Aslan KƏNAN
Məktubunuzla yenicə tanış oldum. Suallarımın cavabını vermək əvəzinə, məni sözlərinizi təhrif etməkdə suçlandırırsınız. Qeyd edirsiniz ki, “Firidun Şuşinskinin kitablarına, onun musiqi mədəniyyətimizdəki xidmətinə bu işin ziyanı xeyrindən qat-qat çoxdur”.
Bəs, siz nə etmisiniz? Sizin yazdıqlarınıza baxaq – yüz səhifəyə çatmayan “kitab”lar. Onların ya tərtibçisi, ya da həmtərtibçisisiniz. Əsərlərinizin çox olduğunu göstərməkdən ötrü, eyni kitabı dəfələrlə nəşr etdirmisiniz. Yalnız “dissertasiyalar”ınızın səhifələri qeyd etdiyimizdən çoxdur. Onun da kim tərəfindən yazıldığı sual altındadır.
Sizin əlli yaşından sonra “alimlik xülyasına” düşməyiniz Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş (1992-2001) dünya şöhrətli, ensiklopedik biliyə malik prinsipal alim, akademik Azad Mirzəcanzadənin bu vəzifəni tərk etdikdən sonra başlayıb. Yoxsa Azərbaycanda bir çox “alimlər”lə yanaşı, siz də müdafiə üzünə həsrət qalacaqdınız.
Qaldı Firidun bəyə tədqiqatçı-alim yazmağıma, bu, sizi niyə belə əsəbləşdirir? Gərək, alim olmaqdan ötrü mütləq kamançaçalan olmalısan? O, əsl alim idi. Firidun bəy sənətşünasların etmədiyini edib. Onu qısqanmağa, ona paxıllıq etməyə ehtiyac yoxdur. Əgər siz özünüzü onunla bir tərəziyə qoymaq istəyirsinizsə, çox yanılırsınız. Bu, mümkün olan iş deyil. Buna görə də o, tarixdə həmişə anılacaq. Sizin kimilər ona qarşı çıxsa belə, tarix onun zəhmətinin qiymətini, əvvəl-axır, verəcək.
Bu azmış kimi, Firidun bəy erməniləri təbliğdə suçlandırılır. Bu yazımda həm sizə, həm də onu erməniləri təbliğ etməkdə suçlayanlara cavab vermək qərarına gəldim. Qoy, bununla da Firidun bəyin əsərlərinin xeyirli, yaxud zərərli olduğuna oxucu qiymət versin…
Səksəninci illərin sonunda SSRİ-nin birinci və sonuncu prezidenti M.S. Qorbaçov Qarabağla bağlı Moskvada plenum çağırır. Plenumdan əvvəl o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Əbdürrəhman Vəzirovdan “Erməni müəllif Zori Balayanın Qarabağ haqqında əsəri var, bəs sizin?”– deyə, soruşur. Katib öyrənir ki, Azərbaycanda da belə bir əsər yazılıb və müəllifi də Firidun Şuşinskidir.
Ə.Vəzirov əsəri əldə etmək üçün aparatın məsul şəxslərindən birini Firidun bəyin yanına göndərir. Müəllif ilk öncə kitabı verməkdən imtina edir, lakin sonra biləndə ki, Moskvada Qarabağ məsələsinə baxılacaq, o zaman özündə olan son nüsxəni vermək qərarına gəlir.
Son dəfə nəşr edilən “Şuşa” kitabı isə, əvvəlki nəşrlərindən fərqli olaraq, müəllif tərəfindən xeyli dərəcədə təkmilləşdirilir.
Xatırladım ki, F.Şuşinski Sovet dövrünün qılıncının kəsdiyi bir vaxtda, bəziləri kimi, heç kimə yarınmamış, bütün dairələrdə sözünü deməyə cürəti çatmışdı.
Yalnız televiziya ekranında, radio dalğalarında o illərdə qəhrəmanlıq sayılan çıxışını nəinki musiqisevərlər, respublikanın hər bir guşəsində həsrətlə gözləyirdilər.
F.Şuşinskinin radio dalğalarında gedən “Muğamat konserti” verilişlərini dinləyən xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyev yazırdı: “… Bu muğam konsertlərində (F.Şuşinskinin aparıcısı olduğu “Muğamat Konserti” verilişi –A.K.) görkəmli müğənnilərlə yanaşı, səsi, sənəti olmayan, lakin zorla xanəndəlik eşqinə düşüb, muğamlarımızı təhrif edən “xanəndələr”, tarı döşündə tuta bilməyənlər, kamançanı düzgün kökləməyi bacarmayanlar da meydan sulayırdılar. Lakin artıq bu hərc-mərcliyə son qoyulmuşdur”.
Firidun bəy beş il fasiləsiz muğam ifaçıları haqqında verilişlərin müəllifi və aparıcısı olmuşdu.
Qaldı ki, bu vaxta qədər XIX-XX əsrdə yaşamış muğam ifaçıları haqqında yazdığı məqalələrə, özünüz də etiraf edirsiniz ki, bu yazılar elmi əsərlərin siyahısına daxil olunub. Sual olunur: əgər Firidun bəy bu araşdırmaları aparmasaydı, Azərbaycan xalqı onlar haqqında hansı mənbəyə müraciət edəcəkdi?
Bir də, qeyd edirsiniz ki, Firidun bəyin yazdığlarının əksəriyyətini erməni musiqiçiləri təşkil edir. Siz bununla ətrafınızdakı F.Şuşinskini sevməyənlərin sözlərindən bəhrələnirsiniz.
F. Şuşinskini musiqişünas hesab etməyənlər arxaya və bir də ətraflarına diqqət etsinlər. Firidun bəydən sonra bu vaxta qədər XIX-XX əsrdə yaşamış muğam sənətkarlarımız haqqında kim belə bir sanballı əsərlər ortaya qoyub? Hal-hazırda musiqi haqqında cızma-qara edənlərin, televiziyada daimi “qeydiyyatda olanlar”ın, ekranlardan düşməyən “musiqiçilər”in – hansının həqiqi musiqi təhsili var?
Özünü musiqiçi sayan “sənətçi”lərin əksəriyyətinin müasir texnikanın köməyi ilə oxuduqlarını bildiyiniz halda, onları nə səbəbdən şənliklərinizə dəvət edir, belələrinə hökumət tədbirlərində iştirak etmələrinə şərait yaradır və bunların müxtəlif təşkilatlar tərəfindən yüksək mükafatlara təqdim olunmasına etiraz səsinizi qaldırmırsınız?! Musiqimizi bərbad hala salanlar haqqında əlaqədar təşkilatlara müraciət etməyə özünüzdə təpər tapmır, səsinizi çıxarmır və nəticədə kiməsə xoş gəlmək üçün susmağı üstün tutursunuz. Bu, azmış kimi, teleradio məkanının aparıcılarının musiqi ifaçıları ilə davranışlarına, vulqar danışıq tərzlərinə etirazlarınızı bildirmək əvəzinə, susursunuz.
Unutmayın ki, F.Şuşinski belələri ilə təkbaşına mübarizə aparırdı. Özü də heç kəsdən qorxmadan, çəkinmədən belələrinin səhnə davranışlarını, ifa tərzini kəskin tənqid edirdi.
Firidun Şuşinskinin yazdıqlarının əksəriyyətinin erməni musiqiçiləri olduğunu deməkdə məqsədiniz aydındır. Sizə xatırlatmaq istərdim ki, mətbuatın, televiziyanın və yaxud respublikanın arxivlərində saxlanılan keçən əsrin şəkillərinə nəzər yetirsək, mütləq onların yaltaq sifətləri ilə rastlaşacağıq. Unutmayın ki, respublikamızın televiziya ekranlarında hər hansı bir sənətkardan söhbət açılırsa, onun ifası verilirsə, orda kamança, balabançalan, ya da dəfvuran erməni olacaq. Bizim “Segah”, “Şur”, ”Mahur”, “Uzundərə”, “Tərəkəmə”, “Vağzalı” və digər oyun havalarını erməni millətindən olan B.Məlikov, A.İoanesyan, S.Oqanezaşvili incə zövq və böyük məhəbbətlə ifa ediblər. Elə bir musiqi üçlüyü yoxdur ki, orda tarzən, kamançaçı, dəfvuran erməni və yaxud gürcü olmasın. Elə bir orkestr yox idi ki, orda erməni millətindən kimsə olmasın.
Bu faktlara o dövrdə fəaliyyətdə olmuş ansambl və orkestrlər haqqında yazan və çıxış edən müəlliflərin məqalələrində də rast gəlinir. Məqalə müəllifləri onların azərbaycanlı sənətkarlarla birgə çəkilmiş şəkillərini də nümayiş etdirirlər. Heç kəsə gizli deyil ki, bu cür hallar son illərə qədər davam etmişdir. Hal-hazırda statiskaya görə, Azərbaycanda 50 mindən çox erməni yaşayır. Məgər bu da Firidun bəyin günahıdır? Heç kəsə gizli deyil ki, keçən əsrin sonlarına qədər Azərbaycanın ən gəlirli yerlərinə ermənilər başçılıq ediblər. Məgər bu da Firidun bəyin günahıdır? Nazirlərimizin, idarə rəhbərlərimizin bir çoxlarının həyat yoldaşları, katibələri, nə bilim, nələri bu millətin nümayəndələri olub, onların əlləri ilə ermənilər bütün işlərini asanlıqla həyata keçiriblər. Bu da Firidun bəyin günahıdır? Xanəndələrimizi, tarzənlərimizi çox zaman erməni kamançaçalanları, dəf, bəzən nağaravuranlar müşayət ediblər. Bu da Firidun müəllimin günahıdır? Məgər toylarda onları müşayiət etməyə azərbaycanlının yerinə ermənini aparan xanəndələrimiz, tarzənlərimiz olmayıblarmı? Bu da Firidun bəyin günahıdır? Dövlət tədbirlərinə azərbaycanlını siyahıdan silib, erməninin adını yazanda fikirləşirdilərmi, nə günah edirlər. Bəlkə, bu da Firidun bəyin günahıdır?
Vaxtilə ermənilərlə qucaqlaşıb, şəkil çəkdirən sənətkarlar keçmiş günlərini bir daha vərəqləsin. Kimin haqlı, kimin haqsız olduğunu özü müəyyənləşdirsin. F.Şuşinskinin kölgəsini qılınclayanlar vaxtilə etdikləri hərəkətlərinə diqqət etsinlər, toydan sonra pulu kiminlə bölüşdürüblərsə, o günləri xatırlasınlar. Ermənipərəst onlardır, yoxsa, Firidun Şuşinski? Məgər siz erməni milləti ilə birgə şəkil çəkdirməmisinizmi, bir yerdə çalmamısınızmı, bir yerdə toyda yığdığınız pulları bölüşdürməmisinizmi, cənab Abbasqulu Nəcəfzadə!
Onun 1968-ci ildəki “Şuşa” əsəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmalıdır. Məgər ermənilər bu əsərə görə Firidun bəyə qarşı səlib yürüşü etməmişdilərmi? Onun ölmünə fətva verməmişdilərmi? Şükür ki, ümummilli lider Heydər Əliyev Firidun bəyi bu çətinlikdən qurtardı.
Qaldı ki, bir yerdə yazıda sözün “Firudin” kimi yazıldığına səhv tutmağınız, təəssüf edirəm, insan bu qədər də xırdaçı olarmı? Lakin sizin indiki və əvvəlki yazınızda kifayət qədər nəinki orfoqrafik səhv, hətta üslub səhvinə də rast gəlinir, cənab “professor”.
“İrəvanda xal qalmadı” yazısında gedən fikirləri təhrif edirsiniz, lakin məni günahlandırırsınız. Burada deyiblər “adımı sənə qoyum, səni yana-yana”. Yaxşı olar ki, cənab “professor”, yazdığınızı bir daha diqqətlə oxuyasınız, sonra cavab verəsiniz. Oxucuları çaşdıracaq sözlərlə məni suçlu saymayın!
Qeyd edirsiniz ki, ilk qrammofon valı Azərbaycan sənətkarlarından Cabbar Qaryağdıoğlının ifasında 1906-cı ildə istehsal olunub və bu, yanlışdır, xanəndə Əbdülqadir Cabbarovun səsi 1903-cü ildə ilk dəfə vala yazılıb. Bu tarixi nəyə istinadən deyirsiniz, cənab “professor”?
Bilmirəm, bu tarixi hansı mənbədən götürmüzünüz, lakin nəzərinizə çatdırım ki, Qədirbalanın (Əbdülqadir Cabbarov) ilk səs yazısı 1904-cü ildə yazılıb. Bu barədə mən mətbuatda və “Arxivlərdən gələn səslər” kitabımda geniş məlumat vermişəm…
Sonda sizə məsləhət edirəm: əlli il kamança çalmısınız, gedin, yenə onun qulpundan yapışın. Bəlkə, uşaqlarımıza bir xeyri oldu.