XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 23:29

Salyan, Biləsuvar və Yardımlı rayonları ərazisində yeni arxeoloji kəşfiyyat işləri aparılıb –Açıqlama + FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Əlibaba Babayevin rəhbərlik etdiyi Salyan-Biləsuvar arxeoloji ekspedisiyası Salyan, Biləsuvar və Yardımlı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. Ekspedisiyada AEİ-nin şöbə müdiri, arxeoloq, tarix elmləri doktoru, professor Arif Məmmədov da iştirak edib.

İnstitutdan Strateq.az-a verilən məlumata görə, tədqiqatlar Salyan rayonunun Qırxçıraq yaşayış yerində, Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanlı küp qəbirlərinin olduğu ərazilərdə aparılıb:

“Arxeoloji tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının, IX-XV əsrlərə aid müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr tapılıb.

Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılıb. Abidənin orta hissəsi çökmüş formadadır. Bu hal digər salamat qalmış təpəliklərdə də hiss olunur. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinmişdir ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə olunub.

Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir.

Ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olub, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə alıb. Ən böyük mağara isə, Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqdakı Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq qeydə alınıb. Bu abidələr “Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi adlı ilk orta əsr yaşayış yeri mövcuddur. Onu yerli əhali “Şütürüm (cəld, şıltaq) küllüyü” adlandırır. Rayonun Qarauldaş kəndi ərazisində N saylı hərbi hissənin yaxınlığında, Cin dərəsi adlandırılan ərazidə antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri, elə həmin ərazidə iki ədəd büt daş, eləcə də daş qutu qəbirlər, orta əsrlər dövrünə aid torpaq qəbirlər və s. aşkarlanıb.

Tədqiqat işləri zamanı saxsı qabların bütövləri və hissələri, sapand daşları, bülöv daşı, metal əşyalar və s. əldə edilib.

Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır”.