XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 16:23

Xədicə İsmayıl ABŞ və Avropanı hərəkətsizlikdə qınadı
“Azad Avropa” radiosu və “Azadlıq” qəzeti tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsxanadan göndərdiyi sonuncu məktub-məqaləsini yayınlayıb. Məktub-məqaləsində Xədicə İsmayıl yerli və xarici dairələrə ünvanlanmış maraqlı mesajlar verib. Strateq.az həmin məktub-məqaləni təqdim edir:
“Həbsxana həyatın sonu deyil”

Demokratiya Amerika üçün dünyada hörmət və rəqabət baxımından ən güclü silahdır. Bu həlledici məqamda bizim vəziyyətimizi bir xalq kimi mənəvi möhkəmliyimiz və azad dünyadakı nüfuzumuz müəyyənləşdirəcək.
Martin Lüter Kinq Amerikanın dünyada nəhəng gücə çevrilə bilməsi üçün demokratikləşmənin vacibliyini vurğulayırdı. Bəlkə də, bu axmaq dünyada demokratiyanın silahdan daha kəsərli olduğunu düşünmək sadəlövh yanaşmadır. Bununla belə, hazırda biz elə situasiyadayıq ki, Ukraynada bir avtoritar rejim devrilib, Amerika regionda daha bir diktaturanı – Rusiyanı batırmağa çalışır. özü də Azərbaycan kimi xırda diktaturaların köməyilə.
Amma dünya mənəvi dəyərlərlə bu cür oyunlar oynanılmasına göz yumacaq qədər sadəlövh deyil. Indi silahların danışdığı, neft-qazın üstün mövqe qazandığı bir vaxtdır.
Azərbaycandakı korrupsiyalaşmış rejim bu oyunlardan qazancla çıxmaq üçün yaxşı hazırlaşıb. Prezident Ilham Əliyev Bolqarıstana səfəri zamanı bildirdi ki, Azərbaycan yaxın gələcəkdə Avropanın qaz təchizatçısı kimi yeganə alternativ olacaq. Lakin o, demədi ki, ölkəsi məhz Rusiyaya alternativ olaraq bu işi həyata keçirəcək. Əliyev heç vaxt Rusiyanın xoşuna gəlməyəcək ifadələr işlətmir. Məsələn, Azərbaycan torpaqlarının işğalı üçün Ermənistana kimin kömək etdiyini demir. O, bütün post-sovet ölkələrindəki diktatura rejimlərinin “patronu” olan Rusiya rejimilə dostluğu əldən verməməyə çalışır.
Azərbaycandakı rejim tərəfindən həyata keçirilən repressiv hərəkətlərin demək olar ki, hamısı Rusiyadan nümunə götürülüb – QHT-lərə qadağalar, mövcud olmayan hüquqi baza vasitəs
ilə vergi təqibləri, həbslər, döyülmələr, qətllər, gizli çəkilmiş intim görüntülərlə jurnalistləri, hüquq müdafiəçilərini şantaj etmək. Bütün bunlar Putinin praktikasından keçib, yaxşı öyrənilib və burada da keçirilib.
Və indi Putin rejiminin bu bacısı Ukrayna böhranından mənfəət götürür. Aşağıdakı oyun gedir:
1. Mesaj: Avropa dəyərləri və demokratikləşmə uğrunda etirazlar başlasa, torpaqlarınızı itirəcəksiniz.
2. Yenə də Azərbaycandakı rejim və onun təbliğatçıları işğalçı kimi Rusiyanın addımlarını pisləyən bircə kəlmə də demədilər. Işğal faktoruna görə Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması məsələsi müzakirə olunanda Azərbaycan deputatları Rusiyanın xeyrinə səs verdi. Əliyev rejimi bəyan edir ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma bu ölkənin torpaqlarının işğalında kimlərin günahkar olması mövzusundan yayınır.
3. Rusiyanın boykotuna baxmayaraq, Əliyevlər çətin durumda olan avropalıları neft-qazla təchiz etməyə razıdılar. Bu isə neftin qiymətinin kəskin ucuzlaşmasıyla böhranla üzləşən Azərbaycanın dövlət büdcəsilə yanaşı, həm də korrupsiyalaşmış Əliyev rejiminin şəxsi büdcəsinə çoxlu vəsaitin axması deməkdir.
4. Azərbaycan əvəzsiz enerji tərəfdaşı olanda dünya bu ölkədə demokratiyanın olmadığını, siyasi məhbusları, insan haqlarının acınacaqlı vəziyyətini və s. problemləri “görmür”.
Azərbaycana səfər edən amerikalı və ya avropalı rəsmilər bu ölkədəki rejimi açıq şəkildə tənqid etmirlər. Hətta bu səfərlər zamanı siyasi məhbusların azadlığa buraxılması məsələsi də qaldırılmır. Hər halda, biz açıq şəkildə bu addımın atıldığını görməmişik. Hərçənd, Azərbaycan hökumətinin qapatdığı QHT-lər, həbs olunan fəallar Avropa Ittifaqı, ABŞ təşkilatları ilə əməkdaşlıq edirdilər.
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın bu yaxınlarda Azərbaycana səfəri zamanı “Azadlıq” radiosu ətrafında baş verənlər, o cümlədən radioya qarşı başlanmış cinayət işi haqda açıq şəkildə heç bir müzakirənin şahidi olmadıq. Rejim “Azadlıq” radiosuna və mənə qarşı yeni ittihamlar irəli sürməyə hazırlaşdığı bir vaxtda Nuland Əliyevin cib müxalifətilə saxta dialoq şousunu yüksək qiymətləndirdi.
ABŞ tərəfindən maliyyələşdirilən layihələr mənə yaxşı jurnalist olmaq baxımından çox şey öyrədib. Həmin öyrəndiklərimin sahəsində mən jurnalist kimi korrupsiyanı ifşa edə, həqiqəti deyə bilirəm. Avropa Ittifaqı və ABŞ tərəfindən maliyyələşən təşkilatlar treninqlər keçirirdi. Mənim demokratik institutlar və ölkələrdən gözləntilərim var.
Hələ də gözləntilərim qalmaqdadır. Onların hərəkətsizliyi ağrıdır. Lakin mən həbsimdən əvvəl açıq şəkildə bildirmişdim ki, danışıqları özümə görə istəmirəm. Açıq və ucadan danışıq. Gizli diplomatiya mənə gərək deyil.
Mən bağlı qapılar arxasında insan haqlarının müdafiəsinə inanmıram. Avropa Şurasına, ATƏT-ə “təşəkkür edirəm”, onların “gizl
i” səyləri Azərbaycan hökumətinə bütün tənqidçiləri susdurmağa, insan haqlarının müdafiəsilə bağlı saxta şou yaratmağa kömək etdi.
Mən bütün araşdırmalarımı xatırlayıram. Lakin mənim gördüyüm işlərə görə kimlərdənsə dəstək istəmək niyyətim yoxdur. Hərçənd, mənim həbsimin əsas səbəbi məhz həmin araşdırmalarımdır.
Mənə qarşı gülməli ittihamlar irəli sürülüb. Prokurorluq iddia edir:
1. Azad Avropa/Azadlıq radiosunun FM dalğası üçün lisenziyası yoxdursa, radionun burada bürosu da ola bilməzdi;
2. Baxmayaraq ki, “Azadlıq” radiosu qeyri-kommersiya təşkilatıdır və müvafiq qaydada qeydiyyatdan keçib, mənə qarşı ittihamlarda radionun fəaliyyəti “qanunsuz sahibkarlıq” kimi qələmə verilib;
3. Prokurorluq hesab edir ki, radionun müqavilə əsasında çalışan əməkdaşları ola bilməzdi. Yalnız ştatlı əməkdaşlar ola bilərdi. “Müqavilə əsasında çalışanlar vasitəsilə vergidən yayınma” ittihamı da qanunsuzdur. Belə çıxır ki, müstəqil qaydada çalışan kimsə olmamalıdır.
4. Onlar iddia edirlər ki, xarici KIV-lə jurnalist kimi (hətta müstəqil şəkildə əməkdaşlıq da) işləmək üçün mütləq Xarici Işlər Nazirliyində qeydiyyatdan keçməli idim. Mən qeydiyyatdan keçməmişəmsə, deməli, qanunsuz sahibkaram.
Bütün bu yeni ittihamlar da büro rəhbəri və müstəqil jurnalist kimi “Azadlıq” radiosundakı fəaliyyətimlə bağlıdır.
Bundan əvvəl kimisə özünü öldürmək cəhdinə təhrik ittihamını irəli sürmüşdülər. Zərərçəkmiş kimi təqdim edilən adam bundan sonra bu prosesdə iştirak etməyəcəyini və əleyhimə ifadə verməyəcəyini, eyni zamanda, mənə qarşı işin saxtalaşdırılmasından imtinaya görə həbs oluna biləcəyini bəyan edərək, qeyb oldu. Onun harada olduğu hələ də məlum deyil.
Bu ittiham keçmədi deyə, hökumət mənə qarşı yeni nələrsə düzüb-qoşmalı idi və onlar bunu elədilər. Mən həbsxanada üç ay yarım yalnız bir ittihamla istintaq altında olmuşam. Bu da alınmadı. Indi yeni ittihamlar başlayıb. Gəlin baxaq görək ki, prokurorluq indiyədək elədiklərindən daha ağlabatan bir şey düzüb-qoşa biləcəkmi?
Mən ancaq gözləyə və nəticəni görə bilərəm. Bu arada, mən həbsxanada da adamlara yardım etməyə çalışıram. Mənim artıq bir qələbəm var. Mənim bir gənc xanım üçün yazdığım şikayət əsasında onun barəsində istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbiri dəyişildi və o, azadlığa çıxdı. Ədalətə nail olmaq, onu irəli aparmaq qətiyyən asan deyil, amma cəhd eləmək lazımdır.
Həbsxana həyatın sonu demək deyil. Mən güclüyəm və həbsimə də bu ölkədəki sistemi başqa bir tərəfdən də görmək
imkanı kimi yanaşıram. Burada təqsiri olduğunu etiraf edən və ya bunu inkar edən adamlarla ünsiyyətdə olduqca mən Penitensiar Xidmətin, məhkəmə sisteminin durumuna daha yaxından bələd oluram.
Bu, həqiqətən unikal imkandır. Mən həbsimi həm də kitab yazmaq və tərcümə etməyə yaradılmış imkan kimi qəbul edirəm.