XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 19:35

100 il əvvəl çəkilmiş “neft və milyonlar səltənəti” –İlk bədii filmimizin lentləri niyə yoxa çıxıb?

neft-milyon

2016-cı ildə Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii ekran əsəri olan "Neft və milyonlar səltənəti" filminin 100 yaşı tamam oldu.

Film haqqında zamanında və sonralar bir çox yazılar yazılsa, araşdırmalar aparılsa da, təəssüf ki, bu gün əlimizdə baxa biləcəyimiz ekran materialı yoxdur. Yalnız onu deyə bilərik ki, mərhum rejissor Fikrət Əliyev tərəfindən 1980-ci ildə ekranlaşdırılan “Qızıl uçurum” filmi "Neft və milyonlar səltənəti"nin rimeyk variantıdır.

 XIX əsrin sonunda başlanan neft bumu sayəsində Bakı müxtəlif ölkələrin iri kapital sahibləri ilə yanaşı, müxtəlif peşə adamlarını da cəlb etməkdə idi. 1915-ci ildə Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə cəmiyyət bir neçə bədii film, o cümlədən neft sahibkarlarının maliyyə dəstəyi ilə “Neft və milyonlar səltənətində” kinodramını istehsal etdi. İkihissəli səssiz və ağ-qara bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası mayın 27-də ekranlara buraxılmışdı. Ekran əsəri yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında lentə alınmış, ssenarini A.D.Panova-Potyomkina yazmış, Boris Svetlov quruluş vermişdi. Filmin pavilyon epizodları Tiflisdə, təbiət səhnələri Bakı və şəhər ətrafında – Balaxanı, Binəqədi, Zığ və dəniz kənarında çəkilmişdi. Binəqədidəki mədəndə baş verən yanğın, həmçinin Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın hadisəsi sənədli surətdə lentə alınaraq filmə salınmışdı.

   Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə film haqqında tədqiqatlarında kinorejissor Məmməd Əlilinin xatirələrini qələmə alıb: “1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M.Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı “Neft və milyonlar səltənətində” idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər. Bir neçə gündən sonra artist M.Muradov filmin rejissoru B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim”.

   “Neft və milyonlar səltənətində” bir neçə səbəbdən, o cümlədən ilk tammetrajlı Azərbaycan bədii filmi olduğuna və əsas rollardan birini (Lütfəli bəy) görkəmli aktyorumuz Hüseyn Ərəblinski ifa etdiyinə görə bizim üçün əhəmiyyətlidir. Filmdə (toy səhnəsi) məşhur tarzən Qurban Pirimov və Cabbar Qaryağdıoğlu da çəkilmişdi.

   Ekran əsərində neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı təsvir edilmişdi. Bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlil neft sahibkarına çevrilir. Lakin o var-dövlətin qədrini bilmir, Lütfəli kimi əyyaş sahibkar ilə dostluğu onu nəinki müflisləşdirir, bütün həyatını məhv edir…

   Bəs 100 yaşını qeyd etdiyimiz ilk filmimizin aqibəti necə olub? Bu haqda fərziyyələr müxtəlifdir. Bəzi fərziyyələrə görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı yandırılanda teatrda olan “Neft və milyonlar səltənətində” filminin lenti də məhv olub. Ancaq kinoşünas Aydın Kazımzadənin dediyinə görə, “Filma” şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Aydın müəllimin fikrincə, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən arxivdən çıxarılıb.

   Bu gün əlimizdə sadəcə filmin bukleti var, Azərbaycan və rus dillərində buklet Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır.

“Mədəniyyət” qəzeti