XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 14:55

“Çənbərəkəndli Qədirbala”:Səsi gizlicə yazılmış məşhur xanəndə

aslankenan-1.jpg

Aslan KƏNAN,

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini

 

Onu biz yalnız bir səs yazısı ilə tanıyırıq. Dövlət Səs Yazıları Arxivinin kataloqunda 1068 nömrə ilə qeyd edilmiş bir üzlü, qara rəngli valın yüz ildən artıq tarixi olduğu göstərilir. Riqanın “Qrammofon” firması tərəfindən yazılmış bu  valın tarixi Azərbaycana gəlmiş və arxivin qonağı olmuş İngiltərənin Kral kitabxanasının fon arxiv eksperti Uilyam Prentik tərəfindən tədqiq edilmiş və onun 1904-cü ilə aid olduğunu bildirmişdi. Səs yazıları üzrə mütəxəssis olan tədqiqatçı İngiltərədə saxlanılan xüsusi hazırlanmış musiqi kataloquna əsasən bu qənaətə gəldiyini bildirmişdi.

XIX əsrin sonu – XX əsrin əvvəllərində bir sıra ölkələrin səhmdar cəmiyyətləri tərəfindən qrammofon vallar fabriki təşkil olunmuş və bununla da səsyazma sənayesi inkişaf etməyə başlamışdır. Həmin illərdə “Qrammofon”, “Sport-Rekord”, “Premyer-Rekord”, “Pate”, “Ekstrafon”, “Nogin zavodu” fəaliyyət göstərmişdir.

1906-1910-ci  illərdən  başlayaraq,  Riqada “Qrammofon” ingilis səhmdar cəmiyyəti tərəfindən məşhur Azərbaycan xanəndələrinin – Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Əbdülbaği Zülalov, Məcid Behbudov, Seyid Mirbabayev, Ələsgər Abdullayev və başqalarının səsi yazılmış qrammofon valları buraxılmışdır.

Azərbaycanın musiqi tarixində dövrünün elə ustad sənətkarları olub ki, onlarım  ifaları əvəzinə, yalnız adları məlumdur. Onlar haqqında biz xatirələrdən, ayrı-ayrı insanların söhbətlərindən, bəzən də qohumlarından müəyyən məlumatlar ala bilirik.

Biz tara yeni nəfəs verən, özünküləşdirən, onu istədiyi səmtə yönəldən, üzərində dəyişikliklər edərək dizinin üstündən götürüb bir övlad kimi “bağrına basan” məşhur tarzən Sadıqcanın çalğısının, ifası ilə dinləyicilərini heyrətə gətirən Bülbülcanın ecazkar səsinin həsrətində olmuşuq. Bu ustad sənətkarların ifalarının köçürülməməsinə hələ də təəssüflənirik. Həmin sənətkarlar el şənliklərində, xalqın toylarında, məclislərində yaxından iştirak edər, onların ifalarına yüksək qiymət verən şəxslər tərəfindən mükafatlandırılırdı.

Bunlardan fərqli olaraq sağlığında geniş auditoriyalardan qaçan, xanların, bəylərin əmrlərini qəbul etməyən, yalnız kiçik, sadə bir məclisdə oturub ifası ilə ətrafındakıları heyrətə gətirən çənbərəkəndli, qalayçı oğlu “Qədirbala” təxəllüslü Əbdülqədir Ağacabbar oğlu Cabbarovdur. Əbdülqədir Cabbarovun necə bir sənətkar olduğu ondan bizə yadigar qalan yalnız bir valı olub.

qedirbala-22

Azərbaycanın xalq artisti, respublikamızın musiqi ta­rixində UNESKO kolleksiyasında Azərbaycan xalq musiqisini yeganə təmsil edən Bəhram Mansurovun atası Məşədi Süleymanın Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan xatirələrindən oxuyuruq: “Badi-Kubədə Qədirbala (Əbdülqədir Cabbarov) yaxşı oxuyan olub. Özü də çənbərəkəndli (indiki Şəhidlər Xiyabanı olan ərazi – A.K.) idi. Qalayçı idi. Çox güclü və çox yaxşı oxumağı vardı”.

Qədirbala gözəl səslə yanaşı, həmçinin yaxşı daş yonardı. Onun yonduğu daşlar kənardan bilinərdi. O dövrdəki evlərin əksəriyyəti bu gözəl sənətkarın əl işi olmuşdur.

Xanəndənin  nəticələri ilə söhbətdən aydın olur ki, onun səsinin yazıya alınması öncədən dostları tərəfindən hazırlanmış maraqlı bir “ssenari” idi. Onu yaxından tanıyan qohumlar, dostlar, yoldaşlar göstərir ki, Qədirbalanı toylara, məclislərə aparıb oxutdurmaq müşkül məsələ idi. O, bir az təkəbbürlü idi. Dediyinin üzərində durardı. Onu oxutdurmaq üçün hər hansı bir yüksək rütbəli şəxslərin belə sözünə baxmazdı. Olduğu məclisdə oxumağına əmr edilərsə, oranı hər an tərk etməyə hazır idi. Sonra həmin şəxsin “acığına” gedib başqa bir “məclisdə” saatlarla oxuyardı. Odur ki, həmin “ssenari”yə əsasən Əbdülqədirin şəxsiyyətinə və sənətinə yüksək qiymət verən dostlar onu gəzmək adı ilə Riqaya aparırlar.

Arxivlərdə saxlanılan xatirələrdən aydın olur ki, dostları Qədirbalanı həvəsləndirməkdən ötrü özləri bir-iki ağız deyirlər. Sonra isə heç nədən xəbəri olmayan xanəndəyə oxumağı təklif edirlər.

 Xanəndə ətrafdakıların onu diqqətlə dinlədiklərini görüb cani-dillə “Heyratı” muğamını oxuyur. Bununla da xanəndənin Riqanın “Qrammofon-Rekord” firması tərəfindən səsi yazılmış bir üzlü qara val illərlə bu və başqa məkanlarda özünə yer tapsa da, son ünvanı Respublika  Dövlət Səs Yazılar Arxivi olur.

Əbdülqədir Cabbarov tərəfindən ifa olunan və Dövlət Səs yazmalar arxivində mühafizə olunan valın C.Qaryağdıoğlu, Seyid Şuşinskiyə aid olan səs yazılarından əvvəl olunduğu güman edilir.

Bu fikirlə razılaşmalı olsaq, o zaman Riqanın “Qrammofon” firması tərəfindən yazılmış Azərbaycan muğam ifaçılarının ən qədim valı “Qədirbala” təxəllüsü ilə tanınmış Əbdülqədir Kərbəlayi Cabbar oğlu Cabbarova məxsusdur.

Görkəmli muğam ifaçısı Əbdülqədir Cabbarov  30 iyun 1906-cı ildə, 35 yaşında qətlə yetirilib. 

Əbdülqədirin ölümü haqqında şəhadətnamədə oxuyuruq: “Zaqafqaziya Şiə Ruhani İdarəsinin şəhadətnaməsindən məlum olur ki, Bakı şəhər sakini Əbdülqədir Kərbəlayi Cabbar oğlu 30 iyun 1906-cı ildə vəfat etmişdir; belə ki, Ruhani idarəsi imzası və dövlət möhürü ilə faktı təsdiqləmişdir. Fevral/mart 5 1907-ci il, Tiflis №483. Rüsumu ödənilmişdir. Zaqafqaziya İdarəsi sədri –– Şeyxül-İslam A.Axundzadə, idarə üzvləri: Sultan Hüseynbəyov, Poladzadə katib; sənədi katib köməkçisi tərcümə etmişdir. Katib köməkçisi: V.Getman”.

Əbdülqədirin iki oğlu olub. Əbdülqədirin birinci arvadı Fatma xanımdan olan oğlunun adı Ağacabbar 1891-ci ildə və ikinci arvaddan olan oğlu Ağaqədir isə 1906-cı ildə atasının ölümündən sonra anadan olub. Muğam ustadın adını əbədiləşdirmək üçün ona atasının adını verirlər.

Böyük oğlu Ağacabbar Cabbarov şəhərin hörmətli kişilərindən sayılan Balaqardaşın qızı Asiya (1903-1981) xanımla ailə həyatı qurub. Bu qadından Fatma (1920-1981 Azərbaycan radiosunun ilk diktorlarından olmuş, respublikanın xalq artisti), Şəfiqə (1925-1968) adlı qızları, Ramiz adında oğlu dünyaya gəlib. Ramiz müharibədən qayıtdıqdan sonra xəstələnmiş və 1955-ci ildə dünyasını dəyişmişdi.

Təəssüf ki, Əbdülqədir Cabbarovun ikinci oğlu Ağaqədir haqqında hələ ki heç bir məlumat əldə edə bilməmişik.

Strateq.az