XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2017 - 22:18

Milli Qəhrəman Murad Mirzəyevlə bağlı film Marneulidə nümayiş olundu –FOTOLAR

Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə hazırladığı və Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin Gürcüstanda təqdimatı keçirilib. 

Mətbuat Şurasından Strateq.az-a verilən məlumata görə, soydaşlarımızın kompakt məskunlaşdıqları Marneuli rayonunda düzənlənmiş mərasimdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantını Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva açıb.

Tədbirdə çıxış edən deputat Əflatun Amaşov Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən söz açıb.

O bildirib ki, hər iki xalqı ortaq dəyərlər birləşdirdiyi kimi ortaq talelər də birləşdirir. Bu baxımdan işğal amilini qabardan deputat hazırkı status-kvonun tezliklə aradan qalxacağına, haqq-ədalətin öz yerini tutacağına əminliyini vurğulayıb.

Ə.Amaşov həmçinin bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı “Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filmi Milli Qəhrəman M.Mirzəyevin şücaəti timsalında tarixə “4 günlük müharibə” kimi düşən savaşda Azərbaycan Ordusunun qüdrətindən söhbət açılır.

Daha sonra sənədli film nümayiş olunub.

Filmdə Milli Qəhrəman M.Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunub. Həmçinin M.Mirzəyevin 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri də filmin süjet xəttini təşkil edib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani və Ruslan Hacıyev, habelə Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, bələdiyyə sədri Nəbi Abdullayev, gənclərdən Elşən Çobanov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından danışıblar. Toplantıda onların əziz xatirəsinin daim ürəklərdə yaşayacağına, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik ifadə olunmaqla yanaşı bildirilib ki, hərbi vətənpərvərlik ruhunda filmlərin nümayişi gənclərin mənəvi sağlamlığına böyük təkan verir.

Qeyd edək ki, “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan 32 dəqiqəlik “Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin baş məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Ekran işinin müəllifi isə rejissor və ssenarist Bəxtiyar Qaracadır.