Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb.
Yenicag.az-a açıqlama verən aktrisa yenidən geri qayıdacağını deyib: “Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə – valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəm. Sonra yenidən Türkiyəyə qayıdacam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəm”.
Aktrisa səhhəti ilə bağlı bunları deyib: “Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacam”.
Xalq artisti səhnəyə qayıtmayacağını da deyib: “42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım”.
Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.