Venesiyada intibah dövrünün son və parlaq iki rəssamından biri Paolo Veronezedir. O, Tisian Veçellio və Tintoretto ilə birlikdə Venesiya incəsənətinin zirvəsini yaradan üçlükdən idi.
Veroneze öz əsərlərində adətən Venesiya Respublikasını, onun əzəmətini, hərbi qələbələrini tərənnüm edib. “Levinin evində ziyafət” (orginal adı: “The feast in the house of Levi”) əsəri isə monastrın sifarişi ilə şəkilib. Monastr rəssamdan İsa Məsih və həvarilərin sonuncu şam yeməyini çəkməyini istəyib. Bu əsər də Paolo Veronezenin digər məşhur rəsmləri kimi böyük ölçüdədir.
Bu təsvir Verenozenin səciyyəvi ziyafət əsərlərindən biridir. Burada da incə detallar və canlı rənglərdən istifadə edilib. Kaşı detalları ilə işlənmiş döşəmə izləyicinin diqqətini birbaşa İsa Məsihə yönəldir.
Veroneze əsərdə açıq havada tağ və dirəklərlə inşa edilmiş möhtəşəm bir məkanda toplanmış xeyli sayda insan və başdan aşağı bəzədilmiş ziyafət süfrəsi təsvir edib. Rəsm əsərinin mərkəzində başında halə görünən İsa Məsih və ən gənc həvarisi Yəhya söhbət edir. İsanın o biri tərəfində isə masadakı quzunu parçalayan Petrus var. Bu quzu İsa Məsihin çarmıxa çəkilərək qurban ediləcəyinə işarədir. Masanın qarşısında narahat şəkildə göstərilən yaşıl paltarlı şəxsin İsaya xəyanət edən həvari Yəhuda olduğu güman edilir.
Əsərdə İsa və həvarilər nizamsız və olduqca təbii halda təsvir olunub. Lakin təkcə həvarilər deyil, xidmətçilər də eynilə dağınıq və nizamsız hərəkət edirlər. Gündəlik işlə məşğul olan insanlar kimi görünürlər. Hətta masanın altında gizlənmiş pişik və ona baxan it də bunun göstəricisidir. Rəsmin kənarında görünən başısarıqlı şəxslər Venesiyanın Avropa qədər Şərq ölkələri ilə də əlaqədə olduğunu vurğulayır.
Olduqca görkəmli və əzəmətli olan Verenozenin əsəri vaxtilə Venesiyada böyük müzakirələrə səbəb olub. Rəssam, Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” (“The Last Supper”) əsərindən fərqli olaraq fərqli olaraq öz tablosunda dini motivləri adiləşdirirərək, xristianlar üçün müqəddəs bir gecənin təsvirinə təlxək və digər motivləri əlavə edib. Bu səbəbdən kilsə əsəri kafir əməli olaraq qiymətləndirib və Verenoze inkvizisiya məhkəməsində sorğulanıb.
Rəssamın məhkəmədəki çıxışı günümüzə qədər yazılı şəkildə gəlib çıxıb. O, məhkəmədə özünü müdafiə edərkən bildirib ki, monastr ona xəyal gücünü istifadə etmək üçün səlahiyyət verib və əsərin ölçüsü böyük olduğu üçün də bu cür fiqurlardan istifadə edib. Məhkəmə bir çox detalın dəyişdirilməsini tələb etsə də, rəssam qəbul etməyib. Bunun əvəzinə əsərin adını “Sonuncu şam yeməyi” əvəzinə “Levinin evində ziyafət” qoyub. Alınan nəticədən həm məhkəmə, həm monastr, həm də Verenoze razı qalıb.
Qəmər Şahbaz