XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 14:17

“Lapşinin ekstradisiyası Ramil Səfərovun ekstradisiyası qədər önəmlidir” –Deputat

eflatunamasov-1

"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir".

Strateq.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir:

"Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb.

Bu baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik".

Şura sədri bildirib ki, Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə «bəhrələnmənin» bariz nümunəsidir: 

"Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir.

Nəhayət düşünürəm ki, A.Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskonfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir".