XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 13:17

“Nüfuzlu bir ziyalıya qarşı məhkəmə olaylarına görə çox üzülürəm” –Məşhur bəstəkar

cavansir-quliyev-bestekar

"Mən Vətəndən uzaqlarda ölkəmizdə baş verənləri dərin bir həyəcan və narahatlıqla izləyirəm. Bu çətin günlərdə özümü xalqımın yanında hiss edirəm, şəhid ailələrinin acılarını öz ağrım kimi duyuram".

Strateq.az xəbər verir ki, bu sözlər bəstəkar Cavanşir Quliyevin Axar.az-a göndərdiyi məktubunda əksini tapıb. Hazırda cəmiyyətimizin milli birliyə, həmrəyliyə hava və su kimi ehtiyacı olduğunu vurğulayan C.Quliyev AzTV sədri Arif Alışanovun tanınmış media mütəxəssisi, professor Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasından təəssüf hissi keçirdiyini yazıb:

“Ölkəmizdə nüfuzlu bir ziyalıya qarşı davam edən məhkəmə olaylarına görə çox üzülürəm. Düşünürəm ki, nə baş verib? Mahiyyətcə, heç nə! Peşəkar bir televiziya mütəxəssisi büdcədən maliyyələşən, amma tamaşaçı etimadı qazanmayan bir telekanalı və onun rəhbərini tənqid edib. Guya ki, dünya dağılıb!”.

Q.Məhərrəmliyə qarşı təşkil edilən tənqidləri qəbul etmədiyini bildirən tanınmış bəstəkar onu uzun illərdir tanıdığını vurğulayıb:

“Tam əminliklə deyə bilərəm ki, müstəqillik dövründə o, Azərbaycan teleməkanında ortaya çıxmış azsaylı səviyyəli jurnalistlərimizdən biridir. Son 25 ildə ölkəmizdə baş verən siyasi burulğanlar şəraitində AzTV kimi mürəkkəb bir yerdə çalışaraq, həmışə üzdə olmaq, ekrana çıxan bir adam kimi vicdanını, tərəfsizliyini və ədalət hissini itirməmək az-az şəxsiyyətlərə nəsib olur.

Heç kim dana bilməz ki, Q.Məhərrəmli TV tariximizdə iz qoymuş peşəkarlardan biridir. “7 gün” və “Səhər” kimi veriliş formatlarını yaradıb, “Təfsilat”la gerçək müəllif proqramının necə olduğunu göstərib. Dövlət əhəmiyyətli tədbirlərdən, tarixi-siyasi günlərdə Şəhidlər Xiyabanından apardığı canlı reportajlarda təkrarsız ustalıq nümayiş etdirib. İllərlə AzTV-də siyasi icmalçı və proqram rəhbəri kimi çalışıb, peşəkarlığı və dürüstlüyü ilə, obyektiv təhlilləri və ictimai əxlaqa xidməti ilə insanların rəğbətini qazanıb. Siyasi məsləkindən asılı olmayaraq, iqtidarda da, müxalifətdə də Q.Məhərrəmliyə ona görə hörmətlə yanaşırlar ki, bu adam peşəkardır, ləyaqətlidir, vicdanlıdır, xalqını və dövlətini sevəndir, cəmiyyətin problemlərini qərəzsiz bir şəkildə dilə gətirəndir. Mən milli mətbuatımızın banisi Zərdabinin arzuladığı Azərbaycan jurnalisti obrazını məhz Q.Məhərrəmlinin timsalında görürəm”.

AzTV-də 20 il çalışdığını bildirən bəstəkar Arif Alışanovu da uzun illərdir tanıdığını, onunla ünsiyyətinin də olduğunu xatırladıb:

“Heç vaxt A.Alışanovun ictimai məsələlərlə, televiziya verilişləri və ya bədii sənətlə maraqlandığının, yaxud bunlar haqda hansısa fikir söyləməsinin şahidi olmamışam. İndi onun tənqidə və peşəkarlıq söhbətlərinə belə ağrılı yanaşmasını anlaya bilmirəm”.

C.Quliyev bildirib ki, bir məmurun tənqidə dözümsüz yanaşması hansısa ciddi problemlərin mövcudluğu anlamına gəlir:

“Məncə, məhkəmə prosesi həmin problemləri açıq şəkildə qabardacaq. Bu mənada mən məhkəmə məsələsinə, büdcədən milyonlarla vəsait alan, amma tamaşaçı auditoriyası toplaya bilməyən, auditoriyanın etimadını qazana bilməyən bir televiziyanın probleminin ictimailəşməsinə yaxşı baxıram”.

C.Quliyev sonda tanınmış ziyalıların və ictimai xadimlərin Q.Məhərrəmliyə dəstək olmasına sevindiyini, medianın bu sınaqdan da üzüağ çıxacağına inandığını ifadə edib.