Naxçıvan televiziyasının internet saytına (www.naxcivantv.az) ötən 3 ayda dünyanın 81 ölkəsindən, 800 minədək baxış olub.
Azərbaycandan 597 min, Rusiyadan 39 min, Türkiyədən 33 min, Ukraynadan 11 min, İrandan 9 min, Gürcüstandan 7 min, Amerika Birləşmiş Ştatlarından 5 min, Almaniyadan 3 min, Ermənistandan 1000 və digər ölkələrdən 89 min giriş qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq reytinq saytı olan www.alexa.com-un 2017-ci il yanvar ayının 16-na təqdim etdiyi təhlilin nəticələrinə görə, Azərbaycan saytları üzrə reytinq sıralamasında Naxçıvan televiziyasının saytı 3 ay ərzində 10 mindən çox saytı ötərək Azərbaycan telekanallarının rəsmi saytlarının reytinq sıralamasında birinci yerə yüksəlib. Beynəlxalq reytinq saytının təhlilindən görünür ki, naxcivantv.az saytı həm də Naxçıvan Muxtar Respublikasının ən çox izlənilən internet resursudur.
Hazırda Türkiyə Respublikasının canlitviz.com, hdcanlitvizler.com və hdtvler1.net saytlarında Naxçıvan televiziyasının canlı yayım linki yerləşdirilib. Həmin linkdən naxcivantv.az saytına keçid etməklə izləyicilər Naxçıvan televiziyasının canlı yayım səhifəsinə yönləndirilərək televiziyanı birbaşa izləyə bilirlər.
Bu gün muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları Naxçıvan haqqında informasiya yayarkən naxcivantv.az saytına da istinad edirlər.
Qeyd edək ki, ötən il oktyabrın 17-də – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət Televiziyası internet üzərindən HD formatda canlı yayıma başlayıb, bununla əlaqədar yaradılan internet saytının təqdimatı olub.