XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 16:20

Dünyanın sirli sənət nümunələri:İlya Repinin “İvan Qroznı oğlunu öldürür” əsəri

REPIN_Ivan_Terrible&Ivan

İlya Repin yaşadığı dövrdə incəsənət xadimləri tərəfindən örnək alınan rəssam idi. O, əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı, tarixi və dini mövzuları təsvir edib. Rəsmlərində rəng və işıq effektlərindən istifadə etməsi onu impressionizm cərəyanın ən tanınmış nümayəndələrindən birinə çevirib. Əsərlərin çoxunda psixoloji məqamlar var. Rəsamın 1883-1885-ci illərdə çəkdiyi “İvan Qroznı oğlunu öldürür” (orjinal adı “Иван Грозный убивает своего сына”) əsəri buna misaldır.

Repinin ən məşhur əsərinin tamaşaçıya bağışladığı təəssürat çox sarsıdıcıdır. Rəsm tarixi hadisə əsasında çəkilib. Çar İvan Qroznı oğlu İvanı qətlə yetirib, bununla da IX əsrdən bəri Rus torpaqlarına başçılıq etmiş Rürikov sülaləsinə son qoyub.

Bu hadisə ilə bağlı bir neçə versiya mövcuddur.

Birinci versiya belədir: şahzadə İvan Livoniya müharibəsi zamanı aparılan hərbi əməliyyatlar ilə bağlı öz narazılığını bildirdiyinə görə çar tərəfindən əl çubuğu ilə gicgahına zərbə alıb. Hadisəyə şahid olan baş nazir Boris Qodunov araya girməyə çalışıb və özü də zərbə alıb. Lakin bütün bunlar tarixçilər tərəfindən fərziyyə kimi qəbul olunur.

İkinci verisyada isə deyilənlərə görə, bir gün çar oğlu İvanın xanımı Yelena ilə sarayda qarşılaşır və onun xarici görünüşün çox qəzəblənir. Hamilə Yelenanın yaxası açıq imiş və bu, çar sarayında xoş qarşılanmırdı. Bu biabırçılığı görən İvan Qroznı gəlinə bir neçə möhkəm sillə vurub. Zərbədən Yelena yerə yıxılıb və elə həmin gecə uşağını itirib. Çox güman ki, şahzadə İvan arvadını müdafiə edərkən çar qəzəblənib və oğlunu gicgahından vurub.

İtaliyalı tarixçi Antonio Possevino "Rusiya haqqında tarixi əsərlər" kitabında hadisə barədə bunları yazıb: “Bir gün İvanın üçüncü arvadı Yelena alt paltarında skamyada uzanaraq istirahət edirdi, çünki hamilə idi və düşünmürdü ki, kimsə onun otağına daxil olacaq. Gözlənilmədən onun otağına Moskvanın Böyük knyazı baş çəkib. Qadın dərhal ayağa qalxıb. Knyaz onun sifətinə bir sillə vurub, sonra isə özü ilə həmişə gəzdirdiyi çubuqla onun bədəninə elə zərbələr yetirib ki, qadın öz uşağını itirib. Bu zaman knyazın oğlu İvan içəri girib və xanımını döyməməyi atasından xahiş edib. O deyib: "Sən mənim ilk arvadımı heç bir səbəb olmadan monastıra saldın, eyni şeyi ikinci arvadıma da etdin. İndi isə üçüncü arvadımı döyərək, onun bətnindəki uşağı məhv etdin". Ancaq bu sözlər atanı daha da qəzəbləndirib”.

Üçüncü versiya sevgi münasibətləri haqqındadır. İvan Qroznı əsl qadın düşkün idi. Bir dəfə o, palataların birində Yelena ilə qarşılaşıb. Öz hisslərinə hakim ola bilməyən çar, qızı həm onunla, həm də oğlu ilə birgə yaşamaya məcbur etmək istəyib. Gənc qız bu məsələdən ərinə gileylənib və əri atası ilə çox böyük mübahisə edib. Bunun nəticəsi isə artıq məlumdur – şahzadə İvan öldürülüb, onun arvadı isə bir müddət sonra ömürlük monastıra göndərilib.

Ivan_the_Terrible_killing_his_son_(sketch,_1882,_GRM)

Rəsm əsərinin eskizi

Lakin çar İvan və oğlu İvandan sonra yaşamış bəzi tarixçilər ehtimal edir ki, oğlun ata tərəfindən öldürülməsi rəvayətdən və yaxud dezinformasiyadan başqa bir şey deyil. Onlar iddia edir ki, bu rəvayəti bir yezuit rahibi yazıb. Bu rahib Rusiya əhalisinin katolik dinini qəbul etməsi və hakimiyyətin bütünlüklə Roma Papasının nəzarəti altına keçməsi üçün çar ilə danışıqlar aparıb. İvan Qroznı bu təklifi rədd edib və rahibi Polşa hakimi qarşısında rüsvay edib. Buna görə də rahib İvan Qroznını qəddar göstərmək üçün bu hekayəti uydurub.

İlya Repin bu dəhşətli hadisənin çarın cinayətdən sonra özünə gəlib hadisəni dərk etdiyi anı möhtəşəm şəkildə kətan üzərində təsvir edib. Əsərdə çar təşviş içindədir, qarşımızda zəhmli hökmdar yox, dərddən ağlını itirmiş ata var. Ölüm ayağındakı oğlunun bədəninə bərk-bərk yapışan çar, onun gicgahındakı yaranı bağlamağa və sürətlə axan al qanı dayandırmağa çalışır. Şahzadə isə ağlını itirmiş atasını bağışlayan mülayim bir üz ifadəsi ilə göstərilib.

Rəsm əsərində mərkəzi kompozisiya cansız bədəndir. Tamaşaçının diqqətini ilk öncə şahzadə İvanın təsviri çəkir. Sonra tamaşaçı atanın heyrətdən bərəlmiş gözlərini görür. Çarın üz ifadəsi onun çəkdiyi əzabı, mənəvi iztirabı göstərir. Tablodakı digər elementlər bu səhnənin təsirini daha da artırır. Qırmızı xalçalar, aşmış kreslo, çarın əl çubuğu və qırmızı naxışlı xalılar. Rəssam əşyalarda istifadə etdiyi qırmızı rəngi şahzadənin axan qanı ilə eyni tonda seçib. Qapı arasında da cinayət şahidinin kölgəsi nəzərə çarpır. Digər maraqlı bir detal divardakı aynadır. Qaranlıq fonda olan ynadakı təsviri görmək olmur. Şəkil, güzgü və ya ikona olduğunu müəyyənləşdirmək mümkün deyil.

Qeyd edək ki, qədim zamanlardan slavyanlar şeytanın güzgüdə əks olunmadığına inanıblar. Çox güman ki, rəssam bunu şərh eməyi insanların öhdəsinə buraxıb.

İlya Repin "Uzaq – yaxın" ("Далекое – близкое") povestində yazır ki, şəkil barədə düşüncələr onda Nikolay Rimski-Korsakovun konsertindən qayıdarkən yaranıb. Rəssam bunu bu cür izah edib: "Onun musiqi trilogiyası və oradakı məhəbbət, hakimiyyət və qisas məndə elə böyük təəssürat hissi oyatmışdı ki, həmin musiqi gücünə bərabər bir rəsm əsərini təsvir etmək istəyi yarandı".  

Qəmər Şahbaz