Aslan KƏNAN
Hörmətli Abbasqulu Nəcəfzadə!
Sizin 27 aprel tarixində “Azvision.az” saytında dərc edilən “İrəvanda qalmayan xalın sirri: bir mahnının tarixi” yazınızı oxudum. Elə məqalənizin ilk cümləsindəcə məndə bu təəssürat yarandı ki, yazı görkəmli sənətşünas-alim Firidun Şuşinskiyə qarşı qərəz və düşmənçilik hissləri üzərində qələmə alınıb.
Sizin etirazınız F.Şuşinskinin görkəmli xanəndə, məşhur musiqi xadimi və vokal sənətinin ən nəhəng simalarından olan Cabbar Qaryağdıoğlu haqqında yazdığı kitabda “İrəvanda xal qalmadı” mahnısı barədə qeyd olunan fikirlərinədir.
Qərəzli yazınızın ilk cümləsini olduğu kimi həm sizə, həm də dəyərli oxuculara xatırlatmaq istərdim: “Heç bir musiqi təhsili almayan, özünü həmişə musiqişünas kimi təqdim etmiş ixtisasca tarixçi Firidun Şuşinskinin (1925-1997) söylədiyinə görə, “İrəvanda xal qalmadı” mahnısınin musiqisi və sözləri Xalq artisti Cabbar Qaryağdıoğluya (1861-1944) məxsusdur”.
Daha sonra qeyd edirsiniz ki, F.Şuşinski “…heç bir elmi əsası olmayan, ciddi faktlara söykənməyən, reallığı əks etdirməyən və milli mentalitetmizə uyğun gəlməyən bir uydurma təqdim edib”.
Aydın deyil ki, sizi əsəbiləşdirən, F.Şuşinskiyə qarşı bu cür aqressiv yanaşmaya sövq edən nədir?
Bizə elə gəlir ki, sizin əsas istəyiniz “İrəvanda xal qalmadı” mahnısının C.Qaryağdıoğluya məxsus olmadığını hər vəchlə “sübuta yetirmək”dir.
Qeyd edirsiniz ki, xanəndə mahnıda gəlinə eşqnamə söyləyib, erotik ifadələr işlədib. Guya, həmin mahnıda “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” ifadələrini işlətməklə, Firudin bəy Azərbaycan kişisini təhqir edir.
Daha bir etirazınız isə bu mahnının 1924-cü ildə deyil, 1910-cu ildə C. Qaryağdıoğlu tərəfindən ifa olunması barədədir və s.
Məgər bu “çatışmamazlığa” görə artıq 25 il bundan qabaq dünyasını dəyişmiş muğam tarixinin tədqiqatçısı Firidun Şuşinski haqqında hədyan yazmaq qəhrəmanlıqdırmı? Dağıstanın xalq şairi Abutalıb Qafurov vaxtilə deyirdi: “Keçmişinə güllə atma, gələcək səni topa tutar”.
İndi gəlin, baxaq, görək, sizin canı-dildən və heç bir etikaya, mədəniyyətə sığmayan, ünvanına qərəzli ifadələr işlətdiyiniz Firidun Şuşinski kimdir?
İlk növbədə xatırladaq ki, Firidun Məhəmməd oğlu Şuşinski ömrünün düz 40 ilini musiqi mədəniyyəti tarixinin tədqiqinə sərf etmiş tədqiqatçıdır. O, sizdən fərqli olaraq, heç bir elmi dərəcəsi olmayan həqiqi alimdir və “Cabbar Qaryağdıoğlu”, “Seyid Şuşinski”, “Şuşa”, “Azərbaycan xalq musiqiçiləri”, “Xan Şuşinski”, “Sadıqcan”, “Musiqişünasın düşüncələri” və digər bu kimi neçə-neçə sanballı əsərlərin müəllifidir.
Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk yazırdı: “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görüb. Xalqımızın musiqi sənəti tarixinin, onun nadir incilərinin araşdırılması, tapılıb bu günkü nəslə çatdırılması işində F.Şuşinskinin əvəzi yoxdur. Bu kitab (“Azərbaycan xalq musiqiçiləri”– A.K.) öz elmi əhəmiyyətinə görə, məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsəri ilə müqayisə etmək olar”.
Biz F.Şuşinskinin geniş yaradıcılığından söhbət açmaq fikrindən uzağıq. Lakin sizin qərəzli yazınızda gedən fikirlərə aydınlıq gətirməyə çalışacağıq.
Qeyd edək ki, Azərbaycanda muğam tariximizin ilk və son tədqiqatı Firidun Şuşinskinin adı ilə bağlıdır. Respublikamızda elə bir musiqi tədqiqatçısı yoxdur ki, Firidun bəy kimi sırf muğam tarixi ilə məşğul olsun. Az-çox varsa da, həmin şəxslər heç kimdən maddi kömək görməyən, arxivlərdə, muzeylərdə aylarla, illərlə işləyən Firidun müəllimin yazdığı əsərlərdən bəhrələnmişlər. Həmin “tədqiqatçılar”, ruhu şad olsun deyə, Firidun bəyin əsərlərinə istinad etdiklərini çox az hallarda vurğulayanlar və daha çox da öz güzəranlarının xoş keçməsinə, min-bir yolla yüksək adlar, təqaüdlər almağa can atnlardır.
Lakin Firidun bəy belə davranışlardan, xırda hisslərdən çox-çox uzaq adam idi.
Onu da xatırladaq ki, XIX-XX əsrlərdə yaşayan hər hansı bir muğam ifaçılarının yubileyləri ərəfəsində ayrı-ayrı müəlliflərin mətbuatda dərc olunan məqalələrində, televiziya verilişlərində, yığıncaqlarında edilən çıxışlarda yalnız Firidun Şuşinskinin əsərlərinə müraciət edilir.
Sizi hövsələdən çıxardan F.Şuşinskinin musiqi tariximiz haqqında 1964-cü ildə nəşr etdirdiyi “Şərq musiqisinin peyğəmbəri” (S.Yesenin) haqqında qələmə aldığı “Cabbar Qaryağdıoğlu” əsəridir.
Bu əsər Azərbaycan vokal sənətinin əvəzolunmaz sənətkarı C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr edilib. Əsər müəllifin sağlığında bir neçə dəfə çap olunub. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu sətirlərin müəllifi C.Qaryağdıoğlunun həyat və yaradıcılığına həsr olunmuş əsərə müəllifin sonralar yazdığı fəsli də əlavə etməklə, F.Şuşinskinin vəfatından sonra kitaba ön söz yazaraq “Şərq musiqisinin peyğəmbəri” adı altında nəşr etdirib.
Hər hansı bir kitabı mütaliə edən oxucunun əsərin müəllifi ilə bu və ya başqa şəkildə təəssüratını bölüşməsi müsbət hal kimi qarşılanır. Oxucu özünün subyektiv və yaxud obyektiv fikirlərini mətbuat vasitəsi ilə çatdıra bilirsə, bu, həm müəllifə, həm də oxucuya xoş təsir bağışlayır. Əsərə qiymət verən oxucu, ilk növbədə, fikirlərini bölüşəndə kənar, qeyri-etik, müəllifi aşağılayan ifadələrdən uzaq olmalıdır. Xüsusən də əsərin müəllifi yaşlı və dünyasını dəyişmiş nəslin nümayəndəsidirsə, milli adətlərimiz tələb edir ki, gərək heç belə hərəktlərə yol verməyəsən.
Sizin iddianıza görə, guya, F. Şuşinski kitabında göstərir ki, “İrəvanda xal qalmadı” mahnısı 1924-cü ildə yox, 1910-cu ildə C.Qaryağdıoğlu tərəfindən ifa olunub.
Diqqətinizə çatdırmaq istərdim ki, əsərdə F.Şuşinskinin yazısında İrəvanın toy məclisində C.Qaryağdıoğlu tərəfindən “İrəvanda xal qalmadı” mahnısının ifa tarixi göstərilməyib (bax.F.Şuşinski “Şərq musiqisinin peyğəmbəri”. Bakı, 2018).
Daha sonra sitat gətirərək, qeyd edirsiniz ki, mahnıda işlədilən ifadələr milli mentalitetimizə ziddir və bunu oxumaqla o zamankı kişiləri aşağılamış, təhqir etmiş olur.
Xanəndə toyda oxuduğu mahnıda “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” sözləri işlədirsə, burada Firidun bəyin nə günahı?! Məgər Firidun bəy toy zamanı (F.Şuşinski 1925-ci ildə anadan olub) C. Qaryağdıoğluya deməli idi ki, sən haçansa A.Nəcəfzadənin xoşuna gəlməyəcək misraları oxuma?! Qəribə yanaşmanız var!
Əvvəla, bilin ki, sizin xoşunuza gəlməyən misralar Hümmət Əlizadənin 1938-ci ildə tərtib etdiyi “Aşıqlar” kitabındandır. Həmin ifadələr C.Qaryağdıoğlu haqqında yazılmış kitabda öz əksini tapmayıb. Anlamaq olmur ki, sizin tərəfinizdən yuxarıda göstərilən və “Azərbaycan kişisinin üzünü qaraldan” ifadələrə hansı yerdə rast gəlinir. Əgər toyda belə ifaları Azərbaycan kişisinə təhqir sayırsınızsa, o zaman Aşıq Alını, Aşıq Ələsgəri və başqa aşıqlarımızın yaradıcılıqlarını da ittiham etməyə başlayın, çünki belə misralara onlarda kifayət qədər rast gəlinir.
Məlumdur ki, C.Qaryağdıoğlunın oxuduğu misralar şifahi xalq yaradıcılığında öz əksini tapıb. Axı xanəndə xalq mahnısını necə dəyişdirə bilər? İndiyə baxmayın – kim mahnını necə gəldi, ifa edir, mahnıya min-bir əlavələr edilir və yaxud xoşlarına gəlmədiklərini götürüb atırlar kənara. Elə bil, atalarının malıdır… O zaman, siz hara baxırsınız, harada qalıb sizin musiqi təəssübkeşliyiniz?
Qeyd edirsiniz ki, guya, İrəvanda gözəl görünməkdən ötrü qızlar üzlərinə xal qoyurdular. Fikrinizi subuta yetirməkdən ötrü siz Azərbaycan panel rəssamlığının əsasını qoymuş Mirzə Qədir İrəvaninin əsərlərinə istinad edirsiniz. Lakin rəssamın hansı əsərində buna rast gəldiyiniz isə məlum deyil. Siz nəzərə almırsınız ki, qızlar tərəfindən yanağa xal qoymaq yalnız İrəvanda deyil, bir çox yerlərdə varıydı. İndi siz bunu yazmaqla “yeni era” açmırsınız.
Mahnıda işlənən “Ayaq quşu” haqqında da “izahat” verirsiniz. Həmin izahatsa boş, quru sözçülükdən başqa bir şey deyildi. Özünüzü hərtərəfli elmə malik olduğunu göstərməkdən ötrü, bu quş haqqında fərziyyələr söyləyirsiniz. Ancaq aşkar görünür ki, sizin “ayaq quşu” haqqında məlumatınız yoxdur.
Mahnının sonuncu misrasında lap “gül” vurmusunuz. İsrarla bildirirsiniz ki, mahnıda “xan qalmadı” ifadəsi əvəzinə, gərək “sultan qalmadı” kimi oxunaydı, çünki Məşədi Hilal Zeynalov 1910-cu ildə bu mahnını oxuyarkən “Şəki” sözü işlədib və Şəkidə də xanlıq yox, sultanlıq olduğundan, hökmən mahnıda da “sultan qalmadı” oxunmalıymış…
Uzun sözün qısası, sizin Firidun Şuşinskinin ünvanına heç bir etikaya, mədəniyyətə sığmayan ifadələr işlətmənizin məqsədini hələ də anlaya bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, sizin əlli yaşınızdan sonra “alim olmaq” eşqiylə qələmə aldığınız “elmi iş”lərin hamısını bir yerə toparlasaq, yenə Firidun bəyin bir əsərindən də çox-çox zəif görünər. Unutmayın ki, F.Şuşinskinin Azərbaycan musiqi mədəniyyəti tarixində əllidən çox muğam ifaçılarının xalqımıza tanıdılmasında müstəsna rolu olub!
Qeyd edilənlərə professor Kamil Vəli Nərimanoğlunun sözlərini də əlavə etsək, deyə bilərik ki, muğam tariximiz, musiqi ifaçılığının keçmişi və çağdaş durumu barədə çox əsərlər yazılıb, hələ bundan sonra da yazılacaq, ancaq Firidun Şuşinskinin yazdığını daha heç kəs yaza bilməyəcək. Yazılması mümkün olmayan yazıları o yazdı və özü ilə apardı.
Bir məsələni də sizin nəzərinə çatdırmaq istərdim: əvvəla, “Cabbar Qaryağdıoğlu” əsərinin işıq üzü görməsindən 60 ilə yaxın bir dövr keçir. Siz kitab haqqında fikrinizi bu vaxta qədər niyə bildirməyibsiniz? İkincisi, sizə xatırladım ki, F.Şuşinskinin sağlığında nəinki musiqişünas, heç ədəbiyyatşünas, tarixçi onunla elmi mübahisə edə bilməzdi. Çünki o, ensiklopedik biliyə malik tədqiqatçı idi. Azərbaycanda yeganə tədqiqatçı idi ki, ömrü boyu hökumətdən bir qəpik də kömək almadan keçmiş MDB-nin arxivlərində, kitabxanalarında, ayrı-ayrı rayonlarda yaşayan qocalardan muğam ifaçıları haqqında məlumatlar toplamaqla, xalqımıza məlum olmayan musiqi ifaçılarını araşdırıb və “Azərbaycan xalq musiqisi” kitabına daxil edib. Təsadüfi deyil ki, Azərbaycanın qəhrəman oğlu, akademik Ziya Bünyadov Firidun bəyin “Azərbaycan xalq musiqisi” kitabını oxuyandan sonra əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı.
Qaldı ki, Firidun bəyi “heç bir musiqi təhsili almayan, özünü həmişə musiqişünas kimi təqdim etmiş” kimi qələmə verməyinizə, bu ifadənin haradan gəldiyi mənə aydındır. Ancaq bilin ki, insanın öz fikri olar, başqasının təsiri altına düşməz. Sizin təsir altına düşdüyünüz insanlar vaxtilə Firidun bəyin birkəlmə xoş sozünə möhtac olanlardır.
Firidun bəy orta musiqi məktəbi bitirsə də, bəzi “sənətşünaslar”dan fərqli olaraq, muğamları çox gözəl bilirdi. Unutmaq olmaz ki, Firidun bəy uzun müddət radio və televiziya ekranlarında muğam haqqında verilişlərin müəllifi və aparıcısı olub.
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri səhifəsində “İrəvanda xal qalmadı” ilə bağlı (nümunənin reyestr kodu: FM0203010002) fikirlərinə bu qurum da əməkdar incəsənət xadimi Firidun Şuşinskinin və bir çox görkəmli şəxslərin dediklərini əsas tutaraq, mahnı müəllifinin Cabbar Qaryağdıoğlu olduğunu bildirir.
Sonda fikrimi SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Rəşid Behbudovun sözləri ilə bitirmək istərdim: “Mətbuatda çıxış edən müəlliflər Firidun Şuşinskini “görkəmli musiqi tədqiqatçısı” adlandırırlar. Ona təkcə “tədqiqatçı” demək azdır. O, həm tədqiqatçı, həm istedadlı musiqişünas, musiqi tarixçisi və musiqi tədqiqatçısıdır. Niyazi haqlı olaraq deyərdi ki, bizdə Firidun Şuşinskidən başqa, cəsarətli musiqi tənqidçisi yoxdur. Aydın məsələdir ki, tənqid olmayan yerdə inkişaf da olmaz”.