XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 19:25

Entoni Hopkins:“Teatrda oynaya bilmərəm, orda özümü dustaq kimi hiss edirəm” -MÜSAHİBƏ

entoni esas

 “The Talks” internet jurnalı məşhur Hollivud ulduzu, aktyor Entoni Hopkinsdən müsahibə götürüb.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

 

– Bir dəfə demişdiniz ki, yaşadığınız bəzi təcrübələr daha çox yuxu kimi gəlir. Bəs elə anlar olubmu ki, mücərrəd şeylər də reallığa çevrilsin?

– Son 30 ilimin əksər hissəsində buna rast gəlmişəm. Uşaqkən xəyal etdiyim, yeniyetmə və gənc olaraq istədiyim şeylərin nəticələri və təzahürləri. Bunlar hardasa 30 il öncə reallaşdı. Fikirləşirdim ki, ola bilməz. Bütün bunlar gözlədiyim, ya da xəyal etdiyim kimi baş verir. Demək olar, bütün həyatım bu cür keçib və hamımızın sahib olduğu bu gücdən çox təsirlənmişəm. Getdiyimiz yolu özümüz yaradırıq.

– Sizcə, aktyorların və rejissorların daha geniş mənəvi dünyası var? İnsanlar tez-tez deyirlər ki, aktyorlar daha emosional və həssasdı.

– Mən heç vaxt göz önündə olan aktyorluğa hesablanmış sənət ifadəsinə inanmamışam. Daha çox aktyorluq barədə ən adi detalları belə vecinə almayan, aktyorluğun “ət və kartof çeşidi” sayılan insanlar kimi olmaq istəmişəm. Bəlkə də buna görə hər şeyə bir az satirik yanaşıram. Amma inanıram ki, aktyorluq yaradıcı prosesdi, eləcə də rejissorluq və musiqi. Məncə, yaradıcı insan – özüm də daxil, – o demək deyil ki, mütləq aktyor, musiqiçi, yaxud rəssam olmalıdı. Düşünürəm ki, yaradıcı sənətlə, ya da yaradıcı bir işlə məşğul olmaq sizi nisbətən fərqli edə bilər, amma bilin ki, seçilmiş biri deyilsiniz.

– Aktyorların çoxu məhz bu cür davranır…

– Elə bundan ehtiyat etmək lazımdı, əgər sən hesab edirsənsə xüsusi oksigenlə nəfəs almaq imtiyazın var, deməli, problemlərlə üzləşəcəksən. Bu, sərsəmliyə aparan yoldu. Studiyalardakı insanların çoxu bu cürdü. Seçilmiş olduqlarına inanırlar. İstər arınmış olsunlar, istər lənətlənmiş, fərqi yoxdu, insanlara onların bir balaca da olsa, istedadı lazımdı. Başqa heç nə. Çünki fərqli olmaq o demək deyil ki, siz kimdənsə üstün və ya daha yaxşısınız.

– Haçansa sizə stimul verən rejissor olub?

– Bir neçə nəfər olub. Hər birinin də ayrı iş prinsipləri var idi. Mən Oliver Stounla, Spilberqlə işləmişəm. Onlar ən yaxşılardan idilər və uğur qazanmağıma səbəb oldular. Sonra özüm rejissor kreslosuna oturanda çalışırdım ki, öz dəsti-xəttimi formalaşdırım. Kimdənsə təsirlənmək, nümunə götürmək təbii haldı. Oliver Stoun böyük rejissordu, illər boyu onun filmlərini izləmişik. Amma mən çalışmışam ki, daha çox öz xəyal gücümdən faydalanım. Bütün şablonları qırmaq, qəlibləri dağıtmaq və bir az da əylənmək üçün ortaya fərqli bir şey qoymaq istəmişəm.

– Aktyorluq gənc qalmağınıza təsir edirmi?

– Əlbəttə. Mən hələ də gəncəm! Yaradıcı olmaq və beyninizi həmişə məşğul etmək sizi daha həssas edir və daha gec ölürsünüz. Buna baxmayaraq, bəzən yorulduğumu hiss edirəm, “artıq geri çəkilməliyəm” deyə düşünürəm, amma təqaüdə çıxmaq da istəmirəm. Çünki işimdən həzz alıram və əlim heç nə tutmayana qədər davam edəcəyəm. Görmək istədiyim tək şey budu.

– Aktyorluq hələ də sizi həyəcanlandırır?

– Hal-hazırda bir az. Həmişə bundan zövq almışam, amma indi daha çox əyləndirir məni… Çünki asan gəlir. Teatrda isə oynaya bilmərəm, çünki teatr çox ciddiyyət tələb edir. Orda özümü dustaq kimi hiss edirəm. Özüm bacarmadığıma görə bacaran adamlara həsəd aparıram. Daha çox öz həyatımı yaşamaq və arada filmlərdə oynamaq istəyirəm.

– Bu aralar şəxsi həyatınızı necə təsvir edərdiniz?

– Piano çalıram və bunu sevərək edirəm. Kitab oxuyuram, rəsm çəkirəm, musiqi bəstələyirəm, həyatım yaradıcı detallarla doludu. Amma bilirsən, bunlarsız da yaradıcılığın əsiriyəm. Rəsm çəkməkdən zövq alıram. Bilmirəm, yaxşı çəkirəm, ya yox, amma cəhd edirəm. Özü də çox sürətlə çəkirəm. Akril üstündə işləyirəm, buna daha çox iş kimi yanaşıram. Mahnı yazıram, ona not bəstələyirəm, pianoda ifa edirəm, çoxlu oxuyuram, bu cür həyat çox gözəldi. Aktyorluqsa daha çox aradakı xırda boşluqları doldurur.

– Elə bil özünüzlə harmoniya qurmusunuz…

– Kaş ki gənc olanda bu gün nələri bildiyimi, nələri hiss etdiyimi, indi necə rahat olduğumu biləydim. Çünki insan gənc olanda daha enerjili olur, hər şeyə önəm verirsən. İndi isə geriyə dönüb baxanda fikirləşirəm: “Bütün bunların nə mənası vardı?” Heç nə göründüyü qədər önəmli deyil, sadəcə öz həyatını yaşamalısan, çünki gəncliyin ömrü çox qısadı.

– Belə çıxır ki, qocalıqdan da həzz alırsınız?

– Əlbəttə. Həmişə formadayam. Güzgüyə baxanda qırışları görürəm, amma vecimə də olmur. Gözəl dövrdü. Səbəbini bilmirəm, amma gözəldi. Ölümlü olduğunu bilmək xilas olacağını dərk etməkdi. Çünki ölüm nəhayətində səni hər şeydən alıb aparır. Həyatı gözəl edən də budu, başa düşürsən? Karl Yunqu oxu. Dünyagörüşün çox zənginləşəcək. Deyir ki, heç birimiz hara getdiyimizi bilmirik, elə buna görə də həyat maraqlıdı.

– Arzuladığınız hər şeyə çatmısınız?

– Hətta arzularımdan da o tərəfə. Özümü çox şanslı hiss edirəm. Keçmişdə problemlərim, əziyyətim çox olub, amma həmişə irəli baxmışam. Mükəmməl həyatım olub deyə bilərəm, buna görə də hər şeydən razıyam.

 Sim-sim.az