İsrail ordusu sözçüsünün misirli aktrisanın ölümü barədə yazdığı “tweet” sosial şəbəkədə geniş müzakirə mövzusu olub.
Strateq.az xəbər verir ki, Aviçay Adrainin başsağlığı mesajı yanvarın 12-də vəfat etmiş aktrisa Kərimə Muxtara həsr edilib.
“Allah sizə rəhmət eləsin, Nona ana, əlvida Kərimə Muxtar!” – deyə Aviçay Adraini yazıb.
Ordu sözçüsü qeyd edib ki, o, İsrailin birinci kanalı ilə K.Muxtarın iştirak etdiyi filmləri izləyib. Bu filmlərdə “öz uşaqlarını qoruyan güclü, mehriban misirli ana” obrazlarını həmişə duyğulanaraq xatırlayıb.
Daha sonra A.Adraini yazıb: “Həqiqətən hamımız Allaha aidik və həqiqətən bir gün ona doğru qayıdacağıq”.
“Twitter”dəki bu qeydlərə sosial şəbəkənin misirli istifadəçiləri sarkazmla yanaşıblar və İsrailin fələstinlilərə qarşı mövqeyini vurğulayaraq A.Adraini hədəfə götürüblər.
“İsrail hər gün heç bir mərhəmət duymadan onlarla adamın ölümünə bais olursa, siz hansı rəhmətdən söz açırsınız?” – deyə “Twitter”də bir misirli İsrail ordusunun sözçüsünə cavab olaraq yazıb.
Ə.Rzazadə