XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 11:24

Fransalı reportyor Azərbaycan XİN-ə müraciət edib –Səbəb + Açıqlama

Fransadan olan sərbəst reportyor Roman Myelkarek (Romain Mielcarek) Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini vurğulayıb.

"O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasını təqdim edib.

Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq, onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb", – deyə H. Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, Roman Myelkarek 3-7 mart 2017-ci il tarixində Azərbaycanda olub, cəbhə bölgəsinə səfər edib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.

"Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir", – deyə XİN sözçüsü bildirib.

APA