XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 21:38

Azərbaycan Xalça Muzeyində“Xocalı–Qan yaddaşımız” adlı tədbir keçiriləcək

xocali-unutma

 

Fevralın 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı – Qan yaddaşımız” adlı tədbir keçiriləcək.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının silahları ilə erməni və rus hərbi birləşmələri Xocalıya hücum edərək tarixin ən ağır soyqırımını törətmişlər. Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima və Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Məqsəd Qarabağın azərbaycanlılardan ibarət strateji əhəmiyyətli mövqeyini aradan qaldırmaq, Xocalını yer üzündən silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Xalça Muzeyinin “Şuşa filialı”nın birgə hazırladığı “Xocalı – Qan yaddaşımız” adlı anım tədbirini keçirməkdə məqsədi xalqımızın başına gətirilən bu faciəni unutmamaq, gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.  

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Xalça Muzeyinin direktor əvəzi Mira Məmmədxanova və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov faciə ilə bağlı çıxış edəcəklər. Həmçinin tarix elmləri üzrə fəlsəfə doktoru, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilin mövzu ilə bağlı (foto-slaydın nümayişi) çıxışı və “Xocalı vaxtı” sənədli filim təqdim olunacaq.  

Bədii hissədə Şuşa rayon Mədəniyyət evinin şəhid övladlarının iştirakı ilə hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya, Xalça muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Xocalı – Qan yaddaşımız” adlı rəsm sərgisi nümayiş olunacaq.

Sonda muzeyin bələdçiləri tədbir iştirakçılarını Azərbaycan Xalça Muzeyinin ekspozisiyası, həmçinin bu gün fəaliyyətini xalça muzeyində davam etdirən Şuşa filialının III mərtəbədə sərgilənən eksponatları ilə tanış edəcəklər. Azərbaycan Xalça Muzeyinin kitabxanasında toplanmış Xocalıya aid kitablardan ibarət sərgi də gələn qonaqlara təqdim ediləcək.