XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 11:38

Milli Onomastikamızın fədakar tədqiqatçısı:AMEA-nın müxbir üzvü Adil Bağırov

Bagirov

Xəbər verdiyimiz kimi, çağdaş Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, AMEA müxbir üzvü Adil Bağırov ötən gecə qəflətən dünyasını dəyişib.

Mərhum  alimin dostu və həmkarı Xanəli Kərimovun onun haqqında düşüncələrini Strateq.az oxucularına təqdim edirik….

 

Azərbaycan dilçiliyində öz imzası, dəsti-xətti olan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru Adil Bağırov ədəbi elmi mühitə Məmməd Araz, Firidun Hüseynov, İbrahim Bağırov kimi onlarla görkəmli ziyalı bəxş etmiş Şahbuz rayonunun Nursu kəndində doğulmuşdu.

Adil müəllim zəngin yaradıcılığı ilə özlüyündə ayrıca bir məktəb təşkil edən Bağırovlar məktəbinin ən layiqli davamçılarından biridir. Ömrünün 47 ilindən çoxunu müəllim kimi yaşayan və bu gün də gənc nəslin tərbiyəsində səy və bacarağını əsirgəməyən Adil müəllim uzun illər Naxçıvan  Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Naxçıvan MR Təhsil Nazirliyində işləmiş, elmin, maarifin, mədəniyyətin daim təbliğatçılarından biri olmuşdur. Adil müəllimin uzun müddət təhsil sahəsində çalışması, ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat tədrisi ilə yaxından tanış olmaq imkanı yaratmış, ona böyük həyat təcrübəsi qazandırmışdır. Onun dərs dediyi, vaxtilə əlindən tutub məktəbə, elmə gətirdiyi bir çox adamlar bu gün Azərbaycan təhsilinə, elminə çox böyük ləyaqətlə xidmət edir, respublikanın istimai-siyasi həyatında fəal iştirak edirlər.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş Adil Bağırov müəllimliklə başladığı şərəfli əmək yolunu həm də  ciddi elmi tədqiqat işi ilə davam etdirmiş, dilçiliyin müxtəlif sahələrinə dair məqalələr, elmi əsərlər yazmışdır. A.Bağırovun elmi axtarışları və tədqiqat dairəsi çox genişdir. O, elmi axtarışa türk dillərində aktual məsələlərdən biri olan yarımçıq fellərin tədqiqi ilə başlamış, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.

A.Bağırov təvazökarlığı, sadəliyi ilə fərqlənən bir insandır. O məhsuldar, işgüzar, tədqiqat dairəsi geniş, nəzəri cəhətdən hazırlıqlı, orijinal fikri və mövqeyi olan alimlərimizdəndir. Elə bu səbəbdən də elmi ictimaiyyət və yaxın dostları Adil Bağırovu ixtisasını yaxşı bilən, hazırlıqlı, dərin elmi təfəkkürə malik insan, işinə məsuliyyətlə yanaşan, bacarlıqlı, istedadlı bir dilçi kimi tanıyır, onun elmi pedaqoji fəaliyyətini yüksək qiymətləndirir. Onun mühazirə və məşğələləri həmişə  elmi-nəzəri cəhətdən yüksək səviyyədə keçir, tələbələr tərəfindən böyük diqqət və maraqla qarşılanır.

A.Bağırov həyatsevər, yaradıcılıq zəhmətinə tablaşan, məhsuldar, dilçiliyin müxtəlif sahələrinə cəsarətlə müraciət edən alimlərimizdəndir.  Onun elmi tədqiqat dairəsi Azərbaycan  müstəqillik əldə etdikdən sonra daha geniş və məhsuldar olmuşdur. O, bu müddətdə doktorluq dissertasiyası müdafiə etmiş, son 20 ildə milli yaddaşımız olan onomastik vahidlərin tədqiqi ilə bağlı “Naxçıvanın hidronimləri” (Bakı, 2000), “Naxçıvan toponimlərinin linqvistik xüsusiyətləri” (Bakı, 2002), “Naxçıvan Muxtar Respublikasının  onomastik vahidlər sözlüyü” (Bakı, 2003), “Naxçıvanın oykonimləri” (Bakı, 2008), ikicildlik “Onomalogiya problemləri” (Bakı, 2010, 2012) kimi monoqrafiyaları, “Oronimlərin linqvistik xüsusiyyətləri” (Bakı, 2011) adlı dərs vəsaitini yüksək səviyyədə işləmiş, “Türk dillərinin müqayisəli qrammatikası” (Bakı, 2008), “Türkologiyaya giriş” (Bakı, 2008) adlı tədris proqramlarını hazırlamış, “Naxçıvanın hikmət xəzinəsindən” (Bakı, 2005, 2007) adlı folklor toplusunu (Kamilə Bağırova və Bəxtiyar Məmmədovla birlikdə) oxucuların ixtiyarına vermişdir. 150-dən çox dəyərli elmi məqalənin, ağır zəhmətlər bahasına başa gələn kitab və  monoqrafiyaların, ali məktəblərin filologiya fakültələri üçün dərs vəsaitlərinin müəllifi olan bu zəhmətkeş və təmənnasız insan respublika və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfransların, simpozium və tədbirlərin iştirakçısıdır. Onun 6-cı və 7-ci Uluslararası Türk Dil Qurultaylarında (2008, 2012), Bakı, Naxçıvan, Rize, Qars şəhərlərində keçirilən beynəlxalq elmi simpoziumlardakı çıxışları  dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. A.Bağırovun elmi fəaliyyəti, çap etdirdiyi məqalə və monoqrafiyaları onun məhsuldar  bir yararadıcılıq yolu keçdiyinə əyani sübutdur.

A.Bağırov bir ziyalı kimi həmişə dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin mənafeyi keşiyində durmuşdur. O, Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi linqvistik cəhətdən öyrənilməsini tədqiqat obyekti seçmiş, müxtəlif mənbələrdə əksini tapan, bu günə qədər gizlidə qalmış adlarımızı araşdırıb üzə çıxarmış, dilçilik süzgəcindən keçirmiş, indiyə qədər olan mülahizələrə öz münasibətini bildirmişdir. Naxçıvan bölgəsindəki  onomastik vahidləri sistemli şəkildə öyrənmək, xüsusi adların etimologiyasını açmaq, onları ciddi faktlar əsasında tədqiq edib geniş oxucu kütləsinə, elmi, ədəbi ictimaiyyətə təqdim etmək əsl vətəndaşlıq mövqeyində dayanan bir alimin üzaqgörən fəaliyyətinin bəhrəsidir.

A.Bağırovun tədqiqatçılığını şərtlədirən və bir çox tədqiqatçılardan fərqləndirən ən mühüm iki cəhət var ki, onlardan biri elmi faktlara, digəri isə düşüncə və milli əxlaqa söykənmək bacarığıdır. O, nədən yazırsa-yazsın, ən etibarlı mənbələrə, etibarlı variantlara əsaslanıb yazır. Məsələn, “Dədə Qorqud kitabı”nda adı çəkilən Qaraçuğ yer adıyla bağlı, təbii ki, bu çağa qədər Azərbaycan, türk və  digər türk xalqlarının tədqiqlərində müxtəlif yanaşmalar mövcud olmuşdur və bu gün də var. Bu toponimə A.Bağırov, fikrimizcə, tamamilə yeni düşüncə tərzi ilə yanaşaraq, təkzibolunmaz elmi faktlara söykənərək bu nəticəyə gəlir ki, “Qaraçuğ” yer adı “Qara” və “çuğ”, yəni “çöl, bayır” mənalarını bildirən sözlərdən yaranmışdır ki, bunun da mənası “Böyük çöl” deməkdir. Müəllif “Dədə Qorqud kitabı”nda Qazan xanla bağlı işlədilən “Qaraçuğun qaplanı”  ifadəsinə söykənir və haqlı olaraq bu nəticəyə gəlir ki, qaplanlar geniş böyük çöldə yetişir. Bu həm də türklüyün tarixində mühüm rol oynamış “çöl mədəniyyətinin” daha bir göstəricisidir. Yaxud Bütöv Naxçıvan tarixinin ayrılmaz tərkib hissəsi olan “Dağ adları dilin “tarix kitabı”dır” adlı dəyərli məqaləsində kökü minillərin o üzünə gedib çıxan Qapıcıq, Əlincə, Haçadağ, Soyuqdağ, Nəhəcir, Qazangöldağ, Salvartı, Ağdaban, Darıdağ, Duzdağ, Keçəldağ,  Əshabi-kəhf, Təkəlik, Vəlidağ, Göydağ, Gəlin qayası kimi  dağ adlarını da araşdırarkən eyni tarixilik və millilik prinsipinə söykənmişdir.

Onu da qeyd edək ki, Adil Bağırov haqqında yazan bir çox tanınmış dilçi mütəxəsislər də  bu fikirdədirlər ki, tarixilik prinsiplərinin həmişə gözlənilməsi bu tədqiqatçı alimin yaradıcılığının əsas məziyyətlərindən biridir. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev A.Bağırov yardıcılığı haqqında  belə yazır: “…Adil Bağırovun əsərini oxuduqca gözlərinin qarşısında Naxçıvanın tarixi və tarixi coğrafiyası canlanır. Aşkarca görürsən ki, bu tarix türkündür, bu coğrafiyada bütün tarix boyu məhz türklər yaşayıblar. Dünya  mədəniyyəti, dünya elmi, dünya  tarixşünaslığı  bunu həqiqət kimi qəbul edir ki, toponimlər torpağın tarixi yaddaşıdır… Adil Bağırovun tədqiqatındakı bu qəbildən yüzlərlə Naxçıvan toponimlərindən bir neçəsinə baxmaq da yetər ki, tarixi mənzərəni əyani şəkildə təsəvvür edək, reallığı sənədlərlə qavrayaq. Budur həmin etnotoponimlərin “vəkilləri” – nümunələri olan coğrafi adlar: Kəngərli, Xalxal, Keçili, Türkeş, Bəydilli, Böyükdüz, Xələc, Qazançı, Qarkun, Oğuzdaşı, Cığatay, Biçənək, Qarabağlar, Maxta” və s.

Qeyd etdiyimiz kimi, Azərbaycan elmi-ictimaiyyəti A.Bağırovu bir dilçi alim kimi tanıyır və qəbul edir. Fikrimizcə, A.Bağırov həm də səriştəli tədqiqat prinsiplərinə malik olan yaxşı bir salnaməçi idi. Çünki o, nədən yazıbsa, kökündə, məğzində bir tarixçilik prinsipi dayanır, kökə, milli dəyər və düşüncəyə bağlılıq durur. Çünki istər dil faktorlarından, istərsə də ayrı-ayrı şəxsiyyətlərin elmi, ədəbi, ictimai fəaliyyətindən yazmaq elə mənsub olduğun Vətənin, millətin tarixindən yazmaq deməkdir. Bu mənada yanaşanda, A.Bağırov həm də tarixçidir, diqqətəlayiq salnaməçi idi.

Onun Naxçıvan maarifçiliyinin inkişafında xidmətləri olan bir sıra qabaqcıl maarif xadimləri haqqındakı araşdırmaları, onların iş təcrübələrini öyrənib yayması bugünkü təhsilimizin inkişafında da müsbət rol oynamaqdadır. Xüsusilə tarixçi alim, ictimaiyyət adamı olan İbrahim Bağırov haqqında yazdığı “İbrahim Bağırov”, keçmiş SSRİ-nin xalq müəllimi fəxri adını almış İsrafil Şükürovun həyatı və pedaqoji fəaliyyətini əks etdirən “Xalq müəllimi İsrafil Şükürov” monoqrafiyaları A.Bağırovun elmi yaradıcılığının mühüm tərkib hissəsi kimi diqqəti cəlb etməkdədir.

2005-ci ildə kütləvi tirajla nəşr edilən və uzun illərin gərgin, əzablı axtarışlarının nəticəsi kimi oxucuların və folklor araşdırıcılarının diqqət mərkəzində olan “Naxçıvanın hikmət xəzinəsindən” kitabı Adil Bağırovun xalqla, milli düşüncə və milli dəyərlərimizlə nə qədər bağlılığının aydın bir təzahürüdür. Kitaba “Tükənməz el sərvəti” adı ilə verdiyi ön sözdə tədqiqatçı yazır: “40 ilə yaxın Azərbaycan folklorunun Naxçıvan qolu üzrə apardığımız axtarışlar sübut edir ki, dünyanın digər qədim xalqları kimi Azərbaycan xalqının da tarixi keçmişi, dünəni və bu günü şifahi xalq yaradıcılığı nümunələri ilə zəngindir. Bu zənginlik özünü Odlar yurdunun bir parçası olan Naxçıvanda da göstərir. … Bu yurdda müdrik Ana qoynundan qidalanmaq üçün oymaq-oymaq gəzib, qarşısında diz qatlayıb handan-hana söz gözlədiyimiz  nənə və babalarımızla söhbət etdikcə tarixin solmuş səhifələri dilə gəlir, daşa, torpağa hopmuş xalqın taleyi varaqlanır, əsrlər dil açır qərinələr danışır“.

Tədqiqatçı dəqiq və məntiqli müşahidəsində haqlıdır. Doğrudan  da, bir xalqın tarixi taleyinin bəzən ən qaranlıq, “anlaşılmaz” səhifəsinin açarı o xalqın xalq ədəbiyyatının iki misralıq şerində və ya dörd misralıq bayatısında gizlənib saxlanılır. Bu mənada yanaşanda “Naxçıvanın hikmət xəzinəsindən” kitabı Naxçıvan tarixinin mənəvi pasportunun bir səhifəsidir. On iki  bölmədən ibarət olan bu kitabda  həm də bu günə qədər tədqiqatlardan kənarda qalmış bir sıra el sənətkarları haqqında da dəyərli faktlar və tədqiqlər əksini tapmışdır. Etiraf edək ki, Adil Bağırov bu kitabı ilə də özünü zəhmətkeş və bacarıqlı bir tədqiqatçı kimi  bir daha təsdiq etmişdir.

Uzun illərin müşahidəsi göstərir ki, ciddi elmi və bədii əsərlər, özünə daim nəzərət etməyi  bacaran  xarakterlərin qələmindən çıxır. Çünki  ciddi xarakterlər birinci özlərinə, sonra da  mühitinə təsir edərək onda varlığını təsdiq edirlər. Belə adamlarda yaradıcılıq intizamı, yaradıcılıq əxlaqı daha qabarıq üzə çıxır. A.Bağırov həm də bu xüsusiyyətləri nümayiş etdirən örnək bir alim idi…

 P.S.  Dörd il bundan əvvəl yazdığım və bir neçə yerli mətbuatda,həmçinin Türkiyənin Qars şəhərində nəşr olunan nüfuzlu “Hüryurt” qəzetində yayımlanan bu məqalədən bir vergülü belə dəyişməyə əlim gəlmədi.Ancaq onu əlavə etməyi borc bilirəm ki,Adil iki il bundan əvvəl AMEA-ya növbəti seçkilər zamanı mütləq səs çoxluğu ilə  AMEA-nın müxbir üzvü seçildi.Bu uğur Adilin uzun illərin əzablarına qatlaşaraq,iynəylə gor qaza-qaza araya-ərsəyə gətirdiyi zəhmətinin halal bəhrəsi idi.

Sağlığında bu fədakar alim,təmənnasız ziyalı  hər bir məqaləsi,kitabı,monoqrafiyası ilə elmi mühitimizi,müsbət mənada, nə qədər təəcübləndirirdisə,qəfildən,kimsənin gözləmədiyi halda, bir anın içində 69 yaşının başlanğıcında ayaqüstə, gəzə-gəzə camaatın gözü ğabağında dünyasını dəyişməsi də hamımızı şok vəziyyətə saldı,əbədi,ağır bir təəccüb içərisində buraxdı…

   Adil bütöv bir şəxsiyyət idi.Kimsənin minnətini çəkmədən halal və əxlaqlı bir ömür yaşadı.Bir oğul,üç qız övladını halal müəllim maaşı ilə kipriyində od qovura-qovura böyütdü,onlara ali təhsil verdrıi,onları xoşbəxt ailə həyatına qovuşdurdu.Oğlu Elnurun İqtisad elmləri üzrə fəlsəfə doktoru olması üçün bir ata kimi öz borcunu ləyaqətlə yerinə yetirdi.

Adilin ən gözəl cəhətlərindən biri o idi ki,Adil özü özüylə dil tapmağı bacarırdı.Özü ilə daxili məni arasında bəzən anlaşılmazlıq yarananda ortaq məxrəcə gələ bilirdi.Bu,şəxsiyyət üçün böyük keyfiyyətdir.Çünki özü özü ilə dil tapa bilməyən adam,geniş mənada,bəşəriyyətlə də dil tapa bilməz.Bəlkə də,elə bu keyfiyyətinə görə o vaxtından əvvəl bir elin,bir obanın ağsaqqalı statusunu qazanmışdır.

 Böyük şəxsiyyətlər xalqın canlı mənəviyyat abidələridir,daha dəqiq desək,Vətən içində Vətəndirlər.Biz Vətən sərhədlərini namusumuz kimi qoruduğumuz qədər də Adil Bağırov kimi canlı mənəvi abidələrimizi də qorumağa həmişə,hər zaman borcluyuq!..

Və nəhayət:

…V.Hüqo Balzakın  dəfn mərasimində çıxışı zamanı(20.08.1850-ci il) ölümə də münasibət bildirir və deyir:”…o ölüm ki hamını birləşdirir və hamıya azadlıq gətirir”. Bu mənada,Adil də Haqqın dərgahına– azadlığına qovuşdu,öz doğmalarının,əzizlərinin və həsrətini çəkdiklərinin ruhlarına qovuşdu,bir ruhi,mənəvi və ən başlıcası, əbədi rahatlığa qovuşdu…  Allah rəhmət eləsin!.

                                                                               Dostluq və qardaşlıq səmimiyyəti ilə

Xanəli Kərimli,

Filologiya elmləri üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti

E-mail: [email protected]