XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 11:14

Türk rejissorun filmi Qran-pri qazandı- Tokio Beynəlxalq Film Festivalında

Türk rejissoru Semih Kaplanoğlunun “Toxum” filmi Tokio Beynəlxalq Film Festivalının əsas mükafatına – Qran-priyə layiq görülüb.

Azərtac xəbər verir ki, nüfuzlu festivalın baş mükafatını qazanan film Türkiyə, Fransa, Almaniya, İsveç və Qətər kinematoqrafçılarının birgə iştirakı ilə lentə alınıb. Filmdə əsas rolda Jan-Mark Barr çəkilib. Elmi fantastika janrında çəkilən filmdə yaxın gələcəkdə insanların qarşılaşa biləcəyi ərzaq çatışmazlığı və ekoloji problemlərdən bəhs olunur. Filmin əsas qəhrəmanı insanlığı xilas etmək üçün toxum tapmaq məqsədilə yola çıxan professordur.

Festivalın müsabiqə hissəsində ümumilikdə 15 film nümayiş olunub.

Ən yaxşı rejissor işinə görə mükafat malayziyalı rejissor Edomondo Yyonun “Akerat. Biz ölülərik” filminə verilib. İtaliyalı kinematoqrafçıların “Kasa bürcü” filmi münsiflər heyətinin xüsusi mükafatını alıb. Çinin çəkdiyi “Yaxınlaşan qasırğa” filmi isə iki mükafata – incəsənətə töhfə və Du Yuanın ifa etdiyi ən yaxşı kişi roluna görə mükafatlara layiq görülüb. Fransanın “Marilin” filmi Adelin D”Erminin ifa etdiyi ən yaxşı qadın roluna görə, finlandiyalı kinematoqrafçıların “Evtanizator” filmi isə “Wowow” teleşirkətinin mükafatlarını alıblar. Yaponiyanın “İstədiyin qədər titrəyə bilərsən” filmi isə tamaşaçı simpatiyası mükafatına layiq görülüb.

Asiyanın ən nüfuzlu kino festivalının keçirildiyi 10 gün ərzində tamaşaçılar 200-dən çox filmə baxıblar.

Festivalın münsiflər heyətinə “Ceyson Born”, “Qara geyimli adamlar”, “Qaçqın” filmlərindən yaxşı tanınan aktyor və rejissor Tommi Li Cons rəhbərlik edib.