XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2020 - 22:13

“Nə belim əyilib, nə başım əsir, nə dilim dolaşır” –Xalq artistini işdən çıxarıblar

Xalq artisti Tariyel Qasımov uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılıb. 

Strateq.az xəbər verir ki, bu məlumatı Yenisabah.az-a aktyor özü verib: “Dedilər ki, qoca kişisən, daha yaramırsan. Gənc Tamaşaçılar Teatrında bir tamaşam vardı: “Sarıköynək və Valehin nağılı”. Onu da repertuardan çıxarıblar ki, mən ümumiyyətlə, teatrda olmayam. Hazırda təqaüddəyəm, rayonda qalıram, Ağstafada”. 

81 yaşlı aktyor bundan sonra gələn serial təkliflərini dəyərləndirəcəyini bildirib: “Mən aktyoram, bundan sonrakı təklifləri də gözdən keçirəcəyəm, qane edən ssenari olsa, çəkiləcəyəm. O yaş həddini kim müəyyən edib, heç bilmirəm. Heç bir teatrda belə şey yoxdur.

Məsələn, öz aktyorumuzun adını çəkim: Ağasadıq Gəraybəyli. O, 90 yaşında “Əliqulu evlənir” tamaşasında oynayırdı. Heç gözləri də yaxşı görmürdü. Vaxtilə biz institutu bitirib teatra gələndə böyük sənətkarlardan öyrənirdik, təcrübələrindən faydalanırdıq. İndi yaşlıların hamısını teatrdan çıxardılar. Bəs institutu bitirib gələn gənclər kimdən öyrənəcəklər? Məsələ bax, budur. Həm də belə bir məsələ var, mənim yaşım çoxdur, düzdür, amma nə belim əyilib, nə başım əsir, nə dilim dolaşır. Nəyə görə çıxarılmalıyam? Bu ancaq Gənc Tamaşaçılar Teatrında olub. Qalan heç bir teartda yaşlı aktyorları işdən çıxarmayıblar, onlar tamaşalara çəkilir, maaşlarını da alırlar. Bizə deyirlər müqavilə bağla, gəlib tamaşanı oynayarsan. Müqavilə bağladıq, o saat da tamaşanı repertuardan çıxatdılar”.