XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 16:18

Teatra gələn “Müfəttiş”:Milli səhnəmizin uğurlu mesajı

xlestakov

Azərbaycan teatrı böyük uğur qazanmış tamaşaları ilə mədəni tariximzdə öz parlaq izini qoya bilib. Təəssüf ki, son 20 il ərzində bu  böyük səhnə tamaşaçını titrədən, cəmiyyətdən gələn sosial mesajı çatdıran əsərlərin şahidi olmayıb.

Mən iki-üç ay idi ki, Akademik Milli Dram Teatrında məşhur rus yazçısı Qoqolun ölməz “Müfəttiş” komediyasının məşqlərinin getdiyindən xəbərdar idim. Səbirsizliklə premyeranı gözləyirdim. İçimdə bir nigarançılıq da var idi. Son 50 ildə bu tamaşa səhnədə oynanmamışdı. Qoqol kimi dahi yazıçının əsərinin qayəsini və onun mesajını bu günkü tamaşaçıya çatdıra biləcəklərmi?

Son illərdə teatr səhnələrində izlədiyim bir sıra tamaşalar məni məyus etmişdi. Səhnə, aktyorların candərdi oynadığı ibarəli, amorf və məchul mövzuların məkanına çevirmişdi.

Üstəlik  Qoqol. Özünün incə lirikası ilə rus xalqının təbiətini heyrətamiz şəkildə təqdim etməyi bacaran bu böyük yazıçının əsərlərində məmur sinifin bütün eybəcərliyi, çürüklüyü və mənasızlığı böyük ustalıqla göstərilirdi.

…Dünən Milli Dram Teatrı özünün son 20 illik tarixində ən uğurlu tamaşasını təqdim edə bildi. Çoxdandır ki, tamaşaçı özünün birbaşa həyatına dəxli olan belə səhnəni seyr etmirdi.

İlk olaraq tamaşanın səhnə tərtibatı barədə qeyd etmək olar. Rejissor başlanğıcda kilsə zənglərinin səsi, ibilsin müşayəti altında qara paltarlı qəhrəmanları səhnəyə çıxarmaqla  özünün ilk mesajını verir: Ağızlarında dua əskik olmayan bu bivec məmurların Allah sevgisi yalançıdır. Əslində isə onlar həyat tərzləri ilə şeytana qulluq edirlər. Bu baxımdan tamaşaya daxil edimiş şeytan obrazı sona qədər hadisələrin içində qalır. Rejissor səhnədə 19-cu əsr varlı əyalət məmurlarının zəngin evlərini göstərmir. Əvəzində bu dekorasiyaları işıq və qəhrəmanların jestləri daha çox ifadə edir.

Aktyorlar böyük məharətlə 19-cu yüzilliyin yaşam tərzini nümayiş etdirə bildilər. Rejissor Mikayıl Mikayılov hər qəhrəmanın özünəməxsus ifadə tərzini  yaratmaqla bütövlükdə əsərin kompozisiyasnı çox gözəl tamamlaya bilib. Xalq artisti Rafael Dadaşovun oynadığı bələdiyyə sədri öz mahiyyətinə görə büqələmun və qəddardır. Peterburqdan gələn müfəttiş onu elə qorxuya salıb ki, bir anda onun bütün yalançı aristokratlığı sınır. Rəhbərlik etdiyi qəza şəhəri dəhşətli vəziyyətdədir: Rüşvət, kasıbçılıq, məmur həyasızlığı baş alıb gedir. Lakin bütün bunlar onu və yerli məmurları qətiyyən narahat etmir. Xəstəxana rəhbəri üçün camaatın sağlamlığı deyil, alacağı pul əsasdır, məhkəmə sədri rüşvət müqabilində istənilən qanunsuzluğa qanuni don geydirir, xeyriyyə müəssisəsinin rəhbəri dövlətin ayırdığı pulu talamaqla məşğuldur, məktəb rəisi  pozğun və əclafdır. Poçt müdiri isə mərkəzə göndərilən məktubları açıb oxumaqla məşğuldur.

Bütün bu abırsız məmur sürüsü özlərinə o qədər arxayındırlar ki, şəhər bələdiyyə sədrindən də qorxmurlar. Çünki bütün bu vəziyyətə elə bələdiyyə sədri başçlıq edir, xalqı onlarla birlikdə çapıb talayır. Odur ki, tamaşada Rafael Dadaşovun məmurlara iradı, hədə-qorxusu da saxtadır. Bunu hamı bilir və sədrə itaət yalnız üzdədir. Rafael Dadaşov bu baxımdan simasız əyalət rəhbərinin obrazını çöx məharətlə açır. Peşəkar aktyor özünün bütün mizanlarında tamaşanı tarazlayaraq  onun harmoniyasını saxlayır.  R. Dadaşov oynadığı obrazın daxili aləmini tamaşaçının gözü qarşısında bir-bir açaraq onu cəmiyyətin bir aynası kimi göstərə bilir. Bələdiyyə sədri səsini qaldıraraq soyuq əda ilə Osipə əmr verir, lakin Xlestakovun yüngül iradı ilə tamam çevrilərək Peterburqdan gələn nökərlə iltifatlı davranır. Başıpozuq idarəçilik və rüşvət onun şəxsiyyətini ikiləşdirib. Gözəl aktyorumuz bu xarakteri çox yaxşı ifadə edə bilib.

Bu baxımdan R. Dadaşovun obrazı Xlestakovu ilk dəfə gördükdə onun gerçəkdən müfəttiş olub-olmadığı barədə düşünmür. Dərəbəyliyin gətirdiyi qorxunun içində bələdiyyə sədrinin sağlam məntiqi itir və o, “Peterburq müfəttişi”nin qurbanına çevrilir. R.Dadaşov və Xlestakovu oynayan əməkdar artist Elşən Cəbrayılov bir-birini çox gözəl tamamlayırlar. 

Elşən Cəbrayılov Xlestakov obrazını çöx məharətlə ifa edir. Bu istedadlı gənc aktyorun oynadığı obraz  mənəviyyatını itirmiş Peterburq mühitinin qurbanı olan əyalət gəncinin bütün tablosudur. E. Cəbrayılovun plastikası və səhnə davranışı sona qədər tamaşaçını yormur, əksinə onları hadisələrin axırını gözləməyə vadar edir. Elşənin oynadığı Xlestakov  Peterburqun əyləncə həyatının məhv etdiyi bir əyalət gəncidir. Bəlkə də nə vaxtsa o qoca, varlı atasından pul alıb paytaxta oxumaq və gözəl təhsil almaq arzusu ilə yola düşüb. İndi pozğun, əyyaş və qumarbaza çevrilmiş bu gənc sərxoş olan zaman ürəyinin dərinliklərinə dəfn etdiyi arzularını dilə gətirir: Stol üstə çıxıb “mən yaltaq deyiləm” adlı şerini söyləyərkən, “mən insanam” deyə qışqırarkən, məşhur rus yazıçıları ilə dostluq etməsi barədə yalanlarını deyərkən… Elşən Cəbrayılov qəhrəmanının lakmus kimi dəyişən xarakterini parlaq oyunu ilə nümayiş etdirə bildi.  

Əyalət məmurları üçünsə Xlestakovun bədii zövqü və təhsili qətiyyən maraqlı deyil. Onların bircə arzusu var: Bu əyyaş “müfəttiş” teziklə rədd olub getsin! Bu baxımdan məhkəmə sədri Lyapkin-Tyapkin obrazını yaradan aktyor Rövşən Kərimduxt qorxaq və amansız hakimi çox gözəl oynaya bilib. Ümumiyyətlə, məncə, Rövşən Kərimduxt kimi istedadlı aktyorun potensialından lazımınca istifadə olunmur. Çox yaxşı aktyorluq məharəti olan Kərimduxt tamaşalarda öz sözünü deməlidir. Onun oynadığı məhkəmə sədri əyalət şəhərində baş alıb gedən qanunsuzluğun açıq aynasıdır. Rüşvətlə məhkəmə işlərini aşıran Lyapkin buna baxmayaraq özünü “aydan arı, sudan duru” aparır. Lakin “müfəttiş”lə ilk görüşdə bu “aristokrat” zavallı bir qorxağa dönür. Tamaşada Xeyriyyə müəssələrinin rəhbəri Zemlyanka rolunu oynayan Kazım Həsənəliyev obrazın öhdəsindən məharətlə gəlib. Təbiətcə qorxaq və satqın olan Zemlyanka tamaşanın digər prototiplərini tamamlayır. Məktəblər direktoru Luka Xlopovu oynayan Rəşad Bəxtiyarov gənc olmasına rəğmən rolunun öhdəsindən bacarıqla gəlib. Bir detalı qeyd etməliyəm. Məncə, onun tez-tez stolun altına girməsi o qədər də uğurlu rejissor tapıntısı deyil. Rejissor bunu  başqa bir məqamla əvəzləyə bilər.

Nökər Osipi oynayan xalq artisti Rafiq Əzimov öz çevikliyi ilə yadda qalır. O, obrazın daxilini məharətlə aça bilirdi.  Bu baxımdan əməkdar aktyor Aslan Şirin, Ramin Şıxəliyev,  əməkdar artist Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, Elxan Quliyev, aktrisa İlahə Həsənova tamaşada vahid bir komanda yaradaraq tamaşanı uğurunu təmin edə biliblər.

“Müfəttiş” əsəri klassik komediya olsa da əsər bu gün üçün də aktualdır.  Məmur özbaşınalığı, rüşvət və bu kimi mənfi tendensiyalar bizim cəmiyyətin ən ağrılı bir nöqtəsinə çevrilib. Bu baxımdan “Müfəttiş” komediyası cəmiyyətə özünün sosial mesajını verərək onun üçün aktual olan problemlərin güzgüsünə çevrilir.

1836-cı ildə Rusiya imperatoru 1-ci Nikolay “Müfəttiş” tamaşasına baxdıqdan sonra demişdi: “Bax, bu əsərdir… Çoxlarına dərs oldu. Elə mənə də…”

Əsərin aktuallığı və  uğuru da bundadır: Bütün dövrlər üçün vacibliyini saxlamaq. Mənə elə gəlir ki, Azərbaycan Milli Teatrı bu vacib sosial mesajı tamaşaçılara verə bildi. Uğurlu tamaşaya görə teatrın kollektivini təbrik edirəm.

Xaqani SƏFƏROĞLU

xles02

xles03

 

xles04

 

xles05

 

xles06

xles07