XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 İyul 2016 - 15:08

Tanınmış ssenarist Yaqub Əlioğlu:"Cəbrayılın işğalı qəlbimdə sağalmaz yara olub" - Müsahibə

 

yaqub-elioqlu

Tanınmış ssenarist, kinoredaktor, Azərbaycan Jurnalistlər Birliyinin, Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqının üzvü Yaqub Əlioğlunun 60 yaşı tamam olur. 

Bu münasibətlə "525-ci qəzet"in müxbiri yubilyardan müsahibə alıb. Strateq.az həmin müsahibəni təqdim edir:

 

– Yaqub müəllim, 60 il bir sənətkarın ürəyindən keçənləri reallaşdırmağa bəs edirmi?

– 1972-ci ildən mətbuatda müxtəlif forma və məzmunlu 500-dən artıq məqaləm çıxıb, dünya dramaturgiyasından tərcümələrim var, 50-dən çox verilişim AzTV-nin Qızıl Fondundadır.100-dən çox sənədli filmin müəllifi və redaktoruyam. Amma yenə davam edirəm, yeni nələrsə yaratmağa çalışıram. Hazırda üç kitab üzərində işləyirəm.

– Bildiyim qədərilə, sizin yazılarınız hələ məktəbli vaxtlarınızdan çap olunub. Mətbuata gəlişiniz necə alındı?

– Yazı yazmağa 1972-ci ildən başladım. Onda 8-ci sinifdə oxuyurdum. Oxuduğum Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbində yaradıcı mühit var idi. Bir neçə ətraf kəndin uşaqları da bizim məktəbdə oxuyurdular. Yeri gəlmişkən, qeyd edim ki, o məktəb Cəbrayıl qəzasında ilk açılan məktəblərdəndi,  2012-ci ildə 100 yaşı tamam oldu.  Həmin vaxtlar kəndin işıqları tez-tez sönürdü. Bu mövzuda “Üç gündən bir, beş gündən bir” adlı felyeton yazdım və öz uşaq təxəyyülümün məhsulu olan bu yazını rayonun “Kolxozçu” qəzetinə göndərdim. Felyeton orada çap olundu. O yazıdan sonra həmin qəzetlə əməkdaşlığa başladım. 1974-cü ildə isə “Kolxozçu” qəzetinin baş redaktoru Sirac Rüstəmov mənə Jurnalistika fakültəsinə daxil olmaq üçün göndəriş verdi. O vaxtki qaydaya görə jurnalistikaya qəbul olunmaq üçün gərək yazın çap olunaydı. Mənim də həm rayon qəzetində , həm də “Azərbaycan gəncləri”ində yazılarım çap olunmuşdu. Ona görə sənədlərimi qəbul elədilər, ancaq çox təəssüf ki, bal və staj məsələsinə görə Jurnalistika fakültəsinə daxil ola bilmədim. Buna baxmayaraq, yazıdan əl çəkmədim. Yazmaq həyatımın bir hissəsinə çevrildi. Bir az təvazökarlıqdan uzaq çıxsa da, bu yaşda dönüb geriyə baxanda görürəm ki, ötən 60 ilimi hədər yaşamamışam.

– Sonra teatrşünaslığı seçdiniz…

– Hərbi xidməti başa vurduqdan sonra sənədlərimi İncəsənət İnstitutunun – indiki Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsinə verdim. Ora qəbul olundum. Tale elə gətirdi ki, sonradan yenə mətbuatla sıx əlaqəm yarandı, “Bakı” qəzetində, “Qobustan” jurnalında yazılarım çap edildi. Teatr Xadimləri İttifaqında da çox böyük insanlarla tanış oldum. Lütfiyar İmanov, Həsənağa Turabov kimi şəxsiyyətlərlə ünsiyyət mənə çox böyük təcrübə qazandırdı. Orada işləyən zaman bir neçə kitabım çıxdı, tamaşaya qoyulmaq üçün dünya dramaturgiyasından doqquz əsər tərcümə etdim. Teatr Xadimləri İttifaqında işləyərkən incəsənətlə tamam qaynayıb-qarışdım. Həm bu sənətdə şöhrət qazananları gördüm, həm də “incəsənətin qurbanı” olanları.

– Bəs, televiziyaya nə vaxt gəlmisiniz?

– 1986-cı ildə Azərbaycan televiziyasının ədəbi dram verilişləri redaksiyası ilə yaradıcı təmas qurdum. Orada veriliş aparıcısı və müəllifi kimi fəaliyyət göstərdim. Demək olar ki, Azərbaycan Televiziyasına ruhən bağlanmış bir insanam. Ümumiyyətlə Azərbaycanın tanınmış yazarlarının əksəriyyəti Azərbaycan radio və televiziyasının “şinelindən” çıxıb.

– Siz “Azərbaycantelefilm” Yaradıcılıq Birliyini tariximizin canlı salnaməsi adlandırırsınız…

– Bəli, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin fondunda 1500 saatdan artıq sənədli televiziya filmi var. Bunlar hamısı Azərbaycanın tarixidir. “Azərbaycantelefilm”lə bağlı kitab da yazmışam, ancaq hələ çap olunmayıb. Bura mənə Azərbaycanı tanıdıb. Bizə elə gəlir ki, biz Azərbaycanı tanıyırıq. Amma bu, heç də belə deyil. Azərbaycan televiziyası məni ölkəmizin hər yerinə apardı və mən vətənimizin mənzərəsini, təbiətini, insanlarını, tarixini və bugününü daha dolğun və aydın görə bildim.

– Nədənsə, mənə elə gəlir ki, filmləriniz sizə yazı və tərcümələrinizdən daha yaxındır.

– Elədir, çünki filmlər mənim gündəlik məşğul olduğum işdir. Sənədli filmlər maarifləndirmə xarakteri daşıyır. Deyərdim ki, sənədli filmlər böyük kinonun mayasıdır. Çünki onlar gerçəkliyə, faktlara əsaslanır. “Azərbaycantelefilm”də maarifçilərə həsr edilmiş bir neçə filmim yaranıb ki, onlar mənə daha yaxındır. Mirzə Fətəli Axundzadəyə həsr olunmuş “Sabahın elçisi”, Abbasqulu ağa Bakıxanov haqqında  “Qüdsi” və Firudin bəy Köçərli haqqında çəkilmiş “Hökm icra olunmuşdur” adlı filmlər mənə daha yaxındır. Bu filmlərin həsr olunduğu şəxsiyyətlər Azərbaycan maarifçiliyinin çox dəyərli simalarıdır, onların hər biri ömrünü, bütün imkanlarını xalqın maariflənməsinə sərf etmiş insanlardır.

Elə filmlər var ki, çəkiliş zamanı qəlbimdə, yaddaşımda çox dərin izlər buraxıb. Misal üçün, “Quba qırğını” filmi bu baxımdan daha doğmadır. Bu filmi çəkərkən 1993-cü ildə Cəbrayılda yaşananlar yadıma düşdü, ermənilərin qəddar xislətini bir daha gördüm və hiss etdim.

Ümumiyyətlə, Cəbrayılın işğalı mənim qəlbimdə sağalmaz yara kimi özünə yer eləyib. Mənim Şuşa teatrının tarixinə həsr olunmuş kitabım var. Orada yazmışam ki, “bu kitabı gözü yolda qalan kəndlərimizin, şəhərlərimizin xatirəsinə ithaf edirəm”. Bir nəfərlə küçədə rastlaşdıq dedi ki, ay Yaqub, o nə sözdü yazmısan, kəndin gözü olur ki, yolda da qala? O adama dedim, sən o kəndin gözünü görə bilməzsən, çünki asfalt üzərində ayaq açmısan, səndə o hiss yoxdur. Mən torpaq adamıyam. Ən böyük arzum qəbrimin öz kəndimizdə qazılmasıdır. Görkəmli bəstəkarımız rəhmətlik Süleyman Ələsgərovla söhbətlərimin birində dedi ki, kaş, mən öləndə cəsədimi yandıraydılar, topun lüləsinə qoyub Qarabağa ataydılar. Bu söz mənim yaddaşıma yazılıb. İnanıram ki, o yerlərə qayıdacağıq. Apreldəki 4 günlük müharibədən sonra buna daha çox inanıram. Millət özünə güvənəndə, öz gücünə əmin olanda yenilməzləşir. Son hadisələr zamanı mən millətimizdə məhz bunu müşahidə etdim. İlk dəfə isə bu ruhu bizdə 1990-cı il yanvar hadisələri zamanı görmüşdüm. İnanıram ki, bu ruh yüksəkliyi, özünəinam bizi heç vaxt tərk etməyəcək.

 

Ramil HİKMƏT

"525-ci qəzet"