XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 20:25

“Müdafiə Nazirliyi xəbər mərkəzi kimi mühüm rol oynamalıdır” –Media eksperti

qulu-meherremli-yennn

Bir neçə gündür ki, cəbhədə vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız da şəhid olub. Cəbhədə yaşananlar insanların daha çox həssaslaşmasına gətirib çıxarıb. Onlar hər vasitə ilə yeni məlumatlar almağa çalışır və bu məlumatları sosial şəbəkədə paylaşırlar.

Bəzən isə bilmədən yalan və təxribat xarakterli informasiyanın ötürülməsinə səbəb olurlar. Çünki insanların xəbər alma vasitəsi olan ölkə mediasının yaşananlar qarşısında atdığı addımlar onları qane etmir. Ya Müdafiə Nazirliyi informasiyanı mediaya gec ötürür, ya da televiziyalar cəbhə xəttində yaşananlardan başqa hər cür proqram, məlumat təqdim edir. Bu neçə gün ərzində insanların əsas informasiya mənbəyi olan televiziyalar proqram siyasətində dəyişiklik etməyib və çal-çağırlı proqramların nümayişinə davam edib. Əlbəttə, bu hal insanlarda qıcıq yaradıb.

Musavat.com media eksperti Qulu Məhərrəmli ilə Müdafiə Nazirliyinin informasiya ötürmə siyasətini və ölkə mediasının yaşananlar qarşısında atdığı addımları dəyərləndirib.

Media eksperti bildirib ki, Müdafiə Nazirliyi də, media da bu günlərdə iş rejimini dəyişməlidir: 

”Cəbhədə vəziyyət gərginləşəndə insanlarda həssaslıq yaranır. Bu həssaslıq da dəqiq, obyektiv və dürüst xəbərlər tələb edir. Müdafiə Nazirliyi də, media da bu günlərdə iş rejimini dəyişməlidir, insanlara daha tez və doğru məlumat verilməlidir. Bu cür olmadığı təqdirdə, yalan informasiyalar yayılır.

Bu günlərdə xəbər mərkəzi kimi Müdafiə Nazirliyi mühüm rol oynamalıdır.

Son dövrlərdə də qismən bu rolu oynayır. Sosial şəbəkələrdə isə durum fərqlidir. Şəbəkə istifadəçiləri hər saat yeni məlumat istəyir. Çünki Rusiya və Ermənistanın mediasında müxtəlif informasiyalar, xəbərlər yayımlanır. Bəzən bu xəbərlər yanlış olur. Bizim insanlar isə onlara inanır. Bu cür hallarla qarşılaşmamaq üçün Müdafiə Nazirliyi sosial şəbəkədə aktiv olmalıdır. Onların “Facebook” səhifəsi var, tez-tez məlumatlar ötürməlidir. Eyni zamanda nazirlik media ilə sıx əməkdaşlıq etməlidir. Yoxsa insanlar şayiələrə, yalan məlumatlara inanır.

Televiziyaların proqram siyasətinə gəldikdə isə məncə yazılmamış qanunlar var. İnsanların həssas olduğu dövrdə vətənpərvərlik haqda veriliş və kinolara üstünlük verilməlidir. Əyləncəli proqramlar efirdən yığışdırılmalıdır. Əgər insanlar tələb edirsə, əyləncəli verilişləri bir neçə günlüyə təxirə salmaq olar. Proqram siyasətində dəyişiklik edilməməsi insanlarda qıcıq yaradır. Televiziyaların əhvalı cəmiyyətin əhvalı ilə üst-üstə düşməlidir. Onlar insanların duyğularına həssas yanaşmalıdırlar. Əsas isə obyektiv və düzgün məlumat ötürməkdir”.