XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 18:03

Dünyanın sirli sənət nümunələri:Yan Vermeerin “Rəssamlığın alleqoriyası” əsəri

Jan_Vermeer_-_The_Art_of_Painting_-_Google_Art_Project

Rəssamlıq tarixinin ən sadə, bəlkə də, ən kasıb nümayəndəsi XVII-ci əsrdə yaşamış hollandiyalı Yan Vermeer olub. 20 yaşında ailə həyatı quran rəssam evi olmadığı üçün qaynanasının yanında qalıb. Onun on bir uşağı var idi. Maddi vəziyyəti yaxşı olmadığı üçün hətta şagirdinin də pulunu verə bilməyib. Lakin yaşadığı dönəmdə varlı təbəqə incəsənətə meylli idi, hər ailənin evində, təxminən, 100-200 sənət əsəri olurdu. Bu rəqəm, həqiqətən də, inanılmazdır, amma bu, dəb idi. Çünki yüksək zümrə bunu alicənablıq və aristokratiya kimi qəbul edirdi.

O həyatda olarkən dəyəri bilinməyib və tanınmış rəssamlar sırasına daxil olmayıb. Öldükdən 200 il sonra sənətşünas Tore Burger (Thoré-Bürger) tərəfindən əsərləri kəşf edilib incələndikdən sonra Hollandiyanın mədəniyyət simvoluna çevrilib. Onun şah əsərlərindən biri “Rəssamlığın alleqoriyası”dır (orginalda: “The Art of Painting”).

Əsərin çəkildiyi tarix dəqiq bilinmir. Bəzi mütəxəssislər 1665-1668-ci illəri, bəziləri isə 1670-1675-ci illəri göstərirlər.

Amerikalı incəsənət tarixçisi, professor və yazıçı Svetlana Alpers bu tablonu indiyə kimi gördüyü bütün sənət nümumələrindən daha iddialı və bənzərsiz hesab edir. Tarixçi Albert Blanket isə əsər haqqında bunları deyib: “Heç bir rəsm əsərində təbii işıqlandırma və bütünləşmə buradakı kimi mükəmməl deyil”.

XVII əsrdə rəssamların müştəriləri onların studiyasına gəlib işin gedişatını izləyir və ya öncədən çəkdikləri bəzi rəsmlərə baxıb qərar verirdilər. 1663-cü ildə məşhur fransalı səyyah, fizik, diplomat Baltazar Monkoni (Balthazsar Monconys) rəssamın yanına gəlib. Lakin Vermeerin ona göstərməli heç bir əsəri olmayıb. Bu səbəbdən səyyah narazı qalıb və heç bir sifariş verməyib. Bunu qürur məsələsi hesab edən rəssam daha sonra “Rəssamlığın alleqoriyası”nı çəkməyə qərar verib. Bu bir növ “mən də varam” demək istəyi idi. Mütəxəssislər bunun ad, kompozisiya və ikonoqrafiya baxımından Vermeerin bütün əsərlərinin toplusu olduğunu düşünürlər.

Bəs nə idi rəsmi bu qədər məşhur və əvəzsiz edən? Vermeerin fotoaparat dəqiqliyi ilə işlədiyi işıqlandırma texnikası idi. Əsərin səhər saatlarında çəkdiyi güman edilir. Buradakı mükəmməl perspektiv üçün rəssam riyazi hesablamalar və xırda incəsənət hiyləsindən istifadə edib.

Xəritənin kənarlarındakı kölgələr, stulun üstündəki əşyaların parıltısı, qadının üzünə düşən günəş şüaları işıq texnikası ilə o qədər mükəmməl işlənib ki, heyrətlənməmək mümkün deyil.

hgdh

O, tablonun mərkəzindən iynə ucu boyda deşik açıb ona ip bərkidib. Daha sonra əşyaların yerini və simmetriyasını dəqiqləşdirmək üçün ipi təbaşirə bulayaraq kətanın üzərində ölçülər aparıb.

Şəkildə iki əsas fiqur var. Vermeer əsərdə mavi geyimli bir qadını və onun portretini çəkən rəssamı təsvir edib. Fransalı yazıçı və tarixçi Cin Luis hesab edir ki, şəkildəki rəssam elə Vermeerin özü, model isə qızı və ya həyat yoldaşıdır.

Qadın model pəncərə tərəfdə yeddi böyük krallığın, yəni keçmiş Niderlandın xəritəsinin asıldığı divarın qarşısında dayanıb. Rəssam isə üzü görünməyəcək şəkildə qızın başındakı dəfnə yarpağından olan tacın eskizini çəkərkən təsvir edilib. Qızın yanında Vermeerin imzası var (“ I. Verm.meer”). Rəssamın əynindəki qara libas və arxasındakı kəsiklər isə zərif bir görüntü verir. Qısa və şiş şalvarı, narıncı corabları onun dövrünün modasına uyğun geyindiyini və işinə nə qədər hörmətlə yanaşdığını göstərir. Bu paltar Barokko dövrünün nümayəndəsi Piter Paul Rubensin tablosundakı paltarı xatırladır.

qü

Əsərdəki qadının kimi təmsil etdiyi çox uzun illər bilinməyib. 300 ildən sonra mütəxəssislərin araşdırmaları sayəsində onun pərilər tarixindən bəhs edən kitabdakı Klio olduğu bəlli olub. Qadının başındakı dəfnə yarpaqları isə alicənablıq və şan şöhrətin, əlində tutduğu boru və ya kərənay isə qələbənin simvoludur. Kitab isə obrazın təsir gücünü artırmaq üçün çəkilib.

Bu sarışın və zərif qadın rəssamın 34 tablosundan 18-də model olub.

Rəsmdəki xalça və stul izləyicinin diqqətini mərkəzə yönəldir. Bu üsul həmin dövrdə geniş yayılmışdı. Hətta Vermeer “İnancın alleqoriyası” əsərində də bu üsuldan istifadə edib.

Divardakı xəritənin tam ortasında simmetrik bir qırış var. 1660-cı ildə Hollandiya iki hissəyə ayrılıb. Çox güman ki, rəssam bunu vurğulamaq istəyib. Xəritənin yuxarı hissəsindəki yazıda isə deyilir: “Nikolay Piskator tərəfindən yığılmış məlumatlar əsasında yeni dəqiq məlumatlarla və dəlillərlə təsvir edilmiş Daxili Almaniyanın (Niderlandın) 17 yeni əyaləti”.

uyü

Stulun üstündəki gips maska, bez parçaları, not dəftərini xatırladan kitab və başqa şeylər antik dövr fəlsəfəsində öyrədilən “yeddi sənət” və ya “liberal incəsənət” nümunəsidir. Mərmər döşəmə və qızılı rəngdə çilçıraq rəssamın incə zövqünün göstəricisidir.

Çilçıraq üzərində ikibaşlı qartal keçmişdə Hollandiyanı idarə edən Harsburqlar sülaləsinin gerbidir. Yaşadığı ölkədə çoxluğun protestant olmasına baxmayaraq Vermeer katolik idi. Çilçıraqda şamların olmaması isə ölkədə katolik işığının söndüyünə işarədir.

Uzun illər dünya Vermeerin əsərlərinə diqqət etməyib. 1860-cı ildə fotoqraf sahəsinin yaranması ilə işıq texnikasına olan maraq Vermeeri dünya şöhrətli rəssam edib. “Rəssamlığın alleqoriyası” isə 20-ci yüzillikdən sonra artıq laiq olduğu dəyərə sahib olub. Həmin dönəmdə əsərin sahibi Çernin (Czernin) ailəsinin vecsiz oğlu idi. Əsər Hollandiyanın mədəniyyət simvolu sayılsa da sahibi satmaq qərarına gəlib. Əsərin ən böyük heyranı isə 20-ci əsrin radikal və iddialı sənət vurğunu Adolf Hitler idi. Hitler əsərin sahibinə yüksək miqdarda pul təklif edərək onu alıb. Lakin məhkəmə satışına qadağa qoyub və Hitlerdən əsəri geri verməyini istəyib. Hitler isə tərəddüd etmədən tablonu geri verib. Təbii ki, bu sadəcə göz yanıltması isi. Hitler dərhal daha artıq pul təklif edərək əsəri sahibindən qeyri-qanuni yolla alıb. O, tablonu öz şəxsi kolleksiyasına əlavə edib. Adolf Hitlerin burada 8000-dən çox sənət əsəri var idi. Bu o deməkdir ki, dövlət incəsənət muzeylərindən iki dəfə artıq idi. O, 54 yaşı tamam olanda bütün xalqa üzərində “Rəssamlığın alleqoriyası”ın şəkli olan broşura payladıb və özünü Almaniya incəsənətinin qoruyucusu adlandırıb.

1943-cü ilin may ayında Münhen bombalandıqda Hitler bütün əsərləri yeraltı mədənlərdə gizlədib. Bu şəkildə heç bir əsərə ziyan gəlməyib. Daha sonra Amerika əsgərlərinin axtarışı nəticəsində tapılıb və 1945-ci ildə Vermeerin əsəri Avstraliyaya verilib.

Son olaraq qeyd edək ki, Hitlerin tablonu bu qədər istəməyinin səbəbi əsərdə zəfər və tarixdən bəhs edilməsidir.

Qəmər Şahbaz