XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 14:26

Mühacirətdə qalan mətbuatımız –Siyasi tarixmizin araşdırılmayan səhifəsi

istiqlal  

Diasporamızın uğurlu inkişaf yolu keçməsində xarici ölkələrdə yaşayan tanınmış ictimai-siyasi mühacir azərbaycanlıların rolu az olmayıb. Xüsusən, XX əsrin əvvəllərində mühacir mətbuat nümayəndələrinin əzmli və yorulmaz fəaliyyəti Azərbaycan adının, milli-mənəvi dəyərlərimizin uzun illər qorunub saxlanmasında əvəzsiz əhəmiyyətə malik olub.

Mühacir Azərbaycan mətbuatının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə bir növ Azərbaycan diasporunu təmsil ediblər. Onların istər birgə, istərsə də fərdi fəaliyyətlərində bütün bu amillər ön planda olub. Mühacir mətbuat nümayəndələri yaşadıqları və fəaliyyət göstərdikləri ölkələr vasitəsilə Azərbaycanın haqq və hüquqlarının dünya ictimaiyyətinə çatdırılmasında da müstəsna rol oynayıblar.

Bu baxımdan Azərbaycan mühacirəti elmi-nəzəri şəkildə öyrənilməli, siyasi-ictimai və sosioloji təsnifatı verilməlidir. İndiyə qədər məlum səbəblərdən bu sahənin öyrənilməsi mümkün olmayıb. Son zamanlara qədər ciddi, sanballı tədqiqatlar demək olar ki, yox dərəcəsində olub. Çünki mühacirətə düşmən münasibət və bədnam sinfilik prinsipi uzun zaman sovet ideologiyasının tərkib hissəsi sayılıb. Son dövrlərdə isə bu sahədə bir sıra təqdirəlayiq işlər görülüb.

“Şərq” qəzeti KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırladığı məqalə mühacir mətbuatı ilə bağlıdır.

Yazıda qeyd olunur ki, Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər, jurnallar, kitablar mühacirət mətbuatımızın dəyərli nümunələri hesab olunur. Bu mətbuat orqanlarında Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti və folkloru ilə bağlı yazılar çap edilib. Lakin sovet imperiyası zamanı həmin qəzet və jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği qeyri-mümkün olub. Yalnız imperiyanın rəsmi olaraq dağılmasından və Azərbaycan müstəqil respublika olduqdan sonra ölkəmizin tarixinə yeni baxışlar sistemi formalaşıb. Nəticədə bu istiqamətdə yeni araşdırmalar, tədqiqatlar, kitablar ortalığa qoyulub.

“Məlum olub ki, Azərbaycan xalqının tarixi 70 il ərzində bütövlükdə təhrif edilib. Bu baxımdan Azərbaycan mühacirət tarixinin yaranma səbəblərinin və milli istiqlalımız uğrunda aparılan mübarizənin dərindən öyrənilməsi olduqca zəruridir. Çünki mühacirət irsinin sistemli şəkildə öyrənilməsi uzun illər sovet ideologiyasının təsiri altında formalaşmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır. Xüsusi qeyd olunmalıdır ki, mühacirət tariximiz hər cür ideoloji təsirdən uzaq olub və faktları obyektiv işıqlandırıb.

Problemləri doğru olaraq ictimai fikrə çatdırıb. Türkiyənin, Almaniyanın, Polşanın arxivlərində saxlanan Azərbaycan mühacirət irsi, mətbuat və milli Azərbaycan nəşriyyatı nümunələri bu sahənin aktuallığı ilə bağlı daha yeni fikri və tendensiyanı formalaşdırır.

Mühacirət mətbuatının həm tədqiqi, həm də tədrisində iki məsələyə xüsusi nəzər yetirilməlidir. Birincisi, bütün müəlliflər istisnasız olaraq 1923-cü ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Səid Əfəndinin redaktorluğu ilə çıxan "Yeni Qafqasya”nı ilk mühacir qəzet hesab edirlər. Böyük qələm sahibi, ömrünün sonuna qədər Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparan azadlıq aşiqi Mirzə Bala Məmmədzadənin 1937-ci ildə qələmə aldığı "Milli Azərbaycan Hərəkatı” adlı əsərindəki "Yeni Qafqasya” yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə sayılırdı. Azərbaycanın milli hərəkatında misilsiz xidmətləri olan Mirzə Bala Məmmədzadənin zəngin və dərin irsinə məhəbbət və hörmətimizi bildirməklə yanaşı, zənnimizcə, mühacirət mətbuatı tarixinin dəqiq və qərəzsiz tədqiqi ilə onun tövsiyəsinə də əməl etmiş olarıq. Həmin dövrə nəzər salsaq görərik ki, mühacirət mətbuatının əsas diqqət yetirdiyi məsələlərdən biri xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların problemlərini üzə çıxarmaq, onları işıqlandırmaq idi. Həmçinin mühacirət mətbuatı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların birlik və bərabərliyinə çağırış edən materiallarla da çıxış edirdi.

Cəlil Məmmədquluzadənin 1921-ci ildə qədim Azərbaycan şəhəri Təbrizdə nəşrini davam etdirdiyi "Molla Nəsrəddin” jurnalı da mühacir nəşr hesab edilə bilər. Çünki həmin illərdə o, bir dövlətdən başqa bir dövlətin ərazisinə köçmüşdü. Hələ sağlığında "bütün türk dünyasının mücahidi” adını qazanmış görkəmli ideoloq, publisist, tənqidçi, şair, filosof Əli bəy Hüseynzadənin yaradıcılığında mühacirət jurnalistikası nümunələri xüsusi mərhələni təşkil edir. Hələ 1904-cü ildə Misirdə çıxan "Türk” qəzetində türk birliyi, hətta panturanizm ideyasını ortaya atan Əli bəy Hüseynzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, onun ideoloji kursunun müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan mühacirət jurnalistikası tarixində böyük şərqşünas-alim, publisist, tənqidçi, ideoloq və görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun xüsusi çəkisi və yeri var.

Millətinə və dövlətə xidmət göstərmək istəyən hər bir kəs, xüsusilə qələm sahibləri üçün ideal bir nümunə səviyyəsinə yüksələn Əhməd bəy Ağaoğlu hələ Fransada təhsil aldığı 1885-1894-cü illərdə Parisdə çıxarılan "Nouvel Revyü” kimi tanınmış mətbu orqanında qələmini sınayıb. Əhməd bəy Ağaoğlu da digər mütəfəkkirlər kimi istər Türkiyədə, istər Fransada, istərsə də digər ölkələrdə yaşadığı mühacir həyatı dövründə həmin ölkələrdə yaşayan soydaşlarımızla mütəmadi olaraq görüşüb. Onların birlik və bərabərliyi üçün çağırışlar edib, məqalələr yazıb. Sonralar Vətənə dönən Əhməd bəy Ağaoğlu "Kaspi” qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayıb və bir müddət həmin mətbu orqanın redaktoru vəzifəsində çalışıb. Əhməd bəy Ağaoğlunun Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri 1905-ci ildə onun erməni millətçiliyi, erməni vəhşiliyinə, "Daşnaksütyun” Partiyasına "dur” deməyi bacaran "Difai”ni yaratması olub. 1908-ci ildə Bakı Filarmoniyasında ona qarşı edilən hörmətsizlikdən sonra Əhməd bəy Ağaoğlu Türkiyəyə gedib. O, Bakıda başladığı jurnalistlik fəaliyyətini İstanbul şəhərində daha geniş vüsət və çoşqunluqla davam etdirib. Həmin dövrdə Əhməd bəy Ağaoğlu Azərbaycan mühacirət jurnalistikasının ən parlaq nümunələrini yaradıb.

Bütün həyatı fırtınalar içərisində keçən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə yardım üçün Bakıya gələn Qafqaz İslam Ordusu tərkibində müşavir kimi Vətənə qayıdıb. O, müstəqil dövlət quruculuğunda fəal iştirak edib, Azərbaycan parlamentinə üzv seçilib. 1919-cu ildə isə Əhməd bəy Ağaoğlu Paris sülh konfransına yollanan nümayəndə heyətinin tərkibinə daxil olub. Lakin bu səfər baş tutmayıb. Çünki İstanbulda ingilislər Əhməd bəy Ağaoğlunu həbs ediblər. O, ermənilərə qarşı "soyqırımda” təqsirli bilinərək keçmiş İttihad və Tərəqqi Partiyasının liderləri ilə birlikdə Malta adasına sürgünə göndərilib. 1921-ci ilin may ayında isə iki illik sürgün həyatına son qoyulub. Daha sonra Anadoluya, Milli Qurtuluş Hərəkatının rəhbəri Mustafa Kamal Paşanın yanına gəlib. 1923-cü ildən Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığında yeni bir mərhələ başlayıb. 1939-cu il, ömrünün sonuna qədər Əhməd bəy Ağaoğlu əməli, ağlı, zəkası və qələmi ilə həmişə sadiq qaldığı mərama xidmət edib.

Azərbaycanın mühacirət jurnalistikasının parlaq simalarından biri də Məhəmməd Əmin Rəsulzadədir. Gənc yaşlarından Bakıda siyasi fəaliyyətə başlayan Məhəmməd Əmin Rəsulzadə 1908-1911-ci illərdə Tehranda, 1911-1913-cü illərdə İstanbulda sözügedən sahəyə uyğun fəaliyyət göstərib. İranda Məşrutə İnqilabından sonra Məhəmməd Əmin Rəsulzadə bu ölkədə "Yeni İran” qəzetinin nəşrinə başlayıb. Lakin çox keçmədən İran irticası Məhəmməd Əmin Rəsulzadəni bu ölkədən İstanbula köçmək məcburiyyətində qoyub. O, Türkiyədə gənc millətçilərin birləşdiyi "İttihad və Tərəqqi” Partiyası ilə əlaqə saxlayıb və bu qurumla yaxından əməkdaşlıq edib. Paralel olaraq Məhəmməd Əmin Rəsulzadə "Türk Ocağı”na daxil olub və 1911-ci ildən nəşrə başlayan "Türk Yurdu” jurnalında məqalələr dərc etdirib. Onun "İran türkləri”, "İran tarixçeyi-inqilabi” silsilə məqalələri böyük əks-səda doğurub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan bir müddət sonra İstanbulda məskunlaşan Məhəmməd Əmin Rəsulzadə əvvəlcə "Qafqasya”, sonra isə "Azəri-türk”, "Odlu Yurd”, "Bildiriş” kimi milli nəşrlərin işıq üzü görməsinə nail olub. Həmin qəzet və jurnallarla yanaşı, Məhəmməd Əmin Rəsulzadə Türkiyə, Fransa və Almaniyada çıxan digər nəşrlərlə də əlaqə saxlayıb, əməkdaşlıq edib. Azərbaycanın istiqlal mücadiləsi tarixində ilk istiqlal şairi isə Məhəmməd Hadi hesab edilir. Məhəmməd Hadi 1910-cu ildə Türkiyənin İstanbul şəhərinə gələrək burada çox sevdiyi mühitə qovuşur. O, İstanbulda qəzet və jurnallara məqalələr yazırdı.

Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə tarixində böyük rol oynamış şəxslərdən biri də istedadlı yazıçı-publisist, tərcüməçi, tədqiqatçı, redaktor Ceyhun Hacıbəyli olub. O, bütün gücü ilə kommunizmin iç üzünü dünyaya açıb, güclü qələmi ilə bir çox dillərdə müqəddəs davanı dünyaya bəyan edib. Hələ tələbə olanda Parisin nüfuzlu qəzetlərinə məqalələr yazıb, tədricən jurnalist kimi püxtələşib. Tale Ceyhun Hacıbəyliyə sonuncu mühacirətdən əvvəl də Parisdə yaşamağı qismət edib. Həmin dövrdə Ceyhun Hacıbəyli öz qələmini yerə qoymayıb. Ceyhun Hacıbəyli bütün dünyada məşhur olan "La Revue de Doux Mondes” jurnalının uzun illər əməkdaşı kimi çalışıb. Ceyhun Hacıbəylinin zəngin irsində onun mühacirət jurnalistikasına aid olan materialları mühüm yer tutub. Ceyhun Hacıbəylinin vəfatı ilə bağlı verilən xəbərdə deyilirdi: "Ceyhun bəy əziz Vətəninin və xalqının qurtuluş mübarizəsinə liderlik edənlərdən biri olub. Eyni zamanda istedadlı bir publisist olan Ceyhun Hacıbəyli istilaya uğrayan Vətəninin haqq və hüquq davasını bütün dünya ictimaiyyəti qarşısında layiqli müdafiə edib””.