“Azərbaycanda insanların sənətə olan sevgisinə heyranam”
Strateq.az Müasir türk rəsm sənətinin tanınmış simalarından olan rəssam Yusif Taktakın APA-ya müsahibəsini təqdim edir:
– Türk və dünya incəsənəti içərisində özünüzü hansı ənənə və məktəbə yaxın hiss edirsiniz? Picasso və Matisse öz keçmişlərini axtarmaq üçün Şimali Afrikaya üz tutmuşdular…
– Kökü olmayan sənət və sənətkar ola bilməz. Məncə, sənət köklərini tapıb bir yerlərə bağlanmaq məcburiyyətindədir. Bu, əsrlərdən bəri davam edən bir prosesdir. Hər dəfə “Sənət qurtardı”- deyilən nöqtədə sənət yenidən budaqlanaraq inkişaf edib. İnsan olduğu müddətcə sənət də olacaq, buna heç şübhəniz olmasın.
– Picasso və Matisse pəncərəsindən baxanda siz özünüzü harda görürsünüz?
– Keçən əsrin pəncərəsindən baxanda hər iki sənətkar o əsrin sənət memarlarıdır, ikisini də çox sevirəm. Hər ikisi fərqli kuluarlarda olmalarına baxmayaraq, Parisdən ayrılmadılar. Mənə görə hər ikisinin ənənəsi Louvre muzeyindədir. Picasso həmişə deyirdi ki, mən Louvre muzeyinə baxıram. Bu, sənətkar baxışı idi, tarixdən bu günə qədər gələn bütün mərhələlərdə insan oğlunun sənətə nələr verdiyini Louvreda görür və oraya həm də təhsil ocağı kimi baxırdı. Onlar sənəti dar bir qəlib çərçivəsində yox, mədəniyyət çərçivəsində dəyərləndiriblər. Bu gün bizim ən çox ehtiyacımız olan məsələ də budur. Toplumların ya da sənətkarların bir şeyi dərk edə bilmələri ancaq onların mədəni səviyyələrinə görə mümkün ola bilir. Ona görə Picasso və Matisse öz dönəmlərində mövcud olmuş vəziyyəti daha yüksəklərə qaldırmaq üçün və sənətin beynəlmiləl prinsiplərinə uyğun olaraq müxtəlif yerlərə səyahət ediblər. Picasso məhz o ənənədən və dərinlikdən təsirlənərək kubizmi yaradıb. 25 yaşında ikən – 1907-ci ildə yaratdığı “Avignonlu qızlar” tablosuyla dünya sənətini alıb başqa bir tərəfə apara bilib. Picasso da Matisse də daima dünyanın müxtəlif bölgələrində sənət axtarışlarında olublar.
– Sənətdə Parisin önəmini vurğulayırsnız. Uilyam Folkner demişdi ki, Parisin havasında yaradıcılıq var. “Sizin Parisiniz”i özünüzdən eşidə bilərikmi?
– Mən Parisə, hər şeydən əvvəl, orada yaşamış usta rəssamların ayaq izlərini görmək və onların yaşadıqları ortamlarda olmaq üçün gedirəm. Sivilizasiya baxımından çox inkişaf etmiş, hər addımda dahilərin izlərini tapdığınız şəhərdir. Fransızların sənətə verdiyi önəmin bütün izlərini Parisin muzeylərində görə bilirsiniz. Bu, həm sənətkar həm də toplum üçün çox önəmlidir. Dünyada hər bir insan sənəti öz ölkəsinin mədəniyyəti səviyyəsində öz içində hiss edə bilir. Eyni tablonu hər kəs eyni səviyyədə qavrayıb hiss edə bilməz, məncə, sənətin gözəlliyi və özəlliyi də burdadır.
– Bir vaxtlar İstanbulun mühüm sənət bölgələrindən biri olan bir məhəllədə yaşayırsınız, bu söhbəti son dərəcə geniş emalatxana-kitabxananızda edirik. Bir sənətkar kimi özünüzü burda tapa bildiyinizə inanıram…
– Təəssüf ki, İstanbul dünyanın mədəniyyətlə yoğrulmuş digər şəhərləriylə müqayisədə aktiv mədəniyyət həyatı olan bir şəhər deyil. Əlbəttə, burada da biz və əcnəbilər baxdığımızda ağzımızın suyu axan sənət məbədləri var: məsələn, Topkapı sarayı, İslam əsərləri muzeyi, Arxeologiya muzeyi. Bunlar cümhuriyyətə qədərki dönəmdə türk sənətinin mənzərəsini bizə əks etdirirlər. Məncə, türk sənətinin köklərini orada axtara bilərik. Anadoluda olan və Şumer, Hitit, antik dönəmlərdən qalma önəmli əsərlər bu torpaqlardakı sənətin çoxsəsliliyini göstərir. Ancaq təəssüf ki, bizdə hələ də muzey mədəniyyəti məsələsi öz həllini tapmayıb. Mən keçən il Yıldız Texniki Universitetindən pensiyaya çıxdım. İstər bizim universitetdə, istər Memar Sinan və digər universitetlərdə 5 il təhsil alan tələbələr öz sənətimizi öyrənmədən məzun oldular. Rəsm və heykəl muzeyi uzun müddətdən bəri bağlıdır, o biri muzeylərdəki eksponatları da görə bilmirlər. Bu, insanın ürəyini sıxan bir durumdur. Avropanın başqa paytaxtlarında isə bu, mümkün deyil.
1937-ci ildə Beşiktaşda Atatürkün əmriylə Rəsm-heykəl muzeyi açılıb. Bu iqtidar gəlib o muzeyi bağladı ki, təmir edəcəyəm, təmirin nə vaxt bitəcəyi isə məlum deyil. Yeni muzey binası tikilir-o işi təqib edirik. Ancaq nə vaxt tamamlanacağı bilinmir. Müasir gəncliyin Londona-Parisə getmək üçün imkanları olmadığına görə, rəssam olmaq üçün internetdən reproduksiyalara baxa bilirlər. Təəssüf ki, öz sənətimizi də internetdən görürlər. Başqa yerdə belə bir toplum xəyala belə gəlməz, ancaq bizdə var. Atatürk bu topluma çox şey verdi, qısa müddətdə Rəsm və heykəl muzeyini yaratdı. O qədər mürəkkəb bir dönəmdə Atatürk, Dolmabahçe sarayının yanında olan Vəliəhd iqamətgahını Rəsm heykəl muzeyinə çevirdi. Mən bu toplumun rəsmdən faydalanması üçün illərdən bəri əlimdən gələn hər şeyi etməyə çalışdım.
– Türk rəsm sənətinin içindən gəlib-keçən sənətkarları gözümüzün qabağına gətirsək, özünüzü kimlərə yaxın çizgidə görürsünüz: Səlim Turan, Əli Çələbi, tabloları çox satılan Mübin Orhon. Yaşadığınız bu məhəllədə mən Avni Arbaşı görmüşəm, uzun müddətdən bəri Orhan Taylan burdadır…
– Mən bir müddət Cahangirdə yaşadım, sonra buraya gəldim. O vaxt buralar yaxşı vəziyyətdə deyildi, mən toplumu həyəcanlandırıcı işlər gördüm və bir dönəm bura çox dinamik bir məhəllə oldu: dediyiniz kimi, Avni Arbaş, Gürdal Duyar, bir çox rəssam bu bölgədə yaşadı. Ancaq bizim toplumumuz hələ yetişməyib. Bir yerdə sənətkarlar toplanıbsa, bizim toplumumuzda “Qoy bura sənətkarların olsun”, – demirlər. Buraya pul girincə sənətkarlar buradan uzaqlaşdı, meyxanalar, barlar çoxaldı və burada yaranan o sehr yox oldu. Halbuki insanlar o vaxt o sənətkarları görmək üçün buraya gəlirdilər. Hazırda mən burada təkbaşınayam. Əslində mən işləyəndə də təkbaşına olmağımı sevirəm, çünki fikrimi və qəlbimi tamamilə sənətimə verirəm. Buranın memarlıq strukturu da çox fərqlidir, bu divarın hündürlüyü 3.65 metrdir. Deyəsən, mən o vaxt yaxşı iş görüb buraya yerləşdim, özümü burada xoşbəxt hiss edirəm. Mənim yaradıcılığıma gəlincə, hər dönəmdən bir şey öyrənmişəm. Ancaq hər sənətkar kimi mən də öz daxilimdən gələn şeyləri yaratmaqla məşğulam. Yaxşı ki, qabaqlar internet olmayıb, bu kitabxana mənim daha çox mütaliə etmək, daha çox öyrənmək istəyimdən yarandı. Pullarımı heç nəyə xərcləməyib bu kitabları aldım. Mənə gələn heç nəyi atmadım, onların arxivini yaratdım. Həm kitabxanama, həm də arxivimə muzey açmaq istəyən varlı bir adam müştəri oldu. Bir an satmağı düşündüm, sonra öz-özümə dedim ki, mən onlarsız neylərəm?
– Tarık Akanın vəfatı Türkiyənin aydınlara nə qədər ehtiyacı olduğunu, toplumun bir təbəqəsinin aydına necə yüksək qiymət verdiyini göstərdi…
– Tarık Akan çox önəmli bir şəxsiyyət idi. Onun təkcə aktyorluğu yox, toplumun dərdlərini gündəmə gətirməsi də eyni dərəcədə mühüm idi…
– Sizin də aktiv ictimai fəaliyyətiniz var. Rəsm-heykəl muzeyinin vəqfini açarkən beynəlxalq sənət yarmarkasına içi boş nəhəng bir qutu ilə qatıldığınızı yaxşı xatırlayıram ,çox önəmli mesaj idi...
– Əhsən sizə. Bizim üçün çox mühüm bir iş idi. İnternetdə gördüm, Tarık Akanın tabutunu aparırdılar, arxasında insan seli gedir, tabut qırmızı nöqtə kimi görünür, altında isə Kənan Evrenin tabutu var, ətrafında kimsə yoxdur, sanki bir maşının içində qutu aparırlar. Məncə, işin xülasəsi budur.
Dini kitablarda da var: heç nəyinizə güvənməyin, bir gün-bir gecə iqtidarınız əldən gedə bilər. Ən əsas varlıq-insanın özüdür. İnsana sayğı və sevgidə nöqsana yol verməmək lazımdır. Məncə, yekəxanalıq bütün insanların nifrət etdiyi bir durumdur. Mən Tarık Akanla Nazim Hikmət vəqfində tanış olmuşdum. Muzeyi qayda salırdıq, Tarık Akan o qədər sadə adam idi ki, fasilə verib nərd oynamağımızı istədi. Mənim ürəyim həmişə o cür insanların tərəfində olub. O insanlara dünyanın daima ehtiyacı var…
– Müqayisələr aparılanda Azərbaycandakı rəsm sənətinin bugünkü durumuyla dünya və Türkiyə arasında hər cəhətdən çox fərq olduğu ortaya çıxır…
– Mən Bakıya getmişəm. Bədri Baykam orada rəhbəri olduğu təşkilat üzvlərinin sərgisini açırdı. O vaxt Bədrini bıçaqladılar, məndən Bakıya gedib təşkilati işləri görməyimi xahiş etdi. Səhv etmirəmsə, İncəsənət Akademiyasında sərgi keçirdik, mənim böyük ölçülü 4-5 tablom vardı. Orda tablolarım olmasa da, qabaqcadan gedib lazımi işləri görərdim.
“Bakıda sahili boyunca gəzəndə özümü sanki Parisdə hiss edirdim. Orada memarlıq ənənəsi yaxşı qorunub. Öz-özümə dedim ki, deyəsən, mədəniyyət elə budur”
Bir tərəfdən, Azərbaycanda insanların sənətə olan sevgisinə heyran oldum və bunu indi də hər yerdə danışıram. Kitablardan oxumaq bu qədər təsirli olmur. Saat 9-da tələbələrin hamısı dərsə gəlirdilər, öz-özümə deyirdim ki, ya rəbb, bu necə sənət sevgisidir? Orada klassik rəsmi və heykəli çox gözəl yapırlar. Akademiyanın son kursunda oxuyan bir tələbənin klassik tərzdəki heykəlini bizim sənətkarlar görsəydilər, barmaqlarını dişləyərdilər, orada monumentalizm çox güclüdür. Ancaq klassik rəsmdən müasir sənətə keçməkdə gecikiblər. Türkiyədə elə bir dönəm yaşanmadı, sizdəki o təhsil prosesi Sovetlərdən qalıb. Çox gözəl yaşanıb. Əminəm ki, yavaş-yavaş çağdaş sənətlərə də keçərək onu topluma qəbul etdirəcəklər. Bəlkə indiyə qədər o sahədə xeyli iş görülüb. Bakıda Müasir sənət muzeyinə getmişdik, bir az Louvre muzeyini xatırladırdı. Mən gedəndə o mərkəzin açılışına az qalmışdı, qıraqdan əla görünürdü. Dəniz sahili boyunca gəzəndə özümü sanki Parisdə hiss edirdim. Orada memarlıq ənənəsi yaxşı qorunub. Çox təqdir edərək öz-özümə dedim ki, deyəsən, mədəniyyət məsələsi elə budur.
– Bir gün orada fərdi sərginizi də açarsınız…
– Şərəf duyaram.
– Tablolarınızı sataraq ürəyinizin istədiyi rahatlıqda yaşaya bilirsinizmi?
– Əvvəllər Türkiyədə rəssamlar dövlət məktəblərində işləyir, boş vaxtlarında şəkil çəkərək sərgi açırdı. Böyük rəssam Əli Çələbinin emalatxanası yox idi, evinin dar balkonunu özünə emalatxana kimi ayırıb orda şəkil çəkirdi. Türkiyədə sənətin çatdığı hədəflər baxımından yaxşı şeylər oldu. Mən buranı heç kimdən dəstək almadan, öz tablolarımı sataraq aldım.
– Bura neçə kvadratmetrdir?
– 500 kvadratmetr. O vaxtlar bura ucuz idi, indi almağım mümkün deyil. Turqut Özal dönəmində özəlləşdirmə geniş yayılandan sonra biz tablolarımızı yaxşı qiymətə satmağa başladıq. Gənc sənətkarlar emalatxana sahibi olmağa başladılar.
– Türkiyədə burjuaziyanın sənəti mədəniyyət fenomeni kimi dəstəkləyəcəyinə inamınızın olduğunu görürəm.
– Qalereyaların bəzi rəssamların əsərlərini sırf konyukturaya uyğun şəkildə burjuaziyaya “sırıması”na çox üzülürəm. İndi keçmişdəki tablolarda ərəbcə “vav” hərfi axtarılır və ya bəzi rəssamlar tablolarına dini simvollar qoyaraq satmağa çalışırlar. Mən qabaqlar bu cür şeylərə əsəbiləşirdim. Ancaq sonra gördüm ki, hər şey prosesdir. Toplumlar sənəti qəbul edə bildikcə gerçək sənət ortaya çıxır və inkişaf edir. Biz nə etsək də bunun üçün zamana ehtiyac var…