi, hayandaydı Rum?

Neçin türklər etdi Təbrizə hücum?

Bu qədər sualın cavabı məlum

Oqtay Əfəndinin əsərlərində.

 

Nə yolla qazanır xalq istiqlalı?

Zəfər təntənəsi, cəng qiylü-qalı…

Kiçik bir ölkənin böyük amalı

Oqtay Əfəndinin əsərlərində.

 

Cığatay yürüşü, tatar hərbi var,

Ləzgi çarpışması, avar hərbi var,

Şirvan əsgərinin zərbə zərbi var

Oqtay Əfəndinin əsərlərində.

 

Qönçə diləklərin çiçəklənməsi,

İsmayıl əzminin gerçəklənməsi,

Qızılbaş harayı, qızılbaş  səsi

Oqtay Əfəndinin əsərlərində.

 

İmkansız fəryadı, imkanlı gücü,

İmkanın qılınclı, qalxanlı gücü,

Səfəvi qüvvəsi, Osmanlı gücü

Oqtay Əfəndinin əsərlərində.

 

Tayfanın üçü var, beşi, onu var,

Neçə hücumların önü, sonu var,

Qızılbaş papağı, sufi donu var

Oqtay Əfəndinin əsərlərində.

 

Niyyətin, diləyin gerçəklənməsi,

Sözü düz deməyin gerçəklənməsi,

Gərgin bir əməyin gerçəklənməsi

Oqtay Əfəndinin əsərlərində.

 

Şahin ehtiramla deyəndi sözü,

Sözdən söz çəkərək bəyəndi sözü,

Neçə şah inamı, əfəndi sözü

Oqtay Əfəndinin əsərlərində