XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 14:28

Milli Məclisin sədr müavini:"Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanuna ehtiyac yoxdur"

bahar

“Kütləvi informasiya vasitələri haqqında” Qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə müzakirəyə  çıxarıla bilər.

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

B.Muradova bildirib ki, müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq:

“Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına yox, sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır”.

Vitse-spiker deyib ki, parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar: “Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaq üçün treninqlər keçməsinə hazırıq”.

O, həmçinin hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişiklikliyin edilməsi mümkün ola biləcəyini qeyd edib: “Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır”.

Bahar Muradova ayrı-ayrı media orqanlarında söyüş kampaniyalarının aparıldığını deyib: “Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi, məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz”. /Modern.az