XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 07:51

Tural Mustafayev Xədicə İsmayıla qarşı ərizəsini geri götürməyib

Tural Mustafayev Xədicə İsmayıla qarşı ərizəsini geri götürməyib

Vəkil Yalçın İmanovu isə jurnalistin müdafiəsindən kənarlaşdırıblar

ötən ilin dekabrın 5-də həbs olunan Xədicə İsmayıl həbs müddətində ilk dəfə yaxınları ilə görüşüb. Bu barədə bizə açıqlamasında X.İsmayılın vəkili Yalçın İmanov bildirdi. Onun sözlərinə görə, görüş martın 24-də baş tutub.

Vəkil bayram günləri olduğu üçün şəxsən jurnalistlə görüşə bilmədiyini də vurğuladı. Son dəfə martın 19-da X.İsmayıla baş çəkdiyini deyən Y.İmanov onun durumunun yaxşı, əhvalının nikbin olduğunu yada saldı.
Vəkil həmçinin nəzərə çatdırdı ki, onu X.İsmayılın işindən kənarlaşdırıblar. Bu, martın 12-də Bakı Apellyasiya Məhkəməsində baş verib.
Y.İmanov hesab edir ki, qərar qanunsuzdur. çünki onun radionun işində dindirilməsi X.İsmayılın işindən kənarlaşdırılmasına hüquqi əsas ola bilməz və bunlar fərqli işlərdir. Onun sözlərinə görə, X.İsmayıla qarşı Cinayət Məcəlləsinin 5 maddəsi irəli sürülübsə, Azadlıq Radiosu ilə bağlı araşdırma davam etdirilir. Məqsəd jurnalistin müdafiəsini zəiflətməkdir. Amma bu qərar vəkilinin onunla görüşməsinə mane ola bilməz. Y.İmanov dedi ki, bayraqdar Elman Türkoğlunun X.İsmayıla qarşı qaldırdığı iddia əsasında aparılan məhkəmə işində də onu müdafiə edir və bu iş üzrə onun jurnalistlə görüşmək hüququ var.
X.İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev isə bu arada peyda olub. Məlumdur ki, bu şəxs bir neçə ay öncə facebook statusunda X.İsmayıla qarşı şikayətindən vaz keçdiyini, amma bu qərarına görə polis tərəfindən saxlandığını bildirmişdi. Elə həmin vaxtdan etibarən də T.Mustafayev qeyb olmuşdu. Bu günlərdə isə xəbər saytlarında onun Novruz bayramı günlərində Göyçaydakı ata yurdunda olduğu bildirilib. Vəkil bizə açıqlamasında dedi ki, T.Mustafayevlə bağlı ittiham(intihar həddinə çatdırma) da digər ittihamlara birləşdirilib: “Tural şikayətindən imtina etməsi barədə istintaqa rəsmi ərizə təqdim etməmişdi. ümumilikdə isə Xədicə İsmayıl onun barəsində heç nə demir. O bildirir ki, onu onsuz da hər hansı ittihamla həbs edəcəkdilər. Həbsinin səbəbi isə yazdığı araşdırmalarıdır”.
X.İsmayılın bu günə qədər cəmi bir dəfə karsa salındığını deyən Y.İmanov ona qarşı təzyiqlərin səngimədiyini vurğuladı. Belə ki, jurnalistin məktublarına yenə də ciddi nəzarət var. Vəkilləri ilə ünsiyyəti isə yenə də nəzarət altındadır.
Jurnalist ötən ilin dekabrın 5-də Tural Mustafayevi özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi. Yanvarın 27-də həmkarımızın həbs müddəti 2 ay daha uzadılmışdı.
Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.