XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 21:40

Əbülfəs Qarayev Moldovadan gələn nümayəndə heyəti ilə görüşüb –Müzakirə + FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.

Nazir “Moldova ədəbiyyatı günləri”ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirib. O bildirib ki, qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: “Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır”.

Səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir.

Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə və qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirib. 

O qeyd edib ki, layihə çərçivəsində mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsi və təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi planlaşdırılır.  

Səfirin sözlərinə görə, il ərzində Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam Festivalı, “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.