XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 11:14

27 mart –Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Azərtac Beynəlxalq Teatr İnstitutunun saytına istinadla xəbər verir ki, builki müraciət sovet və Rusiya teatr rejissoru, “Dram sənəti məktəbi”nin təsisçisi, Rusiyanın Əməkdar İncəsənət Xadimi Anatoli Vasilyev tərəfindən ünvanlanıb.

Müraciətdə “Teatr lazımdırmı?”, “Teatr bizə nəyə görə lazımdır?”, “Teatr bizim üçün nədir?”, “Teatr nə deyə bilər?” sualları qoyulub və onlara müvafiq sahənin mühümlüyünü bir daha təsdiqləyən cavablar verilib. A.Vasilyev bildirir ki, teatr olub və olacaq. Müraciətdə yazılıb: “Özü də indi, bu növbəti əlli-yetmiş ildə teatr xüsusilə vacibdir. Çünki ictimai sənət növlərindən yalnız teatr ağızdan ağıza, gözdən-gözə, əldən-ələ, bədəndən-bədənə fikri ötürür. Teatra vasitəçi lazım deyil. Teatrda insanlar arasında dünyanın şəffaf tərəfi dayanır, bu nə cənub, nə şimal, nə şərq, nə də qərbdir, bu, özlüyündə dörd tərəfə nur saçan, ona düşmən və ya dost olan insan tərəfindən dərhal tanınan aləmdir”. Müraciətdə, həmçinin teatrın müxtəlif formalarının fəaliyyət göstərməsinin zəruriliyi qeyd olunur, bu formaları bir-birinə qarşı qoymamaq təbliğ edilir, müasir dövrdə cəmiyyətə texnologiyanın bütün imkanlarını, o cümlədən qadjet və kompyuterləri bir kənara qoyaraq teatra getmək, canlandırılan obrazları yaxından izləmək çağırışı edilir. Vurğulanır ki, yalnız bir teatr lazım deyil – bu siyasi oyunlar teatrı, siyasi tələ teatrı, siyasətçilərin teatrı və siyasətin teatrıdır.

Qeyd edək ki, milli teatrının tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.