Hindistanın məşhur musiqi qrupu “Indian Ocean” (Hind okeanl) 10-14 sentyabrda Azərbaycana səfərə gələcək. Məlumatı Strateq.az saytına Hindistanın Azərbaycandakı səfirliyindən veriblər.
“Indian Ocean” qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük uğur qazanıb. Bəzi tənqidçilər “Indian Ocean” qrupunun musiqisini mənəviyyat, fəallıq, ətraf mühitin mühafizəsi, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.
Səfirlikdən bildiriblər ki, qrupun səfəri Hindistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsi sayılır. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqi sevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edir.
Qrup 11 sentyabrda, saat 19:00-da Bakı şəhərində Dənizkənarı Bulvarda və 13 sentyabrda, saat 19:00-da Sumqayıt Dənizkənarı Bulvarında canlı musiqi proqramları ilə çıxış edəcək. Konsertlərə giriş sərbəst olacaqdır.
Laçın
Strateq.az