XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 17:32

Xalq artisti Murad Yagizarov:“ İkinci “Arşın mal alan”a Rəşid Behbudov da çəkilmək istəyirdi” –MÜSAHİBƏ

murad-yagizarov

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aparıcı aktyoru, xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarov “Praym-taym” saytına müsahibə verib.

Hörmətli aktyorumuz uzun illərdir Almaniyada yaşayır, amma Bakıya tez-tez gəlir və teatrdakı işini davam etdirir.

Strateq.az müshaibəni oxuculara təqdim edir:

– Hacı Murad müəllim, sizi Bakıda görmək çox xoşdur. Amma ildə 2-3 dəfə vətənə təşrif buyurursunuz. Belə gedib, gəlmək sizi yormur?

– Mənimlə hər dəfə maraqlandığınız üçün təşəkkür edirəm və sizin vasitənizlə sevimli tamaşaçılarımı, sizin oxucularınızı salamlayıram. Bakıda davamlı olaraq qalmıram. Ailəmlə birlikdə uzun illərdir Almaniyada yaşayıram. Amma həmişəlik köçmək, orada yaşamaq alınmır. Çünki Bakımı çox sevirəm. Bakısız qala bilmirəm. Bu şəhərin hər dalanı, hər döngəsi mənə tanış və əzizdir. Uşaqlığım adına "Sovetski" deyilən məhəllədə keçib. Bütün dostlarım, doğmalarım Bakıdadır. Bakı – uşaqlığımın, gəncliyimin şəhəridir. Bu şəhəri görmədən yaşaya bilmərəm. Ona görə də, ildə bir neçə dəfə Bakıya gəlirəm. Belə deyək, 6 ay Bakıda, 6 ay Almaniyada yaşayıram. Gedib, gəlmək məni yormur. Artıq belə yaşamağa alışmışam.

– Bakıda eviniz var, doğma teatrınız var. Daha ömrünüzün elə çağıdır ki, bəlkə birdəfəlik vətənə qayıdasınız?

– Bəli, Bakıda evim, gözəl kollektivi olan doğma teatrım var. Amma ailəm Almaniyada yaşayır. Onların bura köçməsi mümkün deyil. Həyat yoldaşım, qızım orada çalışır. Qızımın ailəsi Almaniyadadır. Bir nəvəm var. Yəni, illərdir qurulan bir həyatımız var. Onu dağıtmaq olmaz. Mən gəlib-gedirəm, rollarımı ifa edirəm. Belə daha yaxşıdır.

-Soyadınızla bağlı hər zaman problem yaşadığınızı deyirsiniz. Yenə də belədir?

– Hər zaman o problemi yaşamışam. Bu günə qədər titrlərdə, tədbirlərdə, televiziya verilişlərində məni Yegizarov kimi təqdim edirlər. Halbuki, Yegizarov ermənilərə məxsus soyaddır. Mənim soyadım Yagizarovdur. Həm də bu soyad yalnız bizim nəslimizə aiddir. Mənim doğum günümü də səhv yazırlar. Hər yerdə avqustun 18-i kimi qeyd edilib. Mən bu dünyaya iyulun 18-də gəlmişəm. Belə səhvlər olur. Amma sizin kimi jurnalistlərin vasitəsilə bu səhvləri düzəltmək yaxşı olar. Sizin sənətiniz mənə yaxındır. Jurnalist obrazını bir neçə filmdə yaratmışam.

– İki filminiz yaxşı yadımdadır. "Ən vacib müsahibə" və "Bir cənub şəhərində"…

– Sizin yadınızda iki film qalıb. Amma mən üç filmdə jurnalist obrazını yaratmışam. "Həyat öyrədir" adlı qısametrajlı film var idi. Rejissor Zeynəb Kazımova çəkmişdi. O filmi yəqin ki, görməmisiniz. Amma ən məhşur jurnalist obrazını "Ən vacib müsahibə" filmində ifa etmişəm. Zaur Xəlilbəyli surəti. O obrazı özüm də çox sevirəm. Sizə bir məlumatı da deyim. Həmin filmdə ilk öpüşmə səhnəsini biz etmişik. Azərbaycan kinosunda, ekranda öpüşən ilk kişi aktyor mən olmuşam.

Çox təbii, gözəl film alınmışdı. Tərəf müqabiliniz də, gözəl xanım idi. Filmdən sonra aranızda sevgi münasibətləri yaranmadı?

– Film əla idi. Bu günə qədər yaddaşlardan silinmir. Tərəf müqabilimə gəlincə, aramızda qətiyyən heç nə ola bilməzdi. Çünki mənim qızıl qanunum var. Dostlarımın xanımlarına pis gözlə baxa bilmərəm. Bu, kişilikdən deyil. Həmin filmdə çəkilən xanım isə mənim dostum Georgi Şenqelayanın həyat yoldaşı idi. Ona görə başqa söhbət ola bilməzdi.

-Səhv etmirəmsə, sizin ilk həyat yoldaşınız da gürcü qızı olub…

– Elədir. Mənim ilk məhəbbətim həm də ilk həyat yoldaşım gürcü qızı olub. Mən onu uzun müddət sevdim. Rusiyada tanış olmuşduq. Onun dərdindən dəliyə dönmüşdüm. Həmin xanım aktyorluq fakültəsini bitirmişdi. Atası Gürcüstanın tanınmış teatr rejissoru, qardaşları kinorejissor idi. Onu mənə vermək istəmirdilər. Böyük mübahisələrdən sonra, bizə evlənmək qismət oldu. Bakıya gəldik. İngilis dilini gözəl bildiyindən Kinomatoqrafiya İdarəsində xarici dillər üzrə baş məsləhətçi vəzifəsində çalışırdı. Bütün xarici filmləri ingilis dilindən rus dilinə tərcümə edirdi. Sonralar mənim razılığımla rejissorluq fakültəsini də bitirdi. Amma, Gürcüstanı çox sevirdi. Vətənindən qopa bilmirdi. Ona görə də, 5 gün burda, 5 gün orda olurdu. Mən də yollarda qalmışdım. Gedirdim, gəlirdim. Təbii ki, ailəni belə davam etdirmək çətin idi. Onun atası məni Gürcüstana dəvət elədi və təklif etdi ki, mənim üçün bütün şəraitləri yaradacaq. 3 otaqlı ev, maşın, teatrda da bütün baş rollar mənim olacaqdı. Mən düşündüm və başa düşdüm ki, bu həyat gözəldir, amma, mənim üçün deyil. Mən, ikinci planda qala bilmərəm. Axı, mən də Bakımı çox sevirdim. Mənim də anam, doğmalarım burada yaşayırdı. Onları qoyub gedə bilməzdim. Həm də mənə ağır gəlirdi ki, kişi olan qadına sığınıb, yaşamaz. Mənim ad-sanım, şöhrətim var. Bunların hamısı vətənimə aiddir. Belə məsələlərə görə bizim ailəmiz dağıldı. Ondan övladım olmadı. Həyatımda 3 nikahım olub. Əsl sevgimi üçüncü dəfə 40 yaşımda tapdım. Hazırda həyat yoldaşım olan xanımla 38 ildir bərabərik. Bir qızım, bir nəvəm var. Xoşbəxtəm.

– Çoxları kino yaradıcılığınızın "Ögey ana" filmi ilə başladığını bilir?

– "Ögey ana" mənim kinoda ilk, böyük filmimdir. Ona görə hamının yadında qalıb. Amma, ilk dəfə "Uzaq sahillərdə" filmində partizan rolunu ifa etmişəm. Düzdür, kiçik rol idi. Hərçənd, "Uzaq sahillərdə" filmində Mixaylo roluna sınaq çəkilişlərindən keçmişdim. Mixaylo rolu üçün çox cavan idim. Ona görə məni partizan roluna təsdiq etdilər. Sonralar, "Böyük dayaq", "Ulduz" və "Arşın mal alan" filmlərinə çəkildim. Bu filmlər 60-cı illərin əvvəllərində lentə alınmışdı. "Ən vacib müsahibə" filmində isə sizin həmkarınızın obrazını yaratdım. 1970-80-ci illərdə "Bir cənub şəhərində", "Babək", "Nizami" filmlərinə çəkildim. Fikir verirsinizsə, əksəriyyəti Eldar Quliyevin çəkdiyi ekran əsərləridir.

– "Arşın mal alan" filmində yaratdığınız Süleyman bəy obrazı ilə daha çox sevildiniz, məncə…

– Əslində, Tofiq Tağızadə bu filmdə məni Əsgər rolunda çəkilməyə dəvət etmişdi. Çəkiliş meydançasına gələndə Həsən Məmmədovu gördüm. Öyrəndim ki, onu da Əsgərə sınaq çəkilişlərinə çağırıblar. Həsənlə dost idim, aktyorluq fakültəsində birlikdə oxumuşduq. Ona görə Tofiq müəllimə yaxınlaşıb dedim ki, "Mən ssenarini oxudum. Süleyman rolu daha çox ürəyimə yatır". Doğrudan da, Süleyman mənə ruhən yaxın idi. Tofiq Tağızadə "Sən nə danışırsan? Əsgər əsas roldur, baş roldur. Mən səni Əsgərə çəkmək istəyirəm" deyirdi. Süleyman bəy rolu üçün 18 aktyor sınaq çəkilişlərinə dəvət edilmişdi. Onların arasında Nodar Şaşıqoğlu, Məlik Dadaşov, Səyavuş Aslan var idi. Əsgər roluna isə Rəşid Behbudov çəkilmək istəyirdi. Tofiq müəllim ikinci "Arşın mal alan"da cavanları çəkmək niyyətinı gizlətmirdi. Məni qrimlədilər, bığımın üstünə əlavə bığ yapışdırdılar. Amma, ilk dublda heç nə alınmadı. Kənardan mənə zillənən baxışların altında elə bil əzilirdim. Tofiq Tağızadə məni çəkmək istəyirdi. Ona görə mənə yaxınlaşıb, "Sənə nə mane olur axı? Özünü ələ al" dedi. Mən, "Əlavə yapışdırılan bığlar mənə mane olur" dedim. Tofiq Tağızadə həmin dəqiqə bığları çıxartdırdı. Doğrudan da, ilk dubl uğurlu oldu. 24 yaşım var idi. Amma, məni qrimləyib, bir az qocaltdılar.

-Hacı Murad müəllim, təəssüf ki, bizim nəsil sizi kinoda yaratdığınız obrazlarla tanıyıb, sevib. Amma teatr yaradıcılığınız daha məhsuldar olub.

– Elədir. Mənim cavan yaşlarımda teatrda yaratdığım obrazları sizlər görməmisiniz. Rus Dram Teatrının səhnəsində onlarla gözəl obrazlar ifa etmişəm. Ən çox sevdiyim rollarımdan biri Hüseyn Cavidin "Şeyx Sənan" əsərindəki Şeyx Sənan obrazı idi. Kaş, o obrazda məni görəydiniz. Amma təəssüflənmirəm. Nə yaxşı ki, bədii filmlərə çəkilmişəm. Kinonun ömrü uzundur, əbədidir. Lent qalır, yaddan çıxmır. Ona görə də, tamaşaçılarım məni kinoda yaratdığım obrazlarla tanıyıb, yadda saxlayıb və sevib. Əsas tamaşaçının sənə qarşı olan sevgisi, marağı, diqqətidir. Mən bütün ömrüm boyu bu sevgini hiss etmişəm və hər zaman tamaşaçılarıma minnətdaram. Bilirsiniz, mənim həyat amalım belə olub: Satma, xəyanət etmə, pis vəziyyətdə saxlama. Bu qanunlar mənə müəllimim Məhərrəm Haşımovdan keçib. O, həmişə mənə deyərdi ki, "Heç vaxt teatrda içki içmə, intriqalara qoşulma və teatrdakı aktrisalarla yaxın münasibətdə olma. Bu nadan, qudurğan adamların işidir. Belə adamlar, çörək yedikləri süfrəyə ayaqlarını qoyurlar". Düzdür, mən deyə bilmərəm ki, həmişə bu qanunlara riayət etdim. Amma çalışdım ki, unutmayam və ağıllı sözə əməl edəm. Məsələn, mən heç vaxt teatra içkili, , üst-başım səliqəsiz halda gəlməmişəm. Nəinki teatra, hətta evdən həyətə düşəndə də, tör-tökülü vəziyyətdə geyinib getmərəm. Olmaz. Mənim buna haqqım yoxdur. Tamaşaçı aktyoru düşkün görməməlidir.

– Yenə də, gedirsiniz. Yəqin növbəti gəlişiniz yaza təsadüf edəcək?

– Hə, adətən belə olur. Allah qismət eləsə, aprel-may aylarında yenidən Bakıya gələcəm. Mən Marko Polonun dahi səyahətçisinə oxşayıram. Dünyanı gəzirəm (Gülür). Üç il əvvəl Bakıda olanda avtobioqrafik kitab yazdım. Yadımdadır, həmin kitab haqqında ilk məlumatı da siz yaymışdınız. Kim bilir, bəlkə həyatımda baş verəcək növbəti yenilik haqqında da, oxucular sizin vasitənizlə xəbər tutacaq…

Ülviyyə Həsənqızı