“Hindistan və Azərbaycanın qədim mədəni əlaqələri mövcuddur, ümumi maraqlar xalqları bir-birinə yaxınlaşdırır”.
Bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıda səfərdə olan Hindistanın məşhur “Indian Ocean” rok qrupunun konsertində çıxışında bildirib.
Üç günlük konsertin Hindistanın Mədəni Əlaqələr Şurasının və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə reallaşdığını vurğulayan səfir bildirib ki, qrupun ölkəmizə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbirlərin tərkib hissəsini təşkil edir. Səfir qeyd edib ki, “Indian Ocean” rok qrupu 1990-cı ildə Dehlidə yaradılıb. Qrup öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradaraq uğur qazanıb. Bəzi tənqidçilər “Indian Ocean” qrupunun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edir.
Azərbaycana ilk səfərlərində “Indian Ocean”ın üzvü Rahul Ram bu qrupun Hindistandan Azərbaycana qastrol səfəri etmiş ilk əsas qrup olduğunu söyləyib. Qrup Bakının gözəlliyi və Bakı xalqının müsbət enerjisindən təsirləndiklərini qeyd edib. Onlar həmçinin, Azərbaycandakı musiqi dünyasını təqdir etdiklərini də ifadə edib.
Xatırladaq ki, “Indian Ocean” növbəti konsert proqramı ilə bu gün saat 19:00-da Sumqayıt Dənizkənarı Bulvarında çıxış edəcək.
L.SƏMLA
Strateq.az