XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 04:20

Jalə Mütəllimova yazır:"Müharibə həm də hər cür provakasiyadan qorunmaqdır"

jale-mutellimova-1

Jalə MÜTƏLLİMOVA

Qarabağ uğrunda ağır döyüşlər olub zaman-zaman. 2017-nin fevral döyüşləri Xocalıya yubiley “hədiyyəsi”dir ordumuzun və mənfur qonşuların. İndi hamı cəbhədən xəbər gözləyir. Biri oğluna salamat can, biri sevgilisinə qəhrəmanlıq, biri ərinə uğur diləyir bu döyüşlərdə. Biri də şəhid balasını ağlayır haradasa. 

Biri də var saytına xəbər gözləyir: rəsmi xəbər, statistika, ölü, yaralı, itirilmiş texnika sayı… Deyir ki, ölənlərin, yaralananların sayını təcili verin! 

Gündəm cəbhədəki durumdur. Cəbhə xəbərlərinə “acliq” var. İP tutmağın əsl məqamıdır. Təsəvvür edin, ölkənin kəşfiyyat, artilleriya, piyada və hava qoşunları koordinat, döyüş hayındadır, mühasirədə sağ qalanı, yaralını, ölənləri götürmək-gətirmək həşirindədir. Ciddi informasiya mənbələrinin hamısı susur. Hətta ölkənin informasiya siyasətini idarə edən KİV-lər belə dayanıb, ehtiyatlı davranırlar, amma cik-cik saytlar rəqəm istəyir. Heç hənanın yeridir? Arada da erməni saytlarının “nə qədər azərbaycanlı əsgərin, zabitin meyiti neytral zonada qalıb”, “qırdıq batırdıq” kimi xəbərlərini tərcümə edib saytlarına qoyurlar, özününkü olan qurumu təhqir eləməyi, onunla məzələnməyi də unutmurlar. Bu da ajiotaj, panikadan başqa bir şey yaratmır.

Qeyd eləmək lazımdır ki, ölkədə informasiya siyasəti işinin lideri olmayanlar olanlardan çoxdur. O üzdən bəzi məqamlarda əsas KİV-lər də çaş-baş qalır. Düşünülür ki, görəsən, gözləmə mövqeyimi tutulsun, ya nəsə yazılsın?! O adamlar ki, rəqəm deyib haqq deyir, ölkədə bu gərgin məqamda erməni provakasiyasını dəstəkləməkdən başqa nəsə eləmir.

Sizə bir şey də deyim: onların çoxu buna bilməyərəkdən gedir. Təxminən bir az öncə dəmir yolunda qiymət tənzimləmələrinin pul vahidi məsələsinə görə yaranmış gülməli vəziyyət kimi işdir bu da. Yəni adamlar anlamırdılar ki, beynəlxalq dəmir yolu haqlarının ödənişində hansı ölkənin pul vahidinin əsas götürülməsini Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov yox, başqa adamlar və beynəlxalq qurumlar tənzimləyir. Cavid Qurbanov isə o beynəlxalq qaydalara əməl eləməli olan adamlardan, məmurlardan biridir, vəssalam…

İndi biz çox ağır, həm də sadə bir məsələni anlamalıyıq: döyüşən tərəf heç vaxt statistika hayında olmur. Döyüşü uğurlu keçirib nəticə əldə eləməyin hayında olur. Yəni bəzi məsələlər var ki, insan faktorunu üstələyir. Düzdür, elə mənim özüm üçün də, sıravi adam olaraq bu, dəhşətli həqiqətdir. Amma hərbin amansız qanunlarından biri də məhz budur.

Hə, bu alayı məsələdir ki, cənab Qurbani və Müdafiə Nazirliyinin piar işini aparan adamları ya bu işi düzgün qurmayıb, ya da hansısa səbəbdən susmağı lazım bilirlər. Məsələn, guya, noolardı ki, orda döyüş getməsinə baxmayaraq, telekanallardakı vur-çatlasın, çal-oynasın, lap elə “Çiçəkli dəqiqələr”dən seçmələr blokunu götürüb maraqlı bir canlı efir diskussiyası təşkil edərdilər?! Millət vəkilləri, KİV təmsilçiləri, ictimai xadimlər və yazıçıların iştirakı ilə… Olardı, eləmədilər, lazım bilinmədi. Amma yaxşı ki, heç olmasa arada “Tütək səsi”ni göstərdilər…

Müharibə dəhşətdir, fəlakətdir, gözləmədiyin ölümdür, ürəkdə qalan arzudur, nakam insandır, yarıda qalan sevgi macərasıdır. Müharibə həm də hər cür provakasiyadan qorunmaq bacarığını ortaya qoymaqdır. Bu bacarıqlardan və faciələrdən üzüağ çıxanlar qəhrəman olacaq. İndi bizə ən vacibi o qəhrəman olmaq üçün mənəvi borclarımızı yerinə yetirməkdir. Bu üzdən, məsələn, evində oturub zabit oğlunun şəkilini, ölüm xəbərini təsadüfən saytda görüb özündən gedən anaya, qəfildən zabit oğlunun zəng eləyib “ay maa, quzu kəsərəm, ölməmişəm eyy, qadan alaram, qorxma, sağam, yalan yazıblar”, kimi yanlışına və düzəlişinə yol verməməliyik. Bu müharibənin İP bəlasıdır çünki. Məmləkətində müharibə gedən ölkənin İNSANı, vətəndaşı statistika, İP davası döyməz! Bacardığını edər ki, provakasiyaya uymasın, qorxub, çəkinməsin, mübarizəyə girə bilsin vətəndaşı, əsgəri, zabiti.

Əsgəri zabiti demiş… Bir də sənə sözüm var, Azərbaycan əsgəri! Mən isti evimdə oturub səndən, sizdən, özümüzdən yazıram, siz dağ başında, səngərdə, qar üstə uzanmısınız. Döyüşürsünüz, can verib, can alırsınız… Mən qarnı tox, siz yarıac, yarıtox. Orda kimdir sizə yemək isidən?! Döyüşənin nə naharı olacaq ki, həm də?! Mən istidən evdəki plitənin bir gözünü də söndürdüm. Siz soyuqdan ayağınızın birini götürüb, o birini qoyursunuz. Əlinizi nəfəsinizlə isidə-isidə post qoruyursunuz. Mən rahat olum deyə, siz narahatsınız, şəhidsiniz. Haqqınızı bizə, canınızı VƏTƏNə halal edin əsgər, zabit qardaşlar!!!

 

musavat.com