XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 11:09

Dünyanın sirli sənət nümunələri:Rembrandtın “Baltazarın qonaqlığı” əsəri

Rembrandt-Belsazar

Barokko dövrünün əsərləri, bəlkə də, rəssamlıq tarixinin ən maraqlı nümunələridir. Bu dövrün görkəmli simalarından biri də Rembrandt Harmens van Reyndir. O, məşhur holland rəssamı və boyakarı olub. Adı tarixdə “Ən çox öyrənilmiş 100 şəxsiyyət” siyahısına daxil edilib. Rembrandtın yaradıcılığı daha çox psixoloji tərəfi ilə fərqlənib. O, həmçinin işıq-kölgə effektlərinə də üstünlük verib. Bu əsərlərdən daha çox diqqət çəkən rəssamın 1635-ci ildə çəkdiyi “Baltazarın qonaqlığı”dır.

Əsərin mövzusu yəhudilərin müqəddəs yazılar toplusu hesab etdiyi “Tanax”ın “Danielin kitabı” bölümündən götürülüb. Rəvayətə görə, Babilin sonuncu hökmdarı Baltazar ölkəsinin farslar tərəfindən işğalına baxmayaraq hər gün ziyafətlər verib, əyləncələr təşkil edirdi. O, bu ziyafətlərdə atasının Qüdsü işğal edərkən yəhudi məbədlərindən yağmaladığı qızıl qablardan yararlanıb. Həmçinin təkəbbürdən yerə-göyə sığmayan bu hökmdar müqəddəs qablarda şərab içərək yəhudiləri təhqir edib.

Lakin qonaqlığın ortasında divarda qəfildən sirli bir əl peyda olub və divara ivrit dilində “mene mene tekel uparsin” sözlərini yazıb. Qonaqlıqda olanların heç biri sözləri anlamayıb. Daha sonra Baltazarın həyat yoldaşı o dövrdə zəkası ilə məhşur olan Danieldən kömək istəyib və sözlərin mənasını öyrəniblər – “Tanrı sənin səltənətini sanalandı və ona son qoydu, sən tərəzilərdə çəkildin və çox əksik gəldin. Səltənətin bölündü, midiyalılarla farslara verildi”.

Baltazar elə həmin gecə qətl edilib və Babil torpaqları farslarla midiyalılar arasında bölünüb.

Rembrandt əsərdə bu əhvalatın ən təsirli məqamını – Baltazarın qorxu və heyrətlə masadan qalxıb divardakı ələ baxdığı anı təsvir edib. Təsvirdə qəfildən ayağa duran hökmdarın masadakı şərab qədəhini aşırdığı və yanındakı adamların da, ən azı, onun qədər qorxduğunu görürük. Diqqət yetirsək, rəsm əsərinin sağ tərəfindəki qadının da heyrətdən əlindəki şərabı yerə tökdüyünü görürük. Əsərdə Baltazarın acgözlüyü əlinin altında tərsinə çevrilmiş qızıl sini ilə göstərilir. Rəsmdəki insanların paltarları ilk baxışdan əsərin Barokko dövrünə aid olduğunu göstərir. Baltazrın əynindəki geyim isə Osmanlı hökmdarı II Muradın 17-ci əsrdə Hollandiyada hazırlanmış qravüründən kopyalanıb.

rembrandtbelshazzarsfeastdet2

Rəsmdə divardakı əl sağ tərəfdə buludların içində çəkilib. Amsterdamda yəhudi bölgəsində yaşayan rəssam ivrit dilindəki yazını haham (yəhudi ruhanisi) dostundan öyrənib. Lakin sağdan sola sətirlər şəklində yazılan ivrit kəlmələri əsərdə yuxarıdan aşağıya sola meylli sütunlar şəklində yazılıb. Yazının bu cür olmağı ya rəssamın dili anlamadığından qaynaqlanıb, ya da yazının ilk baxışdan anlaşılmaz olduğunu qeyd etmək üçün bu şəkildə təsvir edilib.

Rembrandt əslində Babil imperatorluğu tərəfindən zülm edilən yəhudiləri təsvir etməklə protesant Hollandiyanın katolik İspaniya tərəfindən işğalı və vəhşiliyini vurğulmaq istəyib. Rəsmin yaranmasının digər bir səbəbi isə rəssamın özünü sübut etməyə çalışmağıdır. Hər zaman portretlər çəkən Rembrandt bu əsər vasitəsilə Barokko dövrünün layiqli sənətkarı olduğunu sübut edib. Əsər hal-hazıda Londonun milli qalereyasında saxlanılır.

Qəmər Şahbaz